BolgeXeber.Com » Bölgə » Məmurların bölüşdürdüyü rayon: Ağsuda özbaşınalıq hökm sürür - FOTO

Məmurların bölüşdürdüyü rayon: Ağsuda özbaşınalıq hökm sürür - FOTO

31-03-2015, 09:40
Oxunub: 3 591 Məmurların bölüşdürdüyü rayon: Ağsuda özbaşınalıq hökm sürür - FOTORayonda işsizlik yüksək həddəçatıb, əhali kredit borcu içindədir, məmurların zülmü isə baş alıb, gedir

İlk baxışdan Ağsuda diqqətimizi mərkəzi yolun hər iki tərəfindəki hasarlar çəkir. Hasar yarıya qədər bir formada, digər hissə isə fərqli şəkildə üzlənib. Hələ iş tamamlanmayıb.

Söhbətləşdiyimiz sakinlər də deyirlər ki, icra başçısının rayonda gördüyü işlər hasarların üzlənməsindən o yana getmir: “Təmirə başlayırlar, hasar yarıyacan üzlənir. İş sona çatmamış, yenidən başlanır və bu dəfə fərqli şəkildə üzlük vurulur. Daha sonra üçüncü bir üzlük... Beləliklə, ilboyu hasar beləcə təmir edilir və milyonlar çölə səpilir. Küçələrə asfalt çəkirlər, heç bir il keçmir ki, dağılır”.

Ağsuya səfərimizdə rayonun problemlərindən danışan sakinlər bildirdilər ki, əhalinin durumu olduqca acınacaqlıdır: “Biz ətraf rayonlardan da pis gündəyik...”

KXCP-nin rayon şöbəsinin rəhbəri Yaqub Babalı isə ilk olaraq, Ağsu iqtisadiyyatının pis durumundan danışır: “Təsəvvür edin, rayonun iqtisadiyyatı nə SSRİ vaxtı əsaslı qurulmadı, nə də sonradan... Ağsu rayonunun torpaqlarının 60 faizi suvarıla bilən deyil. Bu, vəziyyətə ciddi təsir edən faktordur. Dəmyə torpaqlar deyil, həm də suvarıla bilmir. Kanal yoxdur, sulamaq mümkün deyil. Bir kanal çəksələr, nə qədər su tutmayan münbit ərazilər ki, var, hamısını işləmək, əkmək olar. Digər uyğun sahələr də inkişaf etdirilmir. Təsəvvür edin, 75 min əhalisi olan bir rayonda cəmi bir zavod var. Hansı ki, açılışında yalandan dedilər, 500 adam işləyə biləcək. İki il əvvəl açılan “Azqranata” zavodunda əslində 50 adam işləyir”.

Əsas problem işsizlikdir, sosial yardım da verilmir

Sakinlərin sözlərinə görə, rayonda işsizlik problemi daha çətin, daha acınacaqlıdır: “Təsəvvür edin, sosial yardım üçün müraciət etməyən adam tapılmır. Hamısı işsizlikdəndir. Dolana bilmirlər. Yoxsa, kim könüllü gedib, bürokratik əngəllərdən keçməyə cəhd edər? Sözsüz ki, ora da həm ədalətsiz, həm qanunsuz xidmət göstərən qurumdur. Ora gedənlər də haqqını tapa bilmir. Kimə istəyirlər, kimdən pul ala bilirlər, ona yardım verirlər. Ölkənin hər yerində olduğu kimi, Ağsu da bir qrup adamın əlindədir. Ölkə necə bir qrup adamın əlindədirsə, rayonlar da bir qrup adamın əlindədir. Rayonda qohumbazlıq, yerlibazlıq hökm sürür”.

Sakinlərin sözlərinə görə, kənd təsərrüfatının ənənəvi sahələri rayonda inkişaf etdirilə bilərdi: “Heç kim bununla məşğul olmur. Ancaq bir qrup adam, rayonu talamaqla məşğuldur. Sahibkarlara verilməli olan subsidiyalar da mənimsənilir Bu, mənimsənilmə mexanizminə çevrilib. Hətta “Azqranata” zavodunda fəhlə işləmək üçün də tanış tələb olunur. Müxalifətçilərin rayonda iş tapması isə ümumiyyətlə, mümkün deyil”.

