BolgeXeber.Com » Ölkə » Sabunçuda milyonların dövr etdiyi “torpaq biznesi

Sabunçuda milyonların dövr etdiyi “torpaq biznesi

4-04-2015, 09:29
Oxunub: 4 788 Sabunçuda milyonların dövr etdiyi “torpaq biznesiİcra başçısı Adilİcra başçısı Adil Vəliyevin zamanında rayonda boş torpaq sahəsi qalmayıb

Ölkədə məsuliyyətsiz məmurların qanunlara məhəl qoymadan şəxsi maraqları naminə imza atdıqları “ilklər” haqqında çox yazılıb. Dövlət vəsaitinin talanması hesabına icra başçılarının rayonlarda qurduqları “xanədan”lar isə artıq geniş narazılıq yaradır. Məmur anlayışını biznesmenliklə qarışdıranlar hər sahədən qazanmaq, monopoliya yaratmaq yolu ilə bütün gəlirli sahələrə nəzarət etmək naminə qanunsuzluqlara meydan açırlar.
Bu sahədə Sabunçu xüsusilə “sayılıb-seçilən” rayonlardan biridir. Sabunçu rayonu istər əhalisinin üzləşməli olduğu müxtəlif məişət problemlərinin çoxluğu, istər küçə və yolların bərbad vəziyyəti, istərsə də qanunsuz fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin bolluğu ilə şəhərin digər rayonları arasında xüsusilə seçilir. Elə mətbuat səhifələrində yer almış müxtəlif yazıların da mövzusu əsasən bu problemlər olmuşdur.

Sabunçuda “yaşıl terror”

Rayonda icra başçısının mövcud olan yaşıllıq zolaqlarına qənim kəsilməsi də yeni mövzu deyil. Rayon ərazisində uzun illər mövcud olan yaşıllıq zonaları insafsızcasına məhv olunub, ayrı-ayrı sahibkarlara satılıb. Bakıxanov qəsəbəsində yaşıllıqların məhv edilməsi prosesi isə tam sürətilə davam edir. Qəsəbədəki əksər parkların ərazisi satılıb, yerində tikinti gedir. Səməd bəy Mehmandarov prospektindəki uşaq meydançaları da eyni aqibət yaşayıb. İcra başçısı Bakıxanov dəmiryol stansiyasında yerləşən və vaxtilə «Şərq şirniyyatı» kimi tanınan obyekti sökdürərək yerində daha görkəmli obyekt inşa etdirdi. Lakin obyektin inşasının tamamlanmasına az qalmış onun ətrafında olan və uzun illər öncədən əkilmiş uca küknar ağacları ya gecə ikən, ya da istirahət və bayram günlərinə salınaraq dibindən kəsilib. Təbii ki, bu işlər dəmir lövhələrin arxasında mümkün qədər gizlin şəkildə həyata keçirilib. Vaxtilə yaşıllıqları ilə göz oxşayan və Abbasqulu Ağa Bakıxanov parkı ilə üzbəüz yerləşən «Şərq şirniyatı» dükanının ətrafındakı yaşıllıqlar artıq yoxdur. Verilən məlumata görə, yaşıllığın məhvinə səbəb o olub ki, guya «Şərq şirniyyatı»nın binası kənardan yaxşı görünmürmüş. Elə buna görə də, illər öncə əkilmiş uca küknar ağacları məhv edilib. Bu gün rayon ərazisində bir metr belə boş torpaq sahəsi tapa bilməzsiniz. Vəziyyət o həddə çatıb ki, başçının əmri ilə vaxtı ilə mərhum prezidentimiz Heydər Əliyevin sərəncamı ilə salınan yaşıllıqlar da məhv edilərək yeri ayrı-ayrı biznesmenlərə satılıb. Qeyd edək ki, daxil olan məlumatlarda Adil Vəliyevin abadlıq işləri adı altında rayonda gördüyü işlər də birmənalı qiymətləndirilmir.

“Ay alan, məmləkəti Rey satıram”

