BolgeXeber.Com » Analitika » Vergilər Nazirliyi “Azərsun Holdinq”dən 50 milyon tələb edib? - İddia və cavab

Vergilər Nazirliyi “Azərsun Holdinq”dən 50 milyon tələb edib? - İddia və cavab

27-03-2015, 19:50
Oxunub: 2 882 Vergilər Nazirliyi “Azərsun Holdinq”dən 50 milyon tələb edib? - İddia və cavabBunun ötən illərdəki vergi güzəştlərinin qarşılığı olaraq alındığı bildirilir, şirkət isə təkzib edir...

Vergilər Nazirliyinin “Azərsun Holdinq”dən qanunsuz olaraq 50 milyon manat aldığı iddia edilir. “AzPolitika.info”nun məlumatına görə, “Azərsun Holdinq”in aprelin əvvəlindən qiymət artımına getmək barədə qərar qəbul etməsi heç də təkcə manatın devalvasiyası ilə bağlı deyil. Daha dəqiqi, belə ciddi bahalaşma qərarında devalvasiyanın rolu sonuncu sırada dayanır. Əsas səbəb isə vergi və Avropa Oyunları ilə bağlı şirkətin xərclərinin kifayət qədər böyük olmasıdır.

“AzPolitika.info”nu məlumatlandıran mənbə bildirib ki, neftin qiymətinin düşməsi ilə bağlı bu ilin büdcəsində yaranacağı gözlənilən böyük kəsiri doldurmaq üçün indidən qeyri-məhdud səlahiyyətlər verilən Vergilər Nazirliyi digər iri şirkətlər kimi, “Azərsun Holdinq”in də qapısını “bərk döyüb”. Mənbənin iddiasına görə, Vergilər Nazirliyinin tələbi ilə şirkət bir dəfəyə büdcəyə 50 milyon manat vəsait ödəyib. Ancaq bunun ötən illərdəki vergi güzəştlərinin qarşılığı olaraq alındığı bildirilib və ilin sonunadək şirkətin qapısının bir-neçə dəfə yenidən döyüləcəyinə dair xəbərdarlıq edilib.

Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda mətbuata açıqlama verən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəl vergilərin ağırlığından şikayətlənib: “İşçilərin vergi gücü artıqdır, bunu azaltmaq lazımdır ki, şirkətlər işçilərini rəsmiləşdirsin. Mən bunu bugünkü çıxışımda da dedim. İndi hər kəs düşünür ki, iki işçim azalsın, maya dəyərim aşağı düşsün. Əgər bu vergilər yüngülləşdirilərsə, heç kim işçi saxlamaqdan qorxmaz. İndi işverən şəxs işçinin maaşı qədər də vergi ödəyir. Belə olmaz axı…”.

Həmçinin, saytın xəbərində bildirilir ki, “Azərsun Holdinq”in dərdi yalnız vergi ilə bağlı deyil. Başqa gözlənilməz xərcləri də ortaya çıxıb. Belə ki, neftin qiymətinin düşməsi Avropa Oyunları ilə bağlı xərclərin də bir hissəsinin ayrı-ayrı iri şirkətlərin üzərinə yüklənməsinə səbəb olub. Bu şirkətlərdən biri də məhz “Azərsun Holdinq”dir. İddiaya görə, Avropa Oyunlarına qatılacaq bir xeyli ölkənin idmançılarının bütün xərcləri “Azərsun Holdinq”in üzərinə qoyulub.

“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək Departamentinin müdiri Afiq Səfərov isə məsələ ilə bağlı Musavat.com-a açıqlama verərək Vergilər Nazirliyinin şirkətdən ödəniş tələb etdiyini təkzib edib:“Qiymət artımı barədə açıqlama vermişik ki, bu, mərhələli şəkildə olacaq. Ancaq Vergilər Nazirliyinə 50 milyon ödənmə məsələsi doğru deyil, yanlış məlumatdır. Bunlar jurnalist təxəyyülünün məhsuludur. Tamamilə reallıqdan uzaq, absurd rəqəm səsləndirirlər. Yəqin mətbuatda mövzu qıtlığıdır. Buna görə son vaxtlar yayılan məlumatlarda Vergilər Nazirliyini reket kimi təqdim etməyə çalışırlar. Vergilər Nazirliyi ilə sahibkarlıq subyektlərinin normal münasibətləri var, “Azərsun”la da həmçinin. Şirkət dövrü olaraq öz vergilərini ödəyir dövlətə. Biz bu cərimə məsələsini qəti şəkildə təkzib edirik”.