BolgeXeber.Com » BÖLGƏ TV » Dubay şahzadəsinin Azərbaycana gəlməsinin səbəbi

Dubay şahzadəsinin Azərbaycana gəlməsinin səbəbi

27-03-2015, 10:57
Oxunub: 8 047 Dubay şahzadəsinin Azərbaycana gəlməsinin səbəbiDünyanın ən zəngin varislərindən biri Dubay Şahzadəsi Azərbaycana gəlib

Məlum olub ki, bu ərəb şahzadələrinin ölkəmizə ilk gəlişi deyil.

Gəzmək üçün zəngin ərəblərin Azərbaycanı seçməsini isə təsadüfi hesab etmirlər.

Müasirliyi, zənginliyilə yanaşı, Azərbaycanı adrenalin həvəskarları üçün maraqlı edən ekzotik turizm imkanlarıdır. Helikopterlərilə Azərbaycana gələn Dubay Şahzadəsi ov ovlayıb, quş quşlamaqla istirahətlərindən məmnun qaldıqlarını bölüşüblər.

ANS TV-nin məlumatına görə, Dubay Şahzadəsi şeyx Həmdan bin Məhəmməd bin Rəşid bir neçə gündür ki, Azərbaycandadır. O, ölkəmizə 10-15 nəfərlik qohum-dostları ilə birgə gəlib. Şahzadə Bakıda bahalı otellərdən birində gecələyib. Paytaxtın görməli yerlərini gəzib, çəkdiyi şəkilləri paylaşıb. Daha sonra o, ətrafı ilə birlikdə Bakıdan kənarda ova çıxıb. Qonaqlar Hacıqabul rayonunun Qarasu və Muğan kəndlərində şahin və bəzgək quşları ovlayıblar. Ova adətən avtomobillərlə gələn ərəblərin ixtiyarında helikopter də olub.

Fotolardan məlum olur ki, ərəblər rayonları helikopterlə də dolaşıblar. Dubay Şahzadəsi Qəbələdə də olub, kanatda gəzib. “Fazza” ləqəbilə şerlər yazan Şahzadə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. “Forbes”in dünyanın ən zəngin varisləri sırasında olan gənc oğlanın varidatı 18 milyard dollar dəyərindədir.

Şeyx Həmdan Dubay əmirliyi taxtına əsas varis hesab olunur. 32 yaşlı şahzadə əsil şərq nağıllarının qəhrəmanı kimi yaşayır. O, vaxtının çoxunu dəvə təsərrüfatına, at çapmaq dərslərinə, şahin quşu ilə ov etməyə, “Formula 1” yarışlarına həsr edir. Dubay taxtına sahib olmaq üçün şeyx Həmdan aktiv siyasətlə də məşğul olur.

Bir müddət öncə ərəb zənginləri üç həftəyə yaxın Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ova gəlmişdilər. Onların arasında Qətər əmirinin oğlanları, qardaşları olub. İnternetdə yayılan kadrlardan görünür ki, Qətər şeyxləri iki 6 təkərli “Gelandewagen”, “Range Rover Cabrio” və daha 8 yolsuzluq avtomobili ilə paytaxtda şütüyürlər. Onlar ərəb nömrəsilə gəzdikləri avtomobillərini Bakıya Dubay aviareysi ilə gətirmişdilər. Ərəblər ov zamanı Saatlı rayonu ərazisində, Mil düzündə çadırlar quraraq orada qalıblar.

Neftçala ərazisində isə bəxtləri gətirməmişdi. Dəyəri yarım milyon dollardan artıq olan avtomobilləri palçığa batmışdı. “Mercedes Benz”, “Gelandewagen”i eyni markalı digər avtomobillə çıxarmaq cəhdi uğursuz alındığından avtomobillər aşıb. Turistlərin köməyinə yerli neftçalılar gəlib, aşmış avtomobilləri traktorla ərazidən çıxardıblar.

Ərəb şeyxlərini Azərbaycana gətirən zəngin təbiətdir. Son vaxtlar zəngin şəxslərin Azərbaycana marağının artması ölkədə VİP turizmin, ümumiyyətlə turizm bazasının inkişafından xəbər verir. Turizm sahəsinin mütəxəssisləri bu marağı ilk növbədə Azərbaycanın beynəlxalq arenada təqdimatı ilə əlaqələndirirlər.

“VİP qonağın özünəmxsus təlabatları olur. Bunun üçün güvənlik hər şeydən vacibdir. Hazırda Azərbaycanda yeni mehmanxanalar, ictimai iaşə sturukturları inkişaf etməkdədir. Bunun xaricində bölgələrdəki təbiət əsas amildir”, – deyə Turizm üzrə mütəxəssis Fərid Hüseynov bildirib.

Gələn qonaqların ilk düşdüyü yer Bakı dünyanın ən inkişaf etmiş, turist cəlb edə biləcək gözəl şəhərlərindəndir.