BolgeXeber.Com » Ölkə » Sumqayıt Tibb Kollecində “şirinliksiz” keçinmək mümkün deyil

Sumqayıt Tibb Kollecində “şirinliksiz” keçinmək mümkün deyil

16-03-2015, 11:38
Oxunub: 8 487 Sumqayıt Tibb Kollecində “şirinliksiz” keçinmək mümkün deyilRəfael Eyvazov Eldar Əzizovun adından istifadə edir

Direktor “bizdə neçə illərdir rüşvət deyilən şey yoxdur” deyir, amma real vəziyyət bunun tam əksini göstərir

Bəzi savadsız və işinə səhlənkar münasibət bəsləyən həkimlərin ucbatından ölkə ərazisində ölüm hallarının sayında artım müşahidə olunmaqdadır. Nə qədər təəssüfedici məqam olsa da, qeyd etmək lazımdır ki, bu gün dövlət və özəl səhiyyə ocaqlarında çalışan həkimlərin, eləcə də tibb bacılarının müəyyən hissəsinin kifayət qədər savadı yoxdur. Onlar nəyinsə müqabilində işə düzəliblər. Bunun acı nəticəsi göz qabağındadır. Həkimlərin savadsız olması isə tibb təhsili verən müəssisələrin yarıtmaz fəaliyyəti ilə bağlıdır.

Qəzetimizin son saylarında bu məsələyə xüsusi toxunmuşuq və Sumqayıt Tibb Kollecində cərəyan edən neqativ hadisələrlə bağlı ətraflı məlumat vermişik. Buna baxmayaraq, kollecin direktoru Rəfael Eyvazov qanunsuz əməllərindən əl çəkmir ki, çəkmir. O deputat olan qudasına, habelə yüksək rütbəli məmurlardan birinə güvəndiyindən ürəyi istədiyi hərəkətləri edir. Bu adam üçün qanun anlayışı sanki öz qüvvəsini itirib. Hörmətli Rəfael müəllim Sumqayıt Tibb Kollecinin dövlət müəssisəsi olduğunu deyəsən yaddan çıxarıb. Əgər kollec özəl təhsil ocağı olsaydı, o zaman Rəfael Eyvazovu başa düşmək olardı. Bir halda ki, burda çalışan müəllimlərin maaşını, tələbələrin təqaüdünü, təmir işləri üçün lazım olan vəsaitləri dövlət verir, direktorun törətdiyi xoşagəlməz işləri anlamaq çətindir. Sumqayıt Tibb Kollecində işləyən müəllimlərin də bir neçəsi direktorun fəaliyyətindən narazılıq edir. Onlar dəfələrlə müxtəlif qəzet və saytlara müraciət edərək kollec rəhbərinin həyata keçirdiyi özbaşınalıqlar haqqında danışıblar. Bir qrup müəllim direktorun özbaşınalığından bütün rəsmi instansiyalara şikayət etsələr də, Rəfael Eyvazovun barəsində heç bir ölçü götürülməyib. “Müəllim kollektivi neçə ildir ki, bu direktorla işləməyə məhkum edilib. Kollecin direktoru Rəfael Eyvazov vəzifəsinin nədən ibarət olduğunu yaddan çıxarıb”, deyə narazı müəllimlər vurğulayıb. Müəllimlərlə yanaşı, kollecdə təhsil alan tələbələr də direktorun törətdiyi əməllərdən boğaza yığılıblar: “Əksər təhsil müəssisələrində olduğu kimi, Sumqayıt Tibb Kollecində də “şirinliksiz” keçinmək mümkün deyil. Hər semestr 300-400 manat pulumuz çıxır. Özü də oxudun-oxumadın, fərqi yoxdur. Gərək pulunu verib qiymət yazdırasan. Kollecdə nəysə vermədən təhsil almaq qeyri-mümkündür. Bu səbəbdən də oxumağa elə də can atmırıq. Əgər imtahanlarda oxuyandan da, oxumayandan da pul alınırsa, özümüzü niyə əziyyətə salıb oxumalıyıq? Müəllimlər deyir ki, imtahan pulları bizlik deyil, pulların hamısı direktora çatır. Əslində, müəllimlərdə bir günah görmürük. Çünki müəllimlər icraçıdır. Yəni direktor tapşırıq verir ki, filan işi belə gör, müəllim də çörəyinin naminə direktorun dediyi işləri yerinə yetirir”. Qeyd edək ki, Rəfael Eyvazov onu ittiham edən müəllim və tələbələrin fikirlərinə cavab olaraq özünümüdafiə xarakteri daşıyan açıqlama verib: “Bizdə neçə illərdir rüşvət deyilən şey yoxdur. Cənab prezidentin neqativ hallara qarşı mübarizə aparmaqla bağlı son göstərişindən qabaq da bizdə rüşvət yox idi. Bu məlumatı verən müəllimlər vəzifədən çıxan müəllimlərdi. İndi guya məndən qisas almaq istəyirlər. Mən bilmirəm o sözü deyənlər hansı tələbələrdir. Yaxşı olar ki, o tələbələri otağa çağırın, soruşaq. Heç vaxt hansısa tələbə deyə bilməz ki, məndən bu kollecdə pul istənib. Prezidentin qərarından sonra mən hər şeyə ciddi nəzarət edirəm. Bir də ki, məvacibim mənə bəs edir. Rüşvət almağa ehtiyacım yoxdur. Mən həkim adamam, rüşvət almaq mənə yaraşmaz”. Sumqayıt Tibb Kollecinin direktoru bu tip açıqlamaları ilə özünü təmizə çıxarmağa çalışır. Lakin kollecdəki real durum və təhsilin səviyyəsi göz qabağındadır. Bizdə olan məlumatlara görə, 20 ilə yaxındır direktor işləyən Rəfael Eyvazov bu müddət ərzində çoxsaylı qanun pozuntularına imza atıb. Ki, bunun sayəsində Sumqayıtın ən varlı şəxslərindən birinə çevrilməyi bacarıb.

