BolgeXeber.Com » Ölkə » Bu gün yel çərşənbəsidir

Bu gün yel çərşənbəsidir

10-03-2015, 10:07
Oxunub: 5 297 Bu gün yel çərşənbəsidirBu gün ilaxır çərşənbələrdən üçüncüsü - yel çərşənbəsidir

BOLGEXEBER.COM-un məlumatına görə, xalq arasında bu çərşənbəyə Yel çərşənbəsi, Yelli çərşənbə, Küləkli çərşənbə, Hava çərşənbəsi, Külək oyadan çərşənbə deyirlər. Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində adətən hava təmizlənir.

Tədqiqatlara görə, Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir. Bu çərşənbə axşamında sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.

Yel çərşənbəsi ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri var. Məsələn, ”Yel əsib qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə”.

İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu müqəddəs axşamlarda əllərimizi ulu Tanrıya uzadıb ona dua edək. Çərşənbəniz mübarək!