BolgeXeber.Com » Bölgə » Eldar Əzizovun Sumqayıtında problem bitmir - Narazılıq var

Eldar Əzizovun Sumqayıtında problem bitmir - Narazılıq var

2-03-2015, 09:54
Oxunub: 2 692 Eldar Əzizovun Sumqayıtında problem bitmir - Narazılıq varSumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov özünün yeni-yeni "ixtira"ları ilə daim mətbuatın diqqət mərkəzində olub. Çünki onun tətbiq etdiyi qaydalar əksər hallarda sumqayıtlıların maraqlarına cavab verməməklə yanaşı, şəhər əhalisi üçün əlavə problemlər yaradır. Məsələn, bir müddət öncə icra başçısı Sumqayıtın mərkəzi küçələrində yol kənarında olan binaların pəncərələrinin ağ rəngdə olması barədə tapşırıq verib. Bu barədə redaksiyamıza şikayətlənən şəhər sakinlərinin sözlərinə görə, Eldar Əzizovun göstərişinə əsasən yol kənarında olan binalarda rəngli pəncərələr sökülərək ağ rəngli pəncərələrlə əvəz ediləcək: "İcra başçısının tapşırığına görə, fərqli rəngdə olan pəncərələr mütləq şəkildə dəyişdirilməlidir. Hələ bu azmış kimi, bina sakinlərinə pəncərələri öz hesablarına dəyişdirilməsi tapşırılıb. Bu işə nəzarət isə icra başçısının sağ əli hesab sayılan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyevə tapşırılıb.

Artıq hər Mənzil İstismar Sahəsi öz ərazisində sakinlərə məsələ ilə bağlı xəbərdarlıq edib". Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyevə ötən ilin məhz Eldar Əzizovun təqdimatı əsasında "əməkdar mühəndis" adının verildiyini vurğulayan məlumatlı şəxs iddia edir ki, o, bu ada layiq heç bir iş görməyib: "Bu gün Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin balansında olan binaların demək olar ki, hamısının zirzəmisi qurunt suları ilə doludur. Belə ki, şəhər ərazisində mövcud olan 650-yə qədər sulu zirzəmidə son illər ərzində heç bir iş görülməyib. Yəni problem olduğu kimi qalmaqdadır. Binaların damına gəlincə, oradan da su damır. Bu səbəbdən də hər il payız və qış fəslində Sumqayıt camaatı olmazın əzab-əziyyət çəkir. Halbuki Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamenti zirzəmilərdəki qurunt sularını xüsusi nasoslarla çəkməli, binaların damını təmir etməlidir. Lakin Abid Əliyevin başı tamam başqa məsələlərə qarışdığından öz işini unudub. Bundan başqa, Sumqayıt şəhərinin bir çox küçələrində, məhəllədaxili yollarda heç bir əsaslı təmir işləri görülməyib. Buna görə də şəhərdə bərbad və keçilməsi mümkün olmayan yolların sayı kifayət qədərdir. Əsasən də şəhər qəbiristanlığına gedən yol acınacaqlı durumdadır. Sakinlər dünyasını dəyişən əzizlərinin məzarını ziyarət etmək üçün qəbiristanlığın yollarını gedib gələnə kimi çətinlik çəkdiklərini deyirlər. Yolların yarısı çala-çuxurdur. Yağış yağanda çalalar su ilə dolur. Nəticədə kiçik gölməçələr yaranır. Maşınla belə yoldan keçmək mümkün olmur. Belə olan halda çox zaman yolun yarısını piyada getmək məcburiyyətində qalıdıqlarını bildirirlər. Bir sözlə, bu gün Sumqayıtda yolların, binaların zirzəmilərinin və damların hansı vəziyyətdə olması göz qabağındadır. Belə olan halda Eldar Əzizov hansı əsasla Abid Əliyevə "əməkdar mühəndis" adının verilməsi üçün təqdimat yazıb?.."

Bu arada, qeyd edək ki, Sumqayıt şəhər sakini, Qarabağ müharibəsi veteranı Mübariz Ağaməmmədov da icra başçısı Eldar Əzizovun əməllərindən, onun nöqsanlı fəaliyyətindən şikayətçidir. Belə ki, "1994-cü ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti Qarabağ Veteranları Birliyinə Sumqayıt şəhər 1 saylı çörək zavoduna yaxın ərazidə 100 kv.m. sahəsi olan torpaq ayırıb. Qarabağ Veteranları Birliyinin İdarə Heyəti və Sədrlər Şurasının razılığına əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova həmin torpaq sahəsinin mənim adıma özəlləşdirilməsinə dair məktub göndərilib" deyən Mübariz Ağaməmmədov iddia edir ki, icra başçısına çoxsaylı müraciətlərinə baxmayaraq, həmin torpaq sahəsini rəsmiləşdirə bilmir. Qarabağ müharibəsi veteranı Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şəhər Memarlıq İdarəsi və yerli bələdiyyə tərəfindən süründürməçiliyə məruz qaldığını bildirib: "Qəbula yazılsam da, başçı məni qəbul etmir. Problemimlə bağlı uzun yazışmalardan sonra başçı Sumqayıt Şəhər Memarlıq İdarəsinə göstəriş verdi. Ancaq məsələ yenə həllini tapmadı. Bu ölkədə bəziləri özündən yuxarının tapşırığını yerinə yetirmir". Şikayətçi qeyd edib ki, süründürməçilikdən bezərək Prezident Administrasiyasına üz tutub: "Söz verdilər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinə tapşırıq verəcəklər. Hətta Prezident Administrasiyasından Sumqayıt Şəhər İcra Hakimiyyətinə problemin həllilə bağlı tapşırıq da verildi. Həmin məktubun bir surəti də mənə göndərilib. Buna baxmayaraq, Qarabağ Veteranları Birliyi tərəfindən mənim adıma verilmiş torpaq sahəsi hələ də adıma rəsmiləşdirilməmiş qalır". Mübariz Ağaməmmədovun sözlərinə görə, səngər həyatı səhhətində dərin izlər buraxıb. Uzun illərdir can ağrıları ona rahatlıq vermir: "Bu yaxınlarda həkim müayinəsindən keçəndə məndə xroniki böyrək xəstəliyi də aşkar edildi. Bir böyrəyim funksiyasını itirmək üzrədir. İmkansızlıqdan müalicə oluna bilmirəm. Maddi vəziyyətimlə əlaqədar üz tutacaq kimsəm yoxdur. İşsizəm, 2 övladım və ailəmlə birgə valideyn himayəsində yaşayıram. Həmin torpaq sahəsini sənədləşdirə bilsəm, maddi vəziyyətimi yoluna qoyaram. 3 il Qarabağ döyüşlərində olmuşam, döyüşdə yaralanıb ömürlük əlilə çevrilmişəm. Ağlıma da gətirməzdim ki, məmurlar mənə qarşı belə laqeyd olsun. Qeyd edim ki, Sumqayıt Qarabağ Veteranları Birliyinə ayrılmış sahə tam sərbəst torpaqdır. Həmin sahəni satmaq üçün əllərində saxlayıblarsa, bu, başqa söhbətdir. Bələdiyyə səlahiyyətsiz bir qurum olduğundan onun funksiyasını icra hakimiyyəti ələ keçirib. Ona görə də, məsələ bələdiyyədə yox, icra hakimiyyətində həll olunmalıdır".

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.