“İcra başçısı bələdiyyə torpaqlarını satdırır”

Sakinlər bildirirlər ki, Ağsunun bələdiyyə torpaqlarını icra başçısı Ənvər Seyidəliyev və yaxınları qanunsuz olaraq, mənimsəyiblər: “Torpaqlar rayon sakinlərinə verilmir. Özləri alıblar və icra başçısı dəllalların vasitəsi ilə satdırır. Artıq satılmalı torpaq da qalmayıb. Hətta Şəhidlər Xiyabanının ətrafını da satıblar. Xiyabanın ətrafı evlərlə doludur. Şəhidlər Xiyabanı isə biz dəfələrlə müraciət edəndən sonra təmir edilməyə başlanıb”.

Sakinlərdən Murad Zamanov da bələdiyyə torpağı ala bilmədiyini qeyd edir: “25 yaşım var, atam, anam yoxdur. Nənəmin yanında yaşayıram. İş də yoxdur. “Azqranata” zavoduna fəhləlik üçün mürqciət etdim, dedilər ki, tanışın olmalıdır. Tanışım olsa, gedib nazirlikdə işləyərəm, fəhləlik etməyə nə tanışlıq..? Mənə bələdiyyə torpağı da vermədilər. Torpaqları pulla satırlar. Nənəm isə şəhid anasıdır, ona uyğunsuz yerdən torpaq veriblər, istifadəyə yararsızdır. Torpaq sahəsinin əksər hissəsi çökəklikdədir, neçə maşın torpaq tökmək lazımdır ki, normal hala gəlsin”.

“İnsanların Ağsuda qalması, yaşaması möcüzədir”

Vətəndaşların sözlərinə görə, insanların Ağsuda qalması, yaşaması möcüzədir: “Yaşayış üçün minimum şərait belə, yoxdur. İş yeri yox, hüquqlarımız qorunmur, şikayətimizə baxan yox... Rayonda özbaşınalıqdır”.

Yaqub Cəbrayıloğlu da qeyd edir ki, altı nəfərlik ailəsi iki kiçik otaqda yaşayır, bələdiyyə isə onlara torpaq sahəsi ayırmaq istəmir: “Oğlumun cavan ailəsi, iki kiçik uşağı var. İş yeri yoxdur, işləmir. Sosial yardım da ala bilmirik. Gəlin, evimizin şəraitinə baxın. Uşağı məktəbə normal şəkildə göndərə bilmirik. Rayonda gənclər bir qayda olaraq, işsizdir. Əksəriyyəti də elə bu səbəbdən rayonu tərk edib, Bakıya və ölkə xaricinə işləməyə gedirlər”.

Sakinlər qeyd edirlər ki, Ağsu camaatının dolanışığı əsasən Rusiyadandır: “Ağsunun elə kəndləri var ki, bütün cavanlarının hamısı Rusiyadadır. İnflyasiya, rus rublunun düşməsi Ağsunu da məhv etdi, rayonu faciəvi duruma saldı. Ağsu konkret oradan dolanırdı. Ağsu rayonu bu baxımdan, Rusiyaya bağlı bir rayondur. Əhalinin dolanışığı daha çox oradan çıxır. Rayonda iş yox, güc yox... Elə küçələr var ki, evlərində bir kişi xeylağı belə, tapmazsız. Hamısı Rusiyada, başqa ölkələrdə çörəkpulu qazanır. Məhəllələr var ki, toyuq başı kəsməyə kişi tapılmır. Əhali kredit borcu içindədir”.

Bu, azmış kimi, ötən ilin sonundan rayonda evlərdən qanunsuz qaz borcu da yığılmağa başlanıb: “Hər evdən 40-100 manat arası pul yığılır. Borcu olmayanlardan da gəlib, pul istəyirlər. Köhnə borclar illər əvvəl bağışlanıb, bunlarsa indi gəlib, yenidən pul yığırlar. Qanunsuzluğu şikayət də edirik, baxan yoxdur”.

Rayon mərkəzindəki dükanlardan da gəlib, qanunsuz olaraq, pul yığırlar: “Gəlib, qanunsuz olaraq, cərimə yazırlar. Vergi adı ilə kefləri istəyən qədər pul yığılır. Deyilənə görə, Vergilər Nazirliyi bir ay əvvəl gəlib, bir gündə rayondan bir milyon manat pul yığıb”.

