BolgeXeber.Com » İqtisadiyyat » Kredit kartları cibimizə və büdcəmizə ziyandır

Kredit kartları cibimizə və büdcəmizə ziyandır

31-03-2015, 11:09
Oxunub: 4 479 Kredit kartları cibimizə və büdcəmizə ziyandırİqtisadçı ekspert: “Kart götürəndə bilmək lazımdır ki, bu sizin şəxsi pulunuz deyil, borcdur”

Təxminən bir neçə il əvvəl xarici ölkələrə səfər edəndə oranın vətəndaşlarının pul qablarında çoxlu sayda kartlar görəndə bunun mahiyyətini tam anlamırdıq.

Bu gün isə əksər Azərbaycan vətəndaşının pul qabında hətta bir neçə kart var ki, bunlar artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Mağazaların əksəriyyətində hər on nəfərdən beşi bu kartlar vasitəsilə ödəniş edir. Hazırda Azərbaycanda dövriyyədə olan alış-veriş kartların ümumi sayı illik müqayisədə 38,22 faiz və ya 360 min ədəd artaraq 2015-ci il yanvarın 1-dən 1,302 milyon ədədə çatıb.

Ötən ilin dekabr ayında isə artım 2,93 faiz və ya 37 min ədəd olub. Bankomatlar vasitəsilə aparılan əməliyyatlar illik müqayisədə 42 faiz artaraq 142 milyon manat, POS-terminallar üzrə isə 6 faiz artaraq 53 milyon manat təşkil edib. Kredit kartlarında ödəniş müddəti, kredit limiti, güzəşt müddəti və borcun son ödənilmə tarixləri fərqli ola bilər. Bütün bu vasitələrdən yaxşı yararlanaraq, siz borc vəsaitlərdən pulsuz istifadə edə, faizsiz alış-veriş edə bilərsiniz.

Ümumiyyətlə, kredit kartlarını bir neçə meyara görə təsnifatlaşdırmaq mümkündür: tipinə, ödəniş sisteminin və üstünlüklərin növünə görə.

Standart kartlar: bu kartlar maqnit zolağına malik olur. Sözügedən zolaqda bankomat vasitəsilə bank hesabına keçid etməyə imkan verən məlumat saxlanılır. Kartların bu növü istifadəçilər arasında daha geniş yayılıb.

Çipli kartlar: bu kartlarda maqnit zolağı ilə yanaşı, mikroprosessor da olur. Mikroprosessorda saxlanan informasiyanın həcmi maqnit zolağında saxlanılan məlumatın ölçüsü ilə müqayisədə 80 dəfə daha çoxdur.

Bu kartlarda bank hesabı üzrə bütün məlumatları saxlamaq mümkündür. Sözügedən kartların ən böyük üstünlükləri isə fırıldaqçılardan maksimum dərəcədə müdafiəni təmin etmələridir. Ödəniş sisteminin beynəlxalq və lokal olmaqla, 2 tipi mövcuddur. Beynəlxalq ödəniş sistemləri sırasına Visa, MasterCard, American Express və Diners Club sistemlərini aid etmək olar. Lokal ödəniş sistemlərindən ibarət siyahıda isə Sberkard (yalnız Sberbankın şöbələrində və əməkdaş təşkilatlarda istifadə olunur), Union Card, NPS və digərlərinin adını qeyd etmək olar. Ödəniş sisteminin daha nüfuzlu olması ona məxsus kartların daha geniş ərazidə və daha çox insan tərəfindən istifadə olunacağı mənasına gəlir. Bir qayda olaraq, ödəniş sisteminin görünüşü kart sahibinin əlavə ödənişlərinə təsir etmir. Üstünlüklərinə görə kartların müqayisəsinə gəlincə isə onları aşağıdakı kimi sıralamaq olar.

Klassik kartlar: standart xidmət növünü nəzərdə tutan bu kartlar istifadəçilərə adi xidmət və kredit xətti təklif edir. Bütün müştərilər üçün xüsusi təyinatla rəsmiləşdirilir.

Qızıl kartlar: yüksək kredit limitinə malikdirlər. Hesab xidməti üzrə nisbətən sadələşdirilmiş şərtlər təklif edirlər. Malların və xidmətlərin ödənilməsi müqabilində xüsusi təkliflər təqdim edirlər.

Platin kartlar: imtiyazlı kartlar olmaqla yanaşı, həmçinin kart sahibinin yüksək nüfuzundan xəbər verir. Sözügedən kartların üstünlükləri sırasına əlavə xidmət (məsələn, sutka ərzində bank mütəxəssisinə dəstək verilməsi formasında), konsyerj xidməti (taksi çağırılması, soraq məlumatı), xarici ölkələrə gedən zaman təklif olunan əlavə sığorta, mağazalarda alış-veriş edən zaman endirimlər edilməsi daxildir.

Kobrend kartlar: bonus proqramları (əksər hallarda, aviaşirkət və ya ticarət şəbəkələri) ilə birlikdə istifadəçilərə təqdim olunur. Kartdan xərclədiyiniz məbləğlər sizə bonus xallar qazandırır. Onların vasitəsilə isə bir sıra üstünlüklər əldə etmək mümkündür.
Maraqlıdır, həyatımızın bir hissəsinə çevrilmiş kredit kartları cibimizə nə dərəcədə xeyirli və ya ziyanlıdır?
İqtisadçı ekspert Samir Əliyev bir çox insanları iqtisadi biliyi olmadığı üçün kredit kartlarından düzgün istifadə etmədiyini bildirdi: “Kartlar elə bir şeydir ki, ona məsuliyyətlə yanaşmaq lazımdır. Kredit kartlarından mən də istifadə edirəm və bu çox xeyirlidir. Bütün kommunal xidmətlərdən tutmuş vergi ödənişlərini də bu kartlar vasitəsilə həyata keçirirəm. Həmçinin iri marketlərdə də istifadə edirəm. Bir çox insanların bu kartlardan düzgün istifadə edə bilməməsi onların iqtisadi bilik səviyyəsinin aşağı olmasından irəli gəlir. Kredit kartlarından başı çıxan adam bilir ki, onlardan istifadə edəndə faiz vermirsən. Faiz yalnız o vaxt verilir ki, həmin kartdakı pul nağdlaşdırılır. Bizdə də insanların əksəriyyəti pulu nağdlaşdırıb ondan sonra alış-veriş edirlər. Nəzərə almaq lazımdır ki, elektron əməliyyatlar üçün bu kartlardan heç bir faiz tutulmur. Kartdakı pul nağdlaşdırılandan sonra obyektiv və subyektiv səbəblərdən vaxtında yerinə qoyulmur. Belə olduğu halda isə faizlər gəlir. Kart götürəndə bilmək lazımdır ki, bu sizin şəxsi pulunuz deyil, borcdur.

Çox vaxt insanlar bu pula şəxsi pulu kimi baxır. Mən razıyam ki, kredit kartlarının faizi yüksəkdir. Ancaq faiz tutulmadan da istifadə etmək olar. Ona görə də kredit kartlarının zərərli olması fikri ilə razı deyiləm”.

Ekspert taksit kartları ilə kredit kartarının fərqləndiyini, insanlarınsa çox vaxt bu fərqi ayırd edə bilmədiyini bildirdi: “Taksit kartı ilə nəyisə alıb hissə-hissə ödəmək olur. Kredit kartlarında isə o funksiya yoxdur. Nəyisə taksit kartı ilə alanda baha alırsınız. Məsləhət görərdim ki, taksit kartı yox, kredit kartı alsınlar. Bankların qazancı da bunlardandır”.