BolgeXeber.Com » Bölgə » Bahalıq duzlu-məzəli Şəkinin əhvalını dəyişdirib - FOTOLAR

Bahalıq duzlu-məzəli Şəkinin əhvalını dəyişdirib - FOTOLAR

23-03-2015, 15:50
Oxunub: 4 702 Bahalıq duzlu-məzəli Şəkinin əhvalını dəyişdirib - FOTOLARManatın məzənnəsi dəyişdikdən sonra baş verən süni bahalaşma Azərbaycanın bölgələrindən də yan keçməyib

Bahalaşma paytaxta nisbətən iş yerlərinin məhdud, sosial iqtisadi vəziyyətin isə aşağı olduğu rayonlarda özünü daha qabarıq formada göstərir. Bu cür rayonlardan biri də Şəkidir.

Musavat.com-un məlumatına görə, Şəki əhalisi ərzaqların bahalığından, iş yerlərinin olmamasından və rayondakı ağır güzərandan narazıdır. Burada çoxları bir loxma çörəyin pulunu qazanmaq üçün xarici ölkələrə üz tutub, gənclər işsizlikdən çayxanalarda günlərini keçirir, işləyənlər isə maaşların azlığı və vaxtında verilməməsindən şikayətlənirlər. Bayram qabağı rayonun kənd məktəblərində maaşlar verilsə də, şəhər məktəblərinin heç birində əmək haqları verilməyib. Həmçinin mədəniyyət və səhiyyə sahəsində çalışanların da maaşları gecikdirilir. Buna görə də bu sahədə çalışan şəxslər bayram günündə ürəklərincə bir süfrə aça bilmədiklərindən gileylidirlər. Axı onlar necə süfrə aça bilərdilər?! Pul yox, qiymətlər isə “ceyran belində”.

Ərzaq məhsullarının qiyməti ilə daha yaxından tanış olmaz üçün rayonda fəaliyyət göstərən bir neçə marketə baş çəkdik. Qiymətlər doğrudan da “əl yandırırdı” . İlk baş çəkdiyimiz məkan Şəkidə fəaliyyət göstərən “Bazarstore” oldu. Burada da paytaxtda fəaliyyət göstərən “Bazarstore”dəki kimi vitrinlərdə fərqli, kassada isə fərqli qiymətlə rastlaşdıq. Qeyd edək ki, Şəkidə alıcıları bu cür aldatmaq yolunu seçən bir neçə market artıq cərimələnib. Mağazada bolluq olsa da, alıcılar az idi. Satışda bir ədədi 10 manata alça və kilosu 3 manat 50 qəpiyə qarpız olsa da, camaat alça, qarpız hayında deyildi. Digər ərzaqların qiymətinə gəlincə isə “Milla” qatıqları çəkisindən asılı olaraq 1 manat 19 qəpikdən 3 manat 79 qəpik arası, “Palsüd” 1 manat 79 qəpik -3 manat 69 qəpik arası satılırdı. “Atena” qatıqlarının isə üzərinə 1 manat yazılsa da, 1 manat 60 qəpiyə satılırdı. Badımcan 3 manat 55 qəpik, kartof 1 manat 29 qəpik, pomidor 2 manat 62 qəpik, xiyar 2 manat 40 qəpik, yerkökü 1 manat 49 qəpik, lobya 3 manat 49 qəpik, badımcan 3 manat 55 qəpiyə satılırdı. Yağlara gəlincə isə xaricdən gətirilən yağlarla yanaşı yerli yağların da qiymətində 10-50 qəpik arasında artım var. Bayramda daha çox təlabat yaranan qoz-fındıq ləpəsi və quru meyvələrin də qiyməti həmişəkindən bahaydı. Belə ki fındıq ləpəsi 14 manat 27 qəpik, qoz ləpəsi 14 manat 67 qəpik, qaysı 10 manat 40 qəpik, kişmiş 3 manat 65 qəpik idi.



Alıcıların bir sıra məhsulları əvvəllər kilo ilə aldığı halda indi hərəsindən 2-3 ədəd almasınə müşahidə etmək olardı. Müəllimə olduğunu deyən Şəki sakini Sevda Məmmədova 30 manatla bayram bazarlığı etdiyini dedi: “Hər ərzaqdan bir az almışam. Qimətlər od tutub yanır. Maaşı az verən ölkə gərək qiymətləri artırmayardı. Maaşlarımızı ala bilməmişik. Zənbilimə baxın, bir müəllim artıq pomidoru, xiyarı, badımcanı 1 kilo ala bilmir. Şəxsən mən 4 ədəd pomidor, 3 ədəd badımcan, 3 bibər almışam. Nə edə bilərəm?! Heç olmasa maaşları artırsınlar ki, camaat quru çörəyini vaxtlı-vaxtında ala bilsin. Belə getsə, deyəsən, Hadı Rəcəblinin dediyi kimi əlavə iş tapmalı olacağıq. Ayıbdır vallah”.

Digər sakin Elxan Əliyev də mövcud vəziyyətin onu bezdirdiyini dedi: “Bayram zənginlər üçündür. Bizim kimi kasıb təbəqə bayramı yalnız kənardan seyr edir. 20 manata bayram bazarlığı olar?! Mən 20 manatlıq bazarlıq etmişəm. Bu pulla bayram olmur, bu yalnız baş aldatmaqdır. Əvvəl Bakıda fəhlə işləyirdim. Manat düşəndən tikinti işləri də dayanıb. Hazırda işləmirəm”.

Arzu Qəniyeva isə aldığı məhsulların bəzilərinin qiymətinin kassada hesablanan qiymətlərlə uyğun gəlmədiyini deyirdi: “Aldığım bəzi məhsulların vitrində yazılan qiyməti ilə kassadakı qiymət arasında 5-10 qəpik fərq var. Bunu keçən bazarlıq edəndə hiss etmişdim. Yenə də eyni hal təkrarlandı”.

Alıcı kassada artıq hesablanan məhsulları almamaqla vəziyyətə etiraz etdi.

Qeyd edək ki, vitrindəki qiymətlə kassada hesablanan qiymət arasındakı fərqi yalnız “Bazarstore”də deyil, digər mağazalarda da müşahidə etdik.


Bahalaşma rayonda yalnız ərzaqlara deyil, digər sahələrə də öz təsirini göstərib. Əvvəllər manatla satılan əşyalar, mebellər isə artıq dollarla satılır. Rayonun mərkəzində dayanan taksi sürücüləri də müştərinin olmamasından gileylənirdilər. Vidadi Mustafayev adlı sürücü iki gündür bir manatda qazana bilmədiyini dedi: “İki gündür burada boş-boşuna otururam. Bir Allahın qulu maşının qapısını açıb demir ki, məni filan yerə apar. Bahalaşma bizim işimizi də vurub. Bir yandan camaatı qınmaqda olmur. Taksiyə verdikləri 2-3 manatı ərzağa verərlər. Bu cür yaşamaq mümkün deyil artıq. Şəkidə vəziyyət ağırdır. İş yeri yox, bahalaşma da bir yandan, bu camaat nə etsin?!”
BOLGEXEBER.COM
Bahalıq duzlu-məzəli Şəkinin əhvalını dəyişdirib - FOTOLAR
Bahalıq duzlu-məzəli Şəkinin əhvalını dəyişdirib - FOTOLAR
Bahalıq duzlu-məzəli Şəkinin əhvalını dəyişdirib - FOTOLAR