Sakinlər bu fikirdədirlər ki, nə qədər ki, rayonun icra başçısı normal biri ilə dəyişdirilməyib, vəziyyət düzəlməyəcək: “Nə qədər ki, Ənvər Seyidəliyev buradadır, rayon xaraba qalacaq”.

“Ağsu dolaylarına məmurlar göz dikib”

Qarabağ Azadlıq Təşkilatının (QAT) təmsilçisi Elşən Əlisoyun sözlərinə görə, Ağsu aşırımındakı restoranlara məmurlar göz dikiblər və bu obyektləri əhalinin əlindən almaq istəyirlər: “Ağsu sosial problemlərin ən çox olduğu rayondur. Ağsu dolaylarından min nəfərə yaxın adam dolanırdı, evinə çörək aparırdı. Oranı da iki-üç ildir ki, təmir adı ilə bağlayıblar. Bir neçə dəfə istəyiblər, buranı camaatın, ağsuluların əlindən alsınlar. Camaat imkan verməyib. Aksiya keçirildi. Məsələ şişirdildi, məmurlar da acığa düşüb, yolu bağladılar. Yalandan hər iki tərəfdən yazıblar ki, yol təhlükəlidir. Gələn maşınlar da İsmayıllı tərəfdən gedir. Əslində isə təhlükə yoxdur”.

Sakinlər qeyd edirlər ki, son illər ərzində fəaliyyət göstərən həmin restoranlar məmurların güdazına gedərək, fəaliyyətsiz hala gəlib: “İndi nə baş verib ki..? Ağsu aşırımını da monopoliyaya götürürlər. Deyirlər ki, bu “pereval” ağsuluların əlindən çıxmalıdır. Qısası, məmurların Ağsu aşırımına gözləri düşüb. Oyun qururlar. Hətta 50-ci illərdən qalan polis postu da oradan götürülüb”.

“Rayon bir neçə məmur arasında bölüşdürülüb”

Ağsu sakinləri bildirirlər ki, rayon bir neçə məmur arasında bölüşdürülüb. Bunlar icra başçısı Ə.Seyidəliyev, nazir Səlim Müslümov və onlardan bir qədər kiçik bir neçə məmurdur: “Şəhər mərkəzindəki obyektlərin çoxu Səlim Müslümovun obyektləridir. Qıraq adamın ola bilməz. O cümlədən, icra başçısının obyektləri çoxdur. Torpaq Komitəsində bir ağsulu var, onun və Neft Şirkətində işləyən Mikayıl adlı şəxsin burada obyektləri var”.

Sakinlərin dediklərinə görə, rayonda iş tapıb, işləyənlər də icra başçısının qohum-əqrəbasıdır: “İşləyənlər əsasən icra başçısının qohumlarıdır. Rayonda bütün idarələrdə işləyənlər Pirhəsənli kəndindəndir. Ancaq Pirhəsənli kəndi yaxşı yaşayır. Bura Ağsunun Naxçıvanıdır, nazirin kəndidir. İdarə müdirləri əsasən Səlim Müslümovun qohumlarıdır. Məsələn, zibilyığan idarənin siyahısında yüzə yaxın işçi var. Ancaq cəmi 5-6 nəfər işləyir. Adları yazılanların hamısı icra başçısı Ənvər Seyidəliyevin qohumlarıdır. Adlarını yalandan yazıblar, maaş alırlar. Sosial yardım alan da yenə öz qohumlarıdır. Neft Şirkətində işləyən Mikayıl adlı şəxs bir neçə kəndi alıb, camaatın torpaqlarını ələ keçirərək, nar bağı saldırıb”.

Vətəndaşlar bir nəfər kimi, bu fikirdədirlər ki, bu rayon diqqətdən kənarda qalıb: “Dövlətin yadından çıxmış rayondur. Rayona ayrılan pullar da bir qrup məmurun oğurlaması üçündür”. musavat.com

Sonda isə yaşlı rayon sakini dillənir: “Ay bala, bir də gələndə özünlə 50 qoca arvad gətir, bizə dil deyib, ağlasın…”
Məmurların bölüşdürdüyü rayon: Ağsuda özbaşınalıq hökm sürür - FOTO
Məmurların bölüşdürdüyü rayon: Ağsuda özbaşınalıq hökm sürür - FOTO
Məmurların bölüşdürdüyü rayon: Ağsuda özbaşınalıq hökm sürür - FOTO