BolgeXeber.Com » Ölkə » Heydər Əsədovun millətlə bayram zarafatı... - Keyfiyyətsiz məhsul, bazarla eyni qiymətə yarmarka

Heydər Əsədovun millətlə bayram zarafatı... - Keyfiyyətsiz məhsul, bazarla eyni qiymətə yarmarka

16-03-2015, 15:49
Oxunub: 4 297 Heydər Əsədovun millətlə bayram zarafatı... - Keyfiyyətsiz məhsul, bazarla eyni qiymətə yarmarkaKeyfiyyətsiz məhsul, bazarla eyni qiymətə yarmarka
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalar fiaskodan başqa bir şey deyil.

Bazar günü saat 10:00-dan 12:00-a kimi Yasamaldakı və Nərimanov rayonundakı yarmarkalarda olduq. Məhsul çeşidi o qədər çox deyil. Məhsulların keyfiyyətindən danışmaq isə ancaq özünü aldatmaqdır. Yarmarkalarda satılan məhsullar Bakının bazarlarında keyfiyyətsizliyi üzündən satışa çıxarılması rəva görülməyən mallardır.

Yarmarkda kiloqramı 5 manat 50 qəpiyə satılan ətin keyfiyyətli olması şübhə doğurur, çünki, bazarlarda kiloqramı 7-8 manata olan ətin yarmarkada ucuz adı ilə 5 manat yarıma satılması inandırıcı görünmür. Üstəlik, bu ətlərin demək olar ki, hamısı donmuş haldadır, üstəlik bu donuqluq bir neçə saatın yox, bir neçə günün donuqluğudur.

Toyuq ətləri də keyfiyyəti baxımından diqqəti cəlb etmir, yenə də donmuş haldadır. Halbuki, paytaxt bazarlarında donmuş toyuq əti satılmasını heç kəs görməyib.

Meyvəyə gəlincə, paytaxt bazarlarında keyfiyyəti baxımından diqqəti cəlb edən meyvələr yarmarkada yoxdur. Yarmarkalarda o meyvələr satışa çıxarılıb ki, bazar satıcısını öldürsən də həmin meyvəni piştaxtanın üstünə düzməz. Bu dediklərimiz istər almaya, istər heyvaya və ya hər hansı meyvəyə aid edilə bilər.

Kartof-soğan qiyməti baxımından bazardan 40-50 qəpik ucuz olasa da keyfiyyətsizliyi baxımından alıcıya ikiqat baha başa gəlir.

Pomidor-xiyara gəlincə, bu yarmarkalarda istehlakçı kimi vətəndaşa ancaq bir zamanlar “bolqarski” kimi tanınan uzunsov pomidorlar təklif edilir. Xiyarlar isə ancaq İrandan gətirilən məhsullardır ki, bazarlarda bu xiyarları vətəndaşlar çox zaman almırlar.

Novruz bayramı ilə əlaqədar çərəzlərin satışında qiymətlər bazarla hər hansı fərqə malik deyil. Qoz ləpəsi 12-15 manat, bazarda daha ucuz olan kişmiş burada bir az da baha satılır. Qabıqlı qoz 5 manat, qabıqlı fındıq isə 7 manatdır. Novruz bayramına gərək olan çərəzlərin də çeşidi o qədər geniş deyildi.

Bütün bunlardan sonra Kənd Təsərrüfatı Nazirliyinə ancaq “yarmarka adı altında bu biabırçılıq nəyə lazımdır?” sualını vermək qalır. Görünür, ölkədə nazirliklərin fəaliyyəti hansısa tədbirin keçirilməsinə “quş qoymaq”dan ibarətdir və bu mənada nazirlik yarmarka təşkil etməsinə “quş qoyub”.