BolgeXeber.Com » Bölgə » Qubada quduz it sürüsü bayramı qara gətirdi

Qubada quduz it sürüsü bayramı qara gətirdi

25-03-2015, 20:56
Oxunub: 38 835 Qubada quduz it sürüsü bayramı qara gətirdiQubanın Amsar kəndində quduzlaşmış sahibsiz itlər sakinlərdən birinin şəxsi təsərrüfatındakı qoyunlara hücum çəkib, öldürdüyünü öldürüb, qalanını da yaralayaraq aradan çıxıb.

Axar.az-a rayondan verilən xəbərə görə, Amsar kənd sakini 38 yaşlı Qurban Məmmədov bu gün səhər yuxudan oyanıb həyətə çıxanda qoyunlarını yerində görməyib. Yaxınlıqdakı bağa gedəndə isə şok yaşayıb. Heyvanların yarısını ölmüş, qalanlarını isə yaralı vəziyyətdə tapıb. Quduz itlər zərərçəkənin 3000 manata yaxın kredit hesabına aldığı 65 baş qoyundan 16 başını öldürüb, qalanlarını ağır yaralayıb və nəticədə cəmi 5 baş qoyun salamat qalıb. Kənd sakininin sözlərinə görə, bu ay ərzində artıq ikinci dəfədir ki, itlər həyətə hücum edir. Martın 15-də olan basqın zamanı isə 15 baş xırda buynuzlu heyvanı tələf olub.

Zərərçəkən Qurban Məmmədov əməkdaşımıza bildirib ki, hadisə yerinə Quba baytarlıq idarəsinin əməkdaşlarını dəvət etdib: "Yerlı baytar qrupu yaralı heyvanlara baxış keçirərək quduzluq əleyhinə vaksin vurdular. İtin parçaladığı ölmüş heyvanların cəsədləri isə dərmanlanaraq kəndin kənarındakı boş ərazidə basdırıldı".

Quba Baytarlıq idarəsinin rəis əvəzi Nadir Becanovun sözlərinə görə, quduz vəhşi heyvanları zərərsizləşdirmək üçün yerli bələdiyyələr Ovçular cəmiyyəti ilə müqavilə bağlamalıdır: "İtlərə qarşı profilaktik tədbirləri yerli bələdiyyələrlə Ekologiya Nazirliyi aparmalıdır, çünki bu məsələ bizim səlahiyyətimizdən kənardır".

Quba rayonu icra başçısının Amsar İƏV üzrə nümayəndəsi Elvin Hüseynov isə sahibsiz itlərin sakinlərin şəxsi təsərrüfatına ziyan vurması ilə bağlı Polis şöbəsinə də məlumat verildiyini bildirdi. Onun dediyinə görə, Ekologiya və təbii sərvətlər Nazirliyinə müraciət edilərək ovçularla müqavilə bağlanması məsələsinin də həllinə çalışacaqlar.