BolgeXeber.Com » Analitika » İki nazirin savaşı acıq müstəviyə keçir

İki nazirin savaşı acıq müstəviyə keçir

27-12-2011, 10:25
Oxunub: 6 118 Hüseyinqulu Bağırov Rövnəq Abdullayevə qarşı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən iri müəssisə və təşkilatlarda aparılmış monitorinqlərin nəticələrinə uyğun olaraq, eləcə də Dövlət Ekspertiza İdarəsi tərəfindən verilən ekspertiza rəylərinin yerlərdə yerinə yetirilməsinin icra vəziyyətini araşdırmaq məqsədi ilə 2011-ci ilin keçən dövrü ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Nazirlikdən Bolgexeber.com-a verilən məlumata görə, araşdırma zamanı atmosfer havasına və ətraf əraziyə atdıqları zərərli maddələrə görə ARDNŞ-ın “Balaxanıneft”, “H.Z.Tağıyev”, “Bibiheybət”, “Siyəzənneft”, “Ə.Əmirov” NQÇİ-lərinə 21420 manat, “Qarasu” Əməliyyat Şirkətinə 7500 manat, Kompleks Qazma İşləri Trestinin Abşeron Qazma İşləri İdarəsinə 12490 manat ödəmələr tətbiq olunub və ödənilib.

Bundan başqa “Neft Daşları”, “28 May”, “Abşeronneft” NQÇİ-lərdən atmosfer havasına atdıqları zərərli maddələrə və Xəzər dənizinə istehsalat sularının axıdılmasına görə “Azneft” İB-nə 35730 manat ödəmə tətbiq olunub, ondan 11730 manatın ödənilməsi təmin edilib.

Ətraf mühitə atılan zərərli maddələrə görə Dərin Özüllər Zavoduna 3083 manat, Geofizika və Geologiya İdarələrinə 1032 manat, Qaz Emalı Zavoduna 2926 manat, Neft Kəmərləri İdarəsinə 5128 manat, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə 3920 manat, Sosial İnkişaf İdarəsinə 5029 manat, Qaraçuxur İriləşdirilmiş Neft Mədəninə 4232 manat, Dalma Qurgularının Təmiri və Kirayəsi üzrə Elm İstehsalat Müəssiəsinə 3030 manat, “Xəzərdənizneftdonanma” İdarəsinə 4779 manat, “ARDNŞ-AQŞ” MMC-yə 2209 manat, “Baku Stell Company” MMC-yə 2857,3 manat, “Qafqaz Trans Services” MMC-yə 3057,5 manat, “Azərkimya” İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən 5 müəssisəsinə 4170 manat məbləğində ödəmə tətbiq edilib və müəssisələr tərəfindən vəsaitin ödənilməsi təmin olunub.

Ətraf su mühitinə atılan zərərli maddələrə görə “Neftçala Operatinq Company LTD” Şirkətinə 7300 manat, “Suraxanı Oil Operating Company S.A.” Şirkətinə 10057 manat, “AzGerneft” MMC-yə 6250 manat məbləğində ödəmə tətbiq edilib və ödənilib.
Su tutarına axıdılan suların tərkibində neft məhsullarının miqdarına və atmosfer havasına atılan zərərli maddələrə görə “Şirvan Operating Company Limited” Şirkətinə 12000 manat, “Abşeron Operating Company Limited” Şirkətinə 1500 manat məbləğində ödəmə tətbiq edilib və ödənilməsi təmin olunub.

Bundan əlavə qazma şlamlarının düzgün yerləşdirilməməsi və tullantı sularının tərkibində neft məhsullarının olmasına görə “Binəqədi Oil Operating Company S.A.” şirkətinə 9250 manat məbləğində ödəmə tətbiq edilib və ödənilib.

Ətraf mühitə atılan tullantılara görə “Likoyl-Azərbaycan” QSC-yə 876,4 manat, “Azpetrol LTD” MMC-yə isə 1470,8 manat məbləğində ödəmə tədbiq edilib və ödənilməsi təmin olunub.

Ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduqlarına, qurğu və avadanlıqlarda formalaşan tullantı sularını birbaşa Xəzər dənizinə atdıqlarına görə hüquqi şəxs qismində Xəzər Dəniz Gəmiçiliyinin İ.Allahverdiyev adına Gəmi təmiri zavodu 8000 manat, “Xəzər Dəniz Liman Xidməti” MMC isə 10000 manat məbləğində cərimə olunub və ödənilib.

Qurğu və avadanlıqlarda formalaşan tullantı sularının birbaşa Xəzər dənizinə atdıqlarına görə Xəzər Dəniz Gəmiçiliyi 10000 manat, Zakfederasiya adına Gəmi təmiri zavodu isə 8000 manat məbləğində cərimə olunub. Toplanmış sənədlər məhkəmə orqanlarına göndərilib və cərimə məbləğlərinin ödənilməsi üçün müvafiq qərarlar verilib.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Dərin Sulu Günəşli və Şahdəniz yataqlarında yerləşən platformalarda formalaşan məişət-təsərrüfat və istehsalat yönümlü qarışıq mənşəli tullantı sularının Xəzər dənizinə axıdılmasına, həmçinin qazma işləri zamanı əmələ gələn qazma şlamının düzgün utilizasiya edilməməsinə görə “BP” şirkətinə konkret faktlar üzrə iddialar verilib. Hazırda qaldırılan iddialarla bağlı Şirkətin bu sahə ilə məşğul olan mütəxəssisləri və müvafiq qurumları ilə müzakirələr aparılır.

“Bahar Enerji” Əməliyyat Şirkətinin fəaliyyət zonasında ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb. Şirkət tərəfindən karbohidrogen ehtiyatlarının mənimsənilməsində mövcud ətraf mühitin mühafizəsi sahəsində qəbul olunmuş normativ hüquqi aktların tələbləri pozulduğuna görə, konkret olaraq su hövzələrini çirkləndirməsinə və bərk tullantıların düzgün idarə edilməməsinə görə müəssisə inzibati qaydada hüquqi şəxs qismində 10000 manat məbləğində cərimə edilib. Cərimənin ödənilməsi üçün məhkəmə icra orqanı tərəfindən Şirkətə qanunvericiliyə uyğun göstəriş verilib.

Çatışmazlıqların aradan qaldırılması məqsədilə ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yuxarıda adı çəkilən müəssisə rəhbərliklərinə icrası məcburi olan “Məcburi göstəriş”lər verilib.