BolgeXeber.Com » Bölgə » İcra başçısından şəhid ailəsinə hörmətsizlik - FOTOLAR

İcra başçısından şəhid ailəsinə hörmətsizlik - FOTOLAR

27-03-2015, 12:06
Oxunub: 3 620 İcra başçısından şəhid ailəsinə hörmətsizlik - FOTOLARAğsu rayonunda məskunlaşan şəhid və məcburi köçkün ailəsi illərdir ki, uçuq bağçada yaşamağa məcburdur. Nə Ağsu, nə də ailənin qeydiyyatda olduğu Kəlbəcər icra hakimiyyəti şəhid ailəsini evlə təmin etmir. Ailə qanunsuzluqla bağlı bir çox instansiyalara müraciət etsə də, nəticəsizdir. Musavat.com həmin şəhid ailəsinin yaşadığı bağçada olub və ailə ilə söhbətləşib.

Əslən Kəlbəcərdən olan Gözəl Məmmədova bildirib ki, həyat yoldaşı Əli Məmmədov 1992-ci ildə şəhid olub. Bundan sonra 1993-cü ildə qadın dörd uşağı ilə Ağsu şəhərindəki “Qərənfil” uşaq bağçasında məskunlaşıb. Həmin bağçada isə vəziyyət olduqca acınacaqlıdır, bina uçuq və təmirsiz vəziyyətdədir. G.Məmmədovanın sözlərinə görə, aidiyyatı qurumlar bu illər ərzində ailə ilə maraqlanmayıb. İndiyədək onlara nə şəhid ailəsi, nə də məcburi köçkün kimi diqqət yetirilməyib. İllərlə yaşadıqları otaqlar nəm və su içində olub. Ailənin Ağsu və Kəlbəcər icra hakimiyyətlərinə etdikləri müraciətlər də cavabsız qalıb. Ailənin ev siyahısındakı növbəsi isə illərdir ki, gəlib çatmır. Hər dəfə siyahıda onlardan əvvəl onlarla insanın olduğu məlum olur.

“Hər yağış yağanda ev su içində olur (ev deyəndə G.Məmmədova bağçadakı yerləşdikləri iki kiçik otağı nəzərdə tutur-R.R.). Bir dəfə Ağsunun icra başçısı Ənvər Seyidəliyev də gəlib vəziyyətimizi gördü. Ancaq heç bir xeyri olmadı. Biz otaqları bu yaxınlarda bir az təmir etdik ki, heç olmasa, yaşamaq mümkün olsun”,- deyə G.Məmmədova qeyd edib. Yaxınları isə bildiriblər ki, icra başçısı Ənvər Seyidəliyev bu ailəni qəsdən evlə təmin etməyəcəyini deyib: “Eşitmişik ki, o, ailəni burada, bu bağçada çürüdəcəyini, evlə təmin etməyəcəyini bildirib. Səbəb kimi isə ailənin müxalif mövqeli olmasını göstərib. Ailəyə heç Kəlbəcər icra hakimiyyəti də yaxın durmur. Bu, onun, o da digərinin boynuna atır məsələni”.

Həmin bağçada şəhid ailəsi ilə birgə iki ailə də yaşayır. Ailələrdən birinin başçısı Asəf Quliyev də illərdir ki, mənzillə təmin olunacaqlarını gözlədiyini vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Qarabağ Azadlıq Təşkilatı da həmin şəhid ailəsinin problemini mətbuata çıxararaq dövlət başçısına müraciət etmişdi. Müraciətdə köçkün və şəhidin həyat yoldaşı olmuş qadına qarşı edilən haqsızlıqlar sadalanaraq kömək istənilmişdi. “Gözəl Məmmədova rayonda fəal ictimai iş aparır, ədalətsizliklərə və nöqsanlara qarşı həmişə vicdanlı vətəndaş mövqeyi tutur, xüsusilə də, vətənpərvərlik işinin gücləndirilməsi istiqamətində əlindən gələni etməyə çalışır, bu yöndə yol verilən nöqsanların aradan qaldırılması üçün təşəbbüslər edir. Çox təəssüf ki, rayon icra hakimiyyətinin rəhbərliyi qərəzli mövqe tutur, hətta mənəviyyatsızlığın o həddinə çatırlar ki, onun heysiyyatı ilə oynayır, təhqir edir, həyat yoldaşının şəhidliyini, özünün məcburi köçkünlüyünü lağa qoymaqdan da çəkinmirlər. Haqsızlıq o həddə çatıb ki, Gözəl Məmmədovanın məskunlaşdığı uşaq bağçasında rayon icra hakimiyyəti tərəfindən təmir işləri aparılır, orada məskunlaşmış bütün köçkünlərin otaqları təmir olunur, yalnız onun yaşadığı otağı təmir etməkdən imtina edirlər. Bununla şəhid ailəsindən intiqam aldıqlarını göstərmək istəyir, bu cür səviyyəsizlik və mənəviyyatsızlıq edirlər. Rayon rəhbərliyi “Şəhid ailələri haqqında Qanuna” uyğun olaraq onu nə evlə təmin edir, nə də yaşadığı otağı təmir edir”,- deyə müraciətdə bildirilirdi.

Həmçinin vurğulanırdı ki, şəhid ailəsi, məcburi köçkün Gözəl Məmmədova bu haqsızlıqlara dözməyərək ölkə vətəndaşlığından imtina edərək, xarici ölkələrdən birinə çıxıb getmək istəyir.
İcra başçısından şəhid ailəsinə hörmətsizlik - FOTOLAR
İcra başçısından şəhid ailəsinə hörmətsizlik - FOTOLAR
İcra başçısından şəhid ailəsinə hörmətsizlik - FOTOLAR
İcra başçısından şəhid ailəsinə hörmətsizlik - FOTOLAR
İcra başçısından şəhid ailəsinə hörmətsizlik - FOTOLAR
İcra başçısından şəhid ailəsinə hörmətsizlik - FOTOLAR