BolgeXeber.Com » Ölkə » Kontakt Mağazalar Şəbəkəsi müştərilərinə ikiqat zərbə vurdu

Kontakt Mağazalar Şəbəkəsi müştərilərinə ikiqat zərbə vurdu

2-03-2015, 10:20
Oxunub: 6 007 Kontakt Mağazalar Şəbəkəsi müştərilərinə ikiqat zərbə vurduMəişət avadanlıqlarını dollarla kredit götürənlər qan ağlayır

Manatın ucuzlaşması ilə ölkədə sənaye və məişət avadanlıqları kəskin bahalaşıb. Bunu müşahidələrimizə əsasən deyə bilərik. Satış mərkəzlərində qiymət artımı açıq-aşkar hiss olunur və mallalların üzərində də artıq yeni qiymətlər var. Məsələn, Kontakt Mağazalar Şəbəkəsində satılan mallarda qiymət artımı əməlli-başlı müşahidə olunmaqdadır.

Belə ki, əvvəllər də bu mağazada satılan mallar həddən artıq baha olub. İndi isə manatın ucuzlaşmasından sonra qiymət artımı kəllə-çarxa qalxıb. Bizə verilən məlumata görə, Kontakt Mağazalar Şəbəkəsi son bir neçə aydır ki, malları istehlakçılara dollar məzənnəsi ilə kreditə satırmış. Ona görə də son günlər Kontakt Mağazalar Şəbəkəsində müştərilər mağazada narazılıqlarını bildirirlər. Lakin onların narazılığına əhəmiyyət verən yoxdur: “Mən bir neçə məhsulu buradan kreditlə götürmüşəm. Əvvəllər kredit manatla həyata keçirdi. Son bir neçə ayda kredit dollarla həyata keçir. İndi mağazaya şikayətimizi bildiririk. Amma bizi dinləyən yoxdur. Mən kreditlə bir neçə məhsul almışam. İndi hər məhsulda artıq ödəniş etməliyəm. Belə çıxır ki, bütün maaşımı mağazaya ödəməliyəm. Bəs mən indi ailəmi necə dolandırım. Bunu düşünən yoxdur. Buradan aidiyyəti qurumlara səslənirəm ki, məişət avadanlıqları satan mağazalarda da monitorinqlər aparsınlar”.

Bundan başqa “Çil-Çıraq” Lüstr Şirkətinin satış mərkəzlərinin birində çil-çırağın qiymətləri təqribən 30-40 faiz bahalaşıb. Belə ki, mətbəx üçün ən ucuz lüstrün qiyməti iki gün öncə 37 manat idisə, hazırda 51 manat 80 qəpiyə satılır. Digər malların etiket qiymətində də 10-15 manat civarında bahalaşma var.

Elektrik cihazlarının satışı ilə məşğul olan ticarət mərkəzlərində də qiymətlər qalxıb. Tutaq ki, Çin istehsalı olan uzadıcı-kabellərin metrəsi 1 manat idisə, hazırda 1.50 qəpiyə satılır.

Məsələ burasındadır ki, manatın məzənnəsinin aşağı düşməsindən öncə ölkəyə gətirilən mallar yüksək qiymətə satılmalı deyil. Qiymət artımını bundan sonra gətirilən məhsullara tətbiq etmək lazımdır. Hazırda dövlət qurumları inzibati metodlarla bu bahalaşmanın qarşısını almağa çalışsalar da, buna nail ola bilmirlər. Xaricdən idxal edilən məhsulların bahalaşmasını əsaslandıran bir sıra amillər var ki, onlardan ən önəmlisi süni şəkildə yaradılan maneələrdir. Sahibkarlar nəinki xaricdən gətirilən, eləcə də ölkəmizdə istehsal olunan mallara süni qiymət tətbiq edirlər. Xüsusilə isə bahalaşma ölkəyə gətirilən məhsullarda baş verir. Bunun qarşısının alınması üçün idxalın liberallaşdırılması, sadələşdirilməsi həyata keçirilməli, idxal prosesindəki süni maneələr, eyni zamanda qeyri-rəsmi ödənişlər aradan qaldırılmalı və ləğv edilməlidir.

Ekspertlər isə hesab edir ki, bu, birmənalı şəkildə imkan verəcək ki, Azərbaycana xaricdən məhsul gətirən iş adamının xərci azalsın. Nəticədə isə satılan mal və məhsullarda süni artım olmayacaq. Ölkəyə gətirilən məhsullarda qiymət artımı xərclərin artmasına görə baş verir. Əgər Azərbaycana məhsul idxal edilən zaman sözügedən süni baryerlər, bütövlükdə qeyri-rəsmi ödənişlər ləğv edilərək aradan qaldırılarsa, insanlar o qədər də bahalaşmadan əziyyət çəkməyəcəklər. Bu da imkan verəcək ki, ölkəyə mal gətirən sahibkarın daha az xərci çıxsın. Xərcin azalması isə o deməkdir ki, sahibkar gətirdiyi məhsulu daha baha qiymətə təklif etməyəcək. Qeyri-rəsmi ödənişlərin aradan qaldırılması və idxalın liberallaşdırılması birmənalı şəkildə ölkədə qiymət artımının qarşısını ala bilər.

gundelik-baku.com