BolgeXeber.Com » Ölkə » Cahangir Əsgərov niyə kasıblayıb? - "Azal" şefi maliyyə problemi yaşayır

Cahangir Əsgərov niyə kasıblayıb? - "Azal" şefi maliyyə problemi yaşayır

7-03-2015, 11:08
Oxunub: 6 160 Cahangir Əsgərov niyə kasıblayıb? - "Azal" şefi maliyyə problemi yaşayır"Azərbaycan Hava Yolları" QSC (AZAL) işçilərinə 2 aydır əməkhaqqı verə bilmir

Bizimxeber.az-a daxil olan məlumata görə, AZAL-ın "Azəraeronaviqasiya" və Mühafizə Xidmətinin əməkdaşları artıq iki aydan çoxdur ki, məvacib ala bilmirlər.
Bildirilir ki, sonuncu dəfə əməkhaqqı 2014-cü ilin dekabr ayında verilib.
Məlumat üçün bildirək ki, "Azəraeronaviqasiya" AZAL-ın ən gəlirli şöbələrindən hesab olunur.
"Unikal" xatırladır ki, "Azəraeronaviqasiya" və Mühafizə Xidmətinin əməkdaşlarının maaşsız qalması ilə bağlı xəbərlər ilk dəfə dörd ay əvvəl yayılıb. Həmin vaxt - daha da dəqiqləşdirsək, noyabr ayında KİV yazırdı ki, sonuncu dəfə sentyabr ayının məvacibi oktyabrın ortasında verilib və o vaxtdan maaş ala bilmirlər. Müqaviləyə görə isə onlara hər ayın 15-dən gec olmayaraq məvacib verilməlidir. Amma əməkdaşlara bildiriblər ki, məvacib dekabrdan tez olmayacaq. Bununla belə, göründüyü kimi, artıq mart ayı olmasına baxmayaraq, amma sözügedən QSC-də maaş böhranı hələ də davam edir.
"Unikal" qeyd etməyi lazım bilir ki, son vaxtlar Cahangir Əsgərovun rəhbəri olduğu QSC ilə bağlı buna bənzər xəbərlərin artdığı müşahidə olunur.
Hələ ötən ilin yazında Əsgərovun himayədarı olduğu AZAL futbol klubunun ölkə çempionatındakı uğursuzluğunun əsas səbəblərindən birinin maliyyə baxımından sıxıntılar olduğu ortaya çıxmışdı. O vaxt bildirilirdi ki, komanda üzvləri 3 aydır maaş üzünə həsrətdirlər.
Sonradan klubda maliyyə problemləri yoluna qoyulsa da, bu yaxınlarda Cahangir Əsgərov Klubun büdcəsini əhəmiyyətli şəkildə azaltdığı bildirilirdi. Bu da AZAL prezidentinin müəyyən maliyyə sıxıntıları yaşaması ilə izah olunur.
Deməyə ehtiyac yoxdur ki, C.Əsgərov ən imkanlı məmurlardan biridir. 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin baş direktoru olan C.Əsgərovun ölkə daxilində və xaricində geniş biznesi var. Ötən ilin sonlarında ölk mətbuatı yazırdı ki, AZAL prezidenti Batumi akvaparkının yaxınlığında yerləşən, sahəsi 21 min kvadratmetr olan "Gazelli Hotel" tikdirir.Qeyd edilirdi ki, hotelin tikintisi tamamlanmaq üzrədir və 2015-ci ildə istifadəyə veriləcək. İlin ilk üç ayı arxada qalsa da, həmin hotelin fəaliyyətə başlayıb-başlamadığı bəlli deyil.
Sadəcə, görünən odur ki, Cahangir Əsgərov son vaxtlar maliyyə problemləri ilə tez-tez rastlaşır. Bəziləri bunu onun iqtidar daxilində mövqelərinin zəifləməsi ilə izah edirlər.
BOLGEXEBER.COM