BolgeXeber.Com » Media » “Elə hesab edərlər ki, bütün jurnalistlər Eynulla kimidir”

“Elə hesab edərlər ki, bütün jurnalistlər Eynulla kimidir”

29-12-2011, 21:45
Oxunub: 3 885 Kürdəxanı təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hüquq müdafiəçisi Eynulla Fətullayevlə görüş təklifindən imtina edib.

Bolgexeber.com-un məlumatına görə, baş redaktor bu barədə özü məlumat göndərib. Qeyd edək ki, Əvəz Zeynallı həbsindən dərhal sonra hüquq müdafiəçisi, “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayevlə görüşmək istədiyini bildirmişdi. Mətbuata açıqlamasında Eynulla Fətullayev Əvəz Zeynallı ilə görüşəcəyini və bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyini söyləmişdi. Lakin görüşün noyabrın 25-dən sonra baş tuta biləcəyini deyən E.Fətullayev bunu noyabrın 15-də Parisə yola düşəcəyi, daha sonra Nyu Yorkda Jurnalistləri Müdafiə Komitəsinin beynəlxalq mətbuat azadlığı mükafatını alacağı və Azərbaycana yalnız noyabrın 25-də qayıdacağı ilə izah etmişdi.

Lakin E.Fətullayevin vəd etdiyi vaxtdan bir ay keçməsinə baxmayaraq, bu görüş baş tutmayıb. Digər tərəfdən, E.Fətullayevin mətbuatda Ədliyyə orqanlarını müdafiə edən çıxışlar etməsi müəyyən qənaətlər əldə etməyə imkan verir. Ə.Zeynallı hesab edir ki, həbsi və şərlənməsində Ədliyyə Nazirliyinin də iştirakı E.Fətullayevi belə ləng tərpənməyə vadar edib. E.Fətullayevin son günlərdəki mövqeyinə gəlincə, Ə.Zeynallının fikrincə, onun bu mövqeyi ilk növbədə həbsdə olan söz dustaqlarının müdafiəsini baltalayır: “Artıq bundan sonra cəmiyyət elə hesab edə bilər ki, bütün jurnalistlər E.Fətullayev kimidir. Müdafiə olunduqları müddətdə xalqın, azadlıqda olduqları müddətdə hakimiyyətin mövqeyini ifadə edirlər. Ona görə də jurnalistlərin müdafiəyə ehtiyacı yoxdur. Bir vaxtlar “Xural” qəzeti olaraq mütəmadi E.Fətullayevin müdafiəsində iştirak etməyimizə baxmayaraq, bu gün onun verdiyi bəyanatlarla və tutduğu mövqe ilə razılaşmırıq. Mən də həmkarlarımın mətbuatdakı tənqidi fikirlərilə razılaşıram və E.Fətullayevlə görüşməkdən imtina edirəm”.

Bu yaxınlarda digər hüquq müdafiəçilərini görüşə dəvət edəcəyini vurğulayan Ə.Zeynallı bildirib ki, azad söz uğrunda mübarizəni hər cür müstəvidə davam edəcək.