BolgeXeber.Com » Ölkə » Quba rayon səhiyyəsinin ağlamalı halı... - Narazılıq var

Quba rayon səhiyyəsinin ağlamalı halı... - Narazılıq var

16-03-2015, 11:57
Oxunub: 4 350 Quba rayon səhiyyəsinin ağlamalı halı... - Narazılıq varBaş həkim işçilərinə elə göstəriş verib ki, heç kim əlini cibinə salmayan pasiyentləri qəbul etmir

Sağlam bədəndə sağlam ruh olar deyirlər. Lakin çox təəssüflər olsun ki, bu gün barmaqla sayılacaq qədər adam taparıq ki, tam sağlam olsun. Elə bu səbəbdən də, hər kəsin əsəbləri gərgin olur. Sağlamlığımızın bərpası, qorunması üçün isə, savadlı, bilikli, məsuliyyətli səhiyyə işçiləri olmalıdır. Çox təəssüflər olsun ki, qeyd etdiyimiz kriteriyalarda bu gün səhiyyə işçisi tampaq olduqca çətin bir işə çevrilib. Əksər hallarda isə savadlı həkimlər ya xarici ölkələri tərcih edirlər, yaxud özəl xəstəxanaları. Belə olan təqdirdə isə, həmin həkimlərin qəbuluna düşmək müşkül məsələyə çevrilir. Çünki özəl xəstəxanalarda həkim qəbulu elə baha olur ki, hər kəsin cibinə uyğun olmur. Və yaxud da, xarici ölkəyə müayinəyə getmək. Ümumiyyətlə, bu gün səhiyyəmizdə kifayət qədər problemlər var ki, bu da haqlı olaraq vətəndaşların etirazı və şikayəti ilə nəticələnir. Zaman-zaman daxil olan şikayətlər buna əyani sübutdur.

Qeyd edək ki, nə qədər üzücü olsa da, daxil olan şikayətlər əsasən dövlət xəstəxanalarından, ələlxüsus da, bölgələrdən daxil olur. Məsələn, bu gün elə bir rayon yoxdur ki, həmin rayonun səhiyyəsindən hansısa şikayət daxil olmasın. Bu durum isə, bölgələrimizdə səhiyyəmizin daha acınacaqlı vəziyyətdə olmasını və həmin rayonlara nəzarətin gücləndirilməsinin vacibliyini göstərmiş olur. Lakin təəssüflər olsun ki, həmin bölgələrimizə nəzarət edilmir və bununla da, durum daha bərbad vəziyyət almış olur. Qeyd erdiyimiz kimi, daxil olan şikayətlər sırasında bölgələr daha üstünlük təşkil edir. Elə bu gün sizlərlə paylaşmaq istədiyimiz şikayət də, Quba rayonundan daxil olub. Belə ki, şikayət Quba rayon Mərkəzi Xəstəxanasındandır. Onu da diqqətinizə çatdıraq ki, daimi oxucularımız daha yaxşı bilər, artıq Quba rayon Mərkəzi Xəstəxanasından neçənci dəfədir ki, redaksiyamıza şikayətlər daxil olur. Ümumiyyətlə, elə mediaya diqqət yetirsək, görərik ki, Quba rayon Mərkəzi Xəstəxanası barədə kifayət qədər şikayətlər, faktlar var. İlk olaraq qeyd edək ki, sakinlər xəstəxananın durumundan olduqca narazıdırlar. Xəstəxanaya müraciət edən sakinlərə bildirilir ki, onlarda heç bir dərman preparatı yoxdur. Və həkimin yazdığı dərmanları özləri almalıdırlar. Hətta pambıq və spirti də. Halbuki, Quba rayon Mərkəzi Xəstəxanası dövlət hesabına maliyyələşir və orada xəstələrə göstərilən xidmət, müayinə də pulsuz olmalıdır. Amma yaşananlar tamamilə durumun əksini göstərmiş olur. Sakinlər iddia edirlər ki, dövlət tərəfdən xəstəxanaya hər cür şərait yaradılsa da, dərman preparatları ilə təmin edilsə də, xəstəxananın baş həkimi İsmayıl Mirzəliyev həmin dərmanları apteklərə verərək, vətəndaşlara satır. Bundan başqa, sözügedən səhiyyə ocağında bir otaqda bir neçə xəstənin yerləşdirildiyi palatalar da dəhşətli dərəcədədir. Xəstələrin həmin palatalarda yerləşdirilməsi üçün heç bir şərait olmadığı halda, onlar həmin palatalarda yerləşdirilirlər. Tibb bacıları isə özləri istədikləri vaxt gəlib palatalara xəstələrə baş çəkirlər. Və yaxud da, ümumiyyətlə, baş çəkmirlər. Necə deyərlər, xəstələr Allah umuduna buraxılırlar. Bir sözlə, xəstəxana dövlətdən maliyyələşdiyi halda, bura müraciət edən vətəndaşlardan nəsə umulur. Pulsuz səhiyyə xidməti burda keçərli deyil. Baş həkim işçilərinə elə göstəriş verib ki, heç kim əlini cibinə salmayan pasiyentləri qəbul etmir. Artıq qeyd etdiyimiz kimi, sözügedən xəstəxana barədə dəfələrlə mediada yazıların şahidi olmuşuq. Təəssüflər olsun ki, Quba rayon Mərkəzi Xəstəxanasında hətta ölüm hadisələri də olub. Doğuş zamanı dəfələrlə olub ki, ya ana, yaxud da körpəsi dünyasını dəyişib. Bu kimi durumlar isə, bir daha göstərmiş olur ki, xəstəxanada vəziyyət necədir.