Ümumiyyətlə, torpaq satışı Sabunçu rayonunda ən gəlirli sahələrdən hesab olunur. Rayon ərazisində torpaq satışından qazanılan milyonlar isə təbii ki, icra başçısını bu sahəni daima “diqqətdə” saxlamağa vadar edir.Verilən məlumatlara görə, Pirşağı icra nümayəndəsi Ramil Əliyev rayon icra başçısı Adil Vəliyevin tapşırığı ilə kəndin ortasında torpaq alveri ilə məşğuldur. Sakinlər bildirirlər ki, icra nümayəndəsi Sumqayıt-Aeropart yolunu birləşdirəcək olan və hazırda tikilməkdə olan dairəvi yolun yaxınlığında olan torpaqları hasarlatdıraraq satır. Həmin ərazi əvvəllər taxılçılığa aid ərazi olub. Lakin Sabunçu rayon icra başçısı Adil Vəliyev biznesini genişləndirmək və daha çox pul qazanmaq üçün həmin ərazini qeyri-qanuni olaraq satmaq qərarına gəlib. Sumqayıt-Aeropart yolunu birləşdirəcək dairəvi yolun çəkilməsi isə həmin ərazidə torpağın qiymətinin qalmasına səbəb olub. İcra başçısı isə fürsəti əldən vermək istəməyərək Ramil Əliyevə həmin ərazidəki torpaqları satmaq tapşırığı verdiyi iddia olunur. Ramil Əliyev isə artıq 6 aya yaxındır ki, həmin əraziləri qanunsuz olaraq satmaqla məşğuldur. Pirşağı sakinlərinin bildirdiyinə görə, ərazinin bir hissəsi vətəndaşlara məxsus olsa da, Adil Vəliyevin 25 yaşlı ərazi nümayəndəsi Ramil Əliyev sakinlərin əlində olan topraq sənədlərinin qanunsuz olduğunu iddia edərək, torpaqları yeni şəxslərə satır.Sakinlər bildirir ki, Pirşağı icra nümayəndəsi Sabunçunun icra başçısı Adil Vəliyevə o qədər arxayın olub ki, sakinlərə və pay torpaq sahiblərinə meydan oxumaqdan belə çəkinmir. İcra nümayəndəsi saxta torpaq alverini açıq aşkar şəkildə Pirşağıda fəaliyyət göstərən “Ləvəngi” restoranında həyata keçirir. Adil Vəliyevə arxayın olan icra nümayəndəsi satdığı bütün torpaqlaır birbaşa başçısının göstərişi ilə etdiyini deyir. Əllərində sənədi olan bəzi vətəndaşlar Vuqar Əliyevə narazlıqlarını bildirsələr də, icra nümayəndəsi açıq aşkar belə deyir: “Mən kiməm ki, gedin şikayətinizi Sabunçu rayon icra başçısı Adil Vəliyevə edin, çünki bu ərazilərin satılması göstərişini o verib”. Ötən il rayonda baş verən qalmaqal isə yəqin ki, hələ də çoxlarının xatirindədir. Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı Bakı Dairəvi Yolunun altına düşən və Kürdəxanı bələdiyyəsinin ərazisi olan torpaqların sahiblərindən satın alınması zamanı külli miqdarda büdcə vəsaitinin ələ keçirildiyi aşkar olunmuşdu. Verilən məlumatlara görə, mənimsənilən vəsaitin miqdarı 6 milyon manat civarında idi. Maraqlıdır ki, yer almış korrupsiya faktına görə əslində məsuliyyət daşımalı olan şəxslərin diqqətdən yayındırılması məqsədilə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin rəhbərliyi ilə iclas da keçirilmişdi. İclasdan sonra Kürdəxanı bələdiyyəsinin sədri Sabir Əliyev tutduğu vəzifədən uzaqlaşdırılmışdı. Təbii ki, göstərilən məbləğdə dövlət vəsaitinin mənimsənilməsinə sadəcə bir bələdiyyə rəisinin rəvac verdiyi qətiyyən inandırıcı səslənə bilməz.

Rayonda aparılan abadlıq işlərinin görülməsi üçün dövlət büdcəsindən yetərincə vəsait ayrılır. Lakin, Sabunçu rayonunda görülən işlərin əsas ağırlığı iş adamlarının və büdcə təşkilatlarının üzərindədir. Rayonda nəyin bahasına olursa olsun boş torpaq sahələri tapılaraq satılır.
Söhbət rayon ərazisində yerləşən ticarət obyektlərinin yenidənqurma abadlıq işləri bəhanəsi ilə sökdürülməsindən gedir. Bunun nəticəsində boş qalan torpaq sahələri «auksion» üsulu ilə hərraca qoyularaq daha imkanlı və «səxavətli» iş adamlarına satılır. Rayonda yerləşən iri və orta sahibkarlıq subyektlərinin sahibləri icra aparatının rəsmi sifarişi ilə aparılan abadlıq işlərinin maddi yükünü də çəkmək məcburiyyəti qarşısında qalıblar. Halbuki sözügedən işlərə dövlət büdcəsindən kifayət qədər maddi vəsait ayrılıb.

İldən-ilə artan sosial problemlər

Son illər paytaxtın bəzi rayonlarının kanalizasiya sisteminin yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsində Bakının bir sıra qəsəbələrində kanalizasiya ilə bağlı olan problemlər öz həllini tapıb.Amma buna baxmayaraq, şəhər mərkəzindən bir qədər aralıda yerləşən qəsəbə və kəndlərdə bu problem hələ də öz aktuallığını qoruyub saxlayır. Məsələn, götürək elə Sabunçu rayonunu. Daha dəqiq desək, Sabunçu vağzalının yerləşdiyi ərazini. Mətləbə keçməmişdən öncə rəsmi qurumların şəhərimizin kanalizasiya sisteminin mükəmməl səviyyəyə çatdırılması barədə bəzi məlumatlarını diqqətinizə çatdırmaq istəyirik. Belə ki, açıqlamalara əsasən hazırda Bakı şəhərində ayrılmış kanalizasiya sistemi mövcuddur. Kanalizasiya şəbəkəsi çox az keramik, beton, asbestsement, çuqun, dəmir-beton borulardan və tunel şəkilli kollektorlardan ibarