BolgeXeber.Com » Sosial » Bazar-dükanlarda gizli bahalaşma gedir

Bazar-dükanlarda gizli bahalaşma gedir

12-03-2015, 10:46
Oxunub: 4 033 Bazar-dükanlarda gizli bahalaşma gedirManatın ucuzlaşmasından sonra xaricdən gətirilən məhsulların, ondan az sonra isə yerli məhsulların qiyməti qalxdı

Aidiyyəti qurumlar bunun qarşısını almağa çalışsalar da, bahalaşma davam edir.Çörəklərin, şirniyyatların qiymətinin artması ilə yanaşı çəkisi də azalıb. Əvvəllər 30 qəpiyə satılan qoğal böyük olurdusa, indi həmin qoğal 50 qəpiyə satılır, çəkisi isə azalıb. Redaksiyamıza daxil olan məlumatlara görə, çörəyin çəkisində də əskiklik var.

Bazarlardakı qiymətlər isə əl yandırır. Baş çəkdiyimiz “Yaşıl bazar”da bir həftə öncəki qiymətlərin daha da qalxdığını müşahidə etdik. Belə ki, bir həftə əvvəl 80 qəpik -1 manata satılan kartof indi 1 manat 20 qəpik - 1 manat 30 qəpiyə satılırdı. 2 manata satılan pomidor 2 manat 50 qəpik 2 manat 80 qəpiyə, bir həftə öncəyədək kilosu 80 qəpiyə qədər bahalaşan kələm isə indi daha da bahalaşaraq 1 manata satılırdı. Xiyar 2 manat 30 qəpik, badımcan 2 manat 50 qəpik, bibərin bir kiloqramı 5 manat, soğan 80-90 qəpik, göyərti 20-25 qəpik, banan 2 manat 80 qəpik, portağal, mandarin 2 manat 50 qəpik, alma 80 qəpik - 2 manat arasında satılırdı.

Bazardakı bahalıq alıcılıq qabiliyyətinə də ciddi təsir göstərir. Satıcılar alıcıların azlığından şikayətlənirlər. Bazarda tikinti işləri getdiyindən, satıcılar öz yerlərindən, yəni bazarın bir başından o biri başına getdikləri üçün də müştəri itirdiklərini bildirirdilər.

Kartof-soğan satıcısı Akif Nuriyev alıcıların az olduğunu və əvvəlki kimi qazana bilmədiyini dedi: “Alıcı demək olar ki, yox dərəcəsindədir. Əvvəllər kartofu, soğanı kisələrlə alan alıcı indi hərəsindən 1 kiloqram almaqla kifayətlənir. Bazarın da içində düzəlişlər edirlər deyə, müvəqqəti gəlmişəm, qapı tərəfdə satıram. Hər satıcının özünün daimi alıcısı olur. İndi o alıcılar da gəlib bizi tapa bilmir. Mən kartofu İrandan gətirirəm. Ona görə də baha satıram”.
Kələm satıcısı Ənvər Quliyev isə kələmi baha satmasının səbəbini tam olaraq açıqlaya bilmədi: “Mən də bu kələmləri kimdənsə alıb gətirib satıram. O adam mənə baha verdiyi üçün mən də məcburam ki, üstünə 5-10 qəpik qoyub baha satım”.

Alıcılar da artıq bahalaşmadan təngə gəldiklərini bildirirdilər. Hansı alıcıya yaxınlaşdıqsa etiraz bildirdi. Alıcı Afaq Haqverdiyeva Novruz bazarlığına gəldiyini, ancaq bu bahalıqda heç nə ala bilmədiyini dedi: “Şəkərbura-paxlava bişirəcəyəm, gəlmişəm ki, indidən qoz-fındıq alım. O da heç qoz-fındığa yaxın düşmək olmur. Qiymətləri od tutub yanır. Görəsən, bu camaatı da düşünən olacaq?”

Söhbətə qatılan digər alıcı İsmayıl Abbasov da kəskin etirazını bildirdi: “Nə bayram? Bu bahalaşmada hansı bayramdan söhbət gedə bilər? Gündəlik yeməyimizi ancaq ala bilirdik. Bahalaşmadan sonra çox şeydən özümüzü məhrum etmişik. Günə iki paket siqaret çəkirəm. O da od qiymətinə. Nə edim, yaşlı adamam. Çəkməyəndə əsəbiləşirəm. Bilmirəm siqaretə pul verim, ya ərzağa”.

Mağazalarda da eyni vəziyyət idi. Bahalıq, özlərinə haqq qazandıran satıcılar və narazı alıcılar... Satıcılar yerli məhsulların firmalar tərəfindən baha gətirildiyini deyirdilər.
Qeyd edək ki, bugünlərdə “Azərsun Holdinq” də qiymətləri artıracağı ilə ağlı açıqlama verib. Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Goozal manatın devalvasiyasına və bu hadisənin biznes sektoruna təsiri barədə fikirlərini açıqlayıb. Goozal bildirib: “34 faiz devalvasiya az deyil. Acını hər kəs hiss etdi. Hazırda biz də bu acını çəkirik.

Təməl qida məhsullarının istehsalı üzrə ”Azərsun" xaricdən orta hesabla 50 faiz asılıdır. Bu bəzi məhsullarda 60 faiz, bəzi məhsullarda isə 10 faizdir. Məsələn, duz kimi. Bunun yükünü biz və idxalçı firmalar çəkir. İnşallah, yavaş-yavaş düzələcək. Manatın 34 faiz ucuzlaşması yerli istehsal olan məhsullarda 100 faiz deyil, 50 faiz əks olunacaq. İdxal mallarının isə devalvasiyanın 100 faizi qədər, yəni 34 faiz bahalaşması qaçılmazdır".

Xatırladaq ki, marketlərdə zəruri ərzaq məhsullarının əksəriyyəti “Azərsun”un istehsalıdır. musavat.com