BolgeXeber.Com » Sosial » Hansı qanunsuz evlər və torpaq sahələri sənədləşdiriləcək? – SİYAHI

Hansı qanunsuz evlər və torpaq sahələri sənədləşdiriləcək? – SİYAHI

30-12-2011, 16:05
Oxunub: 7 287 Sənədsiz evlərlə bağlı Milli Məclisə təqdim olunmuş qanun layihəsini oxuculara təqdim edirik

Azərbaycanda qanunsuz inşa edilmiş evlərin və tikililərin sənədləşdirilməsi ilə bağlı hazırlanmış qanun layihəsi artıq Milli Məclisdədir. Yeni qanun layihəsinin parlamentin fevralın 1-dən başlayacaq növbəti sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir. Bəs, zəbt olunmuş torpaqlarda tikilən və qanunsuz hesab olunan evlər və torpaq sahələri hansı şərtlərlə sənədləşdiriləcək. Bu amnistiya bütün qanunsuz tikililərə və torpaq sahələrinə şamil olunacaqmı?

Bolgexeber.com-un z “Mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən yaşayış evləri və torpaq sahələri üzərində hüquqların leqallaşdırılması haqqında” qanun layihəsini əldə edib. 10 maddədən ibarət layihənin giriş hissəsində deyilir ki, bu qanun Azərbaycan Respublikası ərazisində yerləşən və üzərində mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən yaşayış evləri və torpaq sahələrinin hüquqi statusunun müəyyən edilməsi üçün həmin daşınmaz əmlak üzərində müvafiq hüquqların dövlət tərəfindən müstəsna qaydada birdəfəlik tanınması və leqallaşdırılması sahəsində münasibətləri tənzimləyir. Qanun layihəsinin 1-ci maddəsinə əsasən, aşağıda göstərilən rəsmiləşdirilməyən yaşayış evləri, yardımçı tikililər və torpaq sahələri üzərində mülkiyyət hüquqları tanınır və leqallaşdırılır:

- dövlət və ya bələdiyyə orqanları, habelə müvafiq səlahiyyətli digər qurumlar tərəfindən yaşayış evinin tikintisi məqsədləri üçün ayrılmış ( o cümlədən qanunvericiliyə uyğun tam şəkildə rəsmiləşdirilmədən ayrılmış) və ya qanunla müəyyən edilmiş digər əsaslarla əldə edilmiş torpaq sahəsində tikinti üçün lazımi sənədlər və icazələr alınmadan (və ya natamam alındıqda), yaxud sənədlərdə göstərilən tələblərdən kənarlaşmalara yol verilməklə tikilmiş və ya yenidən qurulmuş yaşayış evləri;
- dövlət və ya bələdiyyə orqanları, müvafiq səlahiyyətli digər qurumlar tərəfindən yaşayış evinin tikintisi məqsədlərindən fərqli məqsədlər üçün ayrılmış (o cümlədən qanunvericiliyə uyğun tam şəkildə rəsmiləşdirilmədən ayrılmış) torpaq sahələrində tikilmiş yaşayış evləri;
- yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə dövlət və ya bələdiyyə orqanları, habelə müvafiq səlahiyyətli digər qurumların aktları (qərarları, çıxarışları, arayışları və digər sənədləri) olmadan tikilmiş yaşayış evləri;
- müvafiq səlahiyyəti olmayan dövlət qurumları tərəfindən yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində tikilmiş yaşayış evləri;
- faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblikdə olan yaşayış evləri (sahiblik müddətinə hazırkı faktiki sahibin yaşayış evini bu və ya digər formada alqı-satqı əsasında əldə etdiyi şəxsin, həmçinin hüquq varisi olduğu şəxsin əmlaka sahib etdiyi bütün dövr daxildir);
- dövlət və ya bələdiyyə orqanları, habelə müvafiq səlahiyyətli digər qurumlar tərəfindən yaşayış evinin tikintisi məqsədləri üçün ayrılmış ( o cümlədən qanunvericiliyə uyğun tam şəkildə rəsmiləşdirilmədən ayrılmış), lazımi sənədlər və icazələr alınmadan (və ya natamam alındıqda), yaxud sənədlərdə göstərilən tələblərdən kənarlaşmalara yol verilməklə ayrılmış torpaq sahələri;
- 2001-ci il yanvarın 1-dək vətəndaşların mülkiyyətində olan yaşayış evlərinin yerləşdiyi və qanuni istifadə hüdudları müəyyən edilməyən torpaq sahələri;
- müvafiq səlahiyyəti olmayan dövlət qurumları tərəfindən yaşayış evinin tikintisi üçün ayrılmış, üzərində hüquqlar rəsmiləşdirilməyən torpaq sahələri;
- tikintisinə başlanmış, lakin başa çatdırılmayan (birinci mərtəbəsinin divarları tikilmiş) yaşayış evlərinin yerləşdiyi torpaq sahələri.

Yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüquqları “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş həddə əvəzsiz olaraq leqallaşdırılır. Xatırladaq ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 8-ci maddəsi xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normalarını müəyyənləşdirir. Həmin maddəyə əsasən, fərdi yaşayış evlərinin tikintisi üçün xüsusi mülkiyyətə verilən torpaq sahələrinin adambaşına düşən orta norması Bakı şəhərində tətbiq edilən I-IV zonalar üzrə 0,04 hektaradək, V-VII zonalar üzrə 0,05 hektaradək, IX-XII zonalar üzrə 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində 0,07 hektaradək, digər rayon mərkəzlərində 0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək bələdiyyələr tərəfindən müəyyən edilir.
Bu evlər və torpaq sahələri sənədləşdirilməyəcək
Bəs, qanunsuz hesab edilən ev və torpaq sahələrindən hansıları sənədləşdirilə bilməz?
Sözügedən qanun layihəsində bu cür torpaq sahələri və tikililərin də dəqiq siyahısı müəyyənləşdirilir. Belə ki, magistiral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və suların mühafizə zonalarında yerləşən torpaq sahələri, onların üzərində tikilmiş yaşayış evləri sənədləşdirilməyəcək. Rəsmi qeydiyyata alınması mümkün olmayan mülklər arasında kənd təsərrüfatı (Bakı şəhəri istisna olmaqla), sənaye, nəqliyyat, rabitə, müdafiə təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, habelə sürüşmə zonasında yerləşən torpaq sahələri və onların üzərindəki yaşayış evləri də var. Həmçinin neft və qaz yataqlarının işlənməsi, neftin, qazın, kondensatın hesabatı, hazırlanması və nəqli üçün müvafiq təsərrüfat subyektinin qanuni istifadəsində olan torpaq sahələrinin işlənmə, hasilat, hazırlanma və nəql üçün zəruri olması aparılmış tədqiqat işlərinin nəticələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən hissəsi və onların üzərində tikilmiş tikililər də bu siyahıya daxildir.
Bundan başqa, Xəzər dənizinin sahilboyu 50 metrlik zolağının altında olan torpaq sahələri və onların üzərində tikilmiş yaşayış evləri, I və II məsuliyyət səviyyəli bina və tikililər, onların yerləşdiyi, eləcə də dövlət ehtiyacları üçün alınan torpaq sahələri, digər mülkiyyətçilərin (fiziki şəxslərin və ya qeyri-dövlət hüquqi şəxslərin) hüquqları pozulmaqla tikilmiş yaşayış evləri sənədləşdirilməyəcək.
Qanun layihəsinin 3.1.8. maddəsində isə qeyd olunur ki, məhkəmə qaydasında mübahisələndirilən yaşayış evləri və torpaq sahələri də müvafiq məhkəmə qərarı qüvvəyə minənədək qanuniləşdirilməyəcək. Leqallaşdırma nəticəsində mülkiyyət hüquqlarının kimə məxsus olacağı ilə əlaqədar mübahisənin mövcud olduğu torpaq sahələri və ya yaşayış evləri müvafiq mübahisələr aradan qaldırılandan sonra sənədləşdirilə bilər.
Sənədləşməni yerli komissiyalar aparacaq
Layihəyə əsasən, yaşayış evləri və ya torpaq sahələri üzərində mülkiyyət hüquqlarının leqallaşdırılmasını yeni yaradılacaq komissiyalar həyata keçirəcək. Bu komissiya leqallaşdırılmalı olan yaşayış evləri və torpaq sahələrinin inventarlaşdırılması nəticəsində müəyyənləşdirilməsini, zəruri sənədlərin toplanması və hazırlanmasını, habelə leqallaşdırma ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi ilə məşğul olacaq. Yerli leqallaşdırma komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi, onların qərarlarından, habelə hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxılması məqsədilə mərkəzi leqallaşdırma komissiyası yaradılır. Yerli və mərkəzi leqallaşdırma komissiyalarının tərkibi və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeydiyyatsız ev və torpaq sahələrinin sənədləşdirilməsi üzrə ərizə və şikayətlərin araşdırılması qaydaları da bu qanunla müəyyən edilir. Layihəyə əsasən, mərkəzi leqallaşdırma komissiyası tərəfindən şikayətlərə onların daxil olduğu gündən 20 gün müddətində baxılacaq. Yerli leqallaşdırma komissiyasının müxtəlif dövlət və ya bələdiyyə orqanlarına göndərdiyi sorğulara 2 gün müddətində, sorğu edilən halların araşdırılması zərurəti olduqda isə 5 gündən gec olmayaraq cavab verilməlidir.
Qanun layihəsində qeyd olunur ki, yerli leqallaşdırma komissiyası ərizənin qəbul edildiyi gündən 1 ay müddətində qeydiyyatsız ev və torpaq sahələri üzərində hüquqların tanınaraq leqallaşdırılması və ya bundan imtina olunması haqqında qərar qəbul etməlidir. Qeydiyyatsız ev və torpaq sahələrinin sənədləşdirilməsi ilə əlaqədar əlavə araşdırmaların aparılması zərurəti yarandıqda bu müddət leqallaşdırma subyektinə yazılı məlumat verilməklə daha 1 ay uzadıla bilər.
Yalnız 2011-ci il martın 1-dək tikilmiş və yarımçıq qalmış evlər
O ki qaldı qeydiyyatsız ev və torpaq sahələrinin sənədləşdirilməsinə görə mülkiyyət sahiblərinin xərclərinə, layihəyə əsasən, bu qanunla mülkiyyət hüquqları leqallaşdırılan tərəfdən müvafiq qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumlarından başqa əlavə hər hansı ödəniş tələb olunmur.
Bu qanun 2012-ci il dekabrın 30-dək yaşayış evinin və ya torpaq sahəsinin leqallaşdırılması və hüquqların qeydiyyata alınmasına dair ərizə vermiş şəxslər barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlər və müddətlərdə tətbiq edilir. Qanun yalnız 2011-ci il martın 1-dək tikilmiş yaşayış evlərinə və onların yerləşdiyi torpaq sahələrinə, habelə həmin tarixədək üzərində tikintisinə başlanmış, lakin tikintisi başa çatdırılmayan yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinə şamil olunacaq.