BolgeXeber.Com » Xəbərlər » “Modern” hospitalın Təcili Yardım xidmətində “kəllə çarx” qiymətlər - ŞİKAYƏT VAR

“Modern” hospitalın Təcili Yardım xidmətində “kəllə çarx” qiymətlər - ŞİKAYƏT VAR

2-03-2015, 09:49
Oxunub: 4 940 “Modern” hospitalın Təcili Yardım xidmətində  “kəllə çarx” qiymətlər - ŞİKAYƏT VARHamıya məlumdur ki, ölkəmizdə tibbi xidmətin keyfiyyəti, çox aşağıdır. Təəssüflə qeyd etməliyik ki, özəl səhiyyə müəssisələrində bütün tibbi xidmətlər pulludur, hətta lazım olmayan tibbi müayinələrə görə ödənişlər edilməlidir. Xəstəyə elə qiymət oxuyurlar ki, gəl-görəsən. Özəl tibb müəssisələrində bütün tibbi xidmətlərin yüksək olduğunu bilirdik. Amma Təcili Yardım xidmətinin 50-70 manat arasında dəyişdiyini isə bilmirdik. Bizə verilən məlumata görə, “Modern” Hospitalda Təcili Yardım xidmətinin qiyməti 50-70 manat arasında dəyişir. Qeyd edək ki, Səhiyyə nazirinin əmriylə isə bir neçə il əvvəl dövlət tibb müəssisələrində pullu xidmət ləğv olunub.

Qaldı ki,özəl müəssilərin bu qədər pul tətbiq etməsinə, bu həqiqətən də xoşagəlməz haldır. Çünki bu gün əhalinin yarıdan çoxu yoxsul olduğu üçün xəstələrin bu qədər ödəniş etməyə imkanının olmaması gün kimi aydındır. Təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərilməlidir. Hansısa xəstə bu ödənişi edə bilmirsə, bu o demək deyil ki, xəstə ölməlidir. Elə hallar olur ki, gecənin bir vaxtı xəstənin halı pisləşir. Və xəstənin yaxınları onlara yaxın ərazidə yerləşən özəl klinikaların Təcili Yardım xidmətindən yararlanmağa çalışırlar. Yəni, belə hallarda özəllər nəinki xəstələri qəbul etməməlidir, əksinə onun vəzifə borcu pulsuz tibbi xidmət göstərməkdir. Ona görə də bu vəziyyətlərdə Cinayət Məcəlləsinin 131-ci maddəsi tətbiq edilməlidir. Həmin maddədə deyilir ki, üzrsüz səbəbdən xəstəyə yardım etməməyə görə tibb işçisi hüquqi məsuliyyət daşıyır. Yəni, əgər xəstənin vəziyyəti ağırlaşarsa, həkimə 2-4 il, xəstə ölərsə 6 il azadlıqdan məhrumetmə cəzası düşür. Özəl klinikalar bu cür qiymətləri tətbiq edərkən əhalinin sosial durumunu niyə nəzərə almırlar?

Yenə də “Özəl tibbi fəaliyyət haqqında” Qanunun 10-cü maddəsində deyilir, özəl tibbi müəssələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş bilavasitə xəstələrlə bağlanmış müqavilələr, pasiyentin (yəni xəstənin) xeyrinə vətəndaşlarla müqavilələr əsasında həyata keçirilir və tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir.

Buradan aydın olur ki, heç bir özəl tibbi müəssisə özbaşına qiymət müəyyən edə bilməz. Eyni zamanda həmin yerlərdə asılan bütün qiymət cədvəlləri qeyri- qanunudir, xəstələri kütləvi surətdə maddi ziyana salmaqla “Özəllərin qanunsuz kommersiya maraqlarına” xidmət edir. Əslində isə, korrupsiya faktıdır.

Hesab edirik ki, MM və hökumət “özəllərdə” əhalinin sosial vəziyyəti və sağlamlığın qorunması prinsiplərinə uyğun qiymətlərin tənzimlənməsi haqqında normativ sənədlər qəbul etməlidir. Mütəxəssislər qeyd edir ki, analoji hallar əksər özəl tibbi müəssələrdə baş verməkdədir. Buna görə də Səhiyyə Nazirliyi həm bu haqda, həm də konkret olaraq “Modern” Hospitala mövcud qanunsuzluqları aradan qaldırmağa yönəlik ciddi addımlar atmalıdır.
gundelik-baku.com