“Hər ilin sonunda kollecin mebelləri dəyişdirilir. Özü də bütün mebellər baha qiymətə qeydə alınır. Məqsəd büdcədə pul saxlamamaqdır. Yaxud direktor hər il cari təmir işləri, mal və avadanlıqların alınması adı altında Səhiyyə Nazirliyindən külli miqdarda vəsait alır. Buna baxmayaraq, heç bir iş görülmür. Kollecin maddi-texniki bazası, sinif otaqları bərbad vəziyyətdədir. Sənəd üzərində yüz minlərlə qiyməti olan mebellər alınsa da, kollecdəki mebellərin bir çoxu istifadə müddətini başa vurub”, deyə bizə verilən məlumatda qeyd olunur. Onu da bildirək ki, Sumqayıtda fəaliyyət göstərən səhiyyə ocaqlarında çalışan həkim və tibb bacıları üçün kollecdə hər ay təkmilləşdirmə kursları təşkil edilir. Məlumata görə, Rəfael Eyvazov təkmilləşdirmə kurslarından da böyük qazanc əldə edir və kursa gələn şəxslərdən nəysə umur: “Bu kursların ancaq adı var. Kursa gələnlər də, gəlməyənlər də Rəfael Eyvazoun “qəbulu”ndan keçməlidir. Əks təqdirdə, direktor kursu müvəffəqiyyətlə başa vurmaları barədə həmin şəxslərə sənəd vermir”. Eşitdiyimizə görə, direktor “Gündəlik Bakı”da dərc olunan məqalələrə “Əşşi nə yazırlar-yazsınlar da. Qudam sağ olsun, Eldar müəllim sağ olsun, neçə ki, onlar var məni burdan heç yerə tərpədə bilməzlər” deyə reaksiya verib. Rəfael müəllim, nə olsun ki, qudanız deputatdır, Sumqayıtın icra başçısı Eldar Əzizovla yaxın münasibətləriniz var, buna görə qanunları pozmalısınız? Bəs nə yaxşı Ələkrəm Hümbətovla əlaqələrinizdən danışmırsınız? Sonda səhiyyə naziri Oqtay Şirəliyevə demək istəyirik ki, adıçəkilən şəxs Sumqayıt Tibb Kollecini yaman günə qoyub. Onun vəzifədə qalması kollecdə təhsilin tamamilə məhv olmasına gətirib çıxara bilər. Odur ki, Rəfael Eyvazov barədə özünüz fikirləşin.

Qarşı tərəfin də fikirlərini işıqlandıra bilərik.

gundelik-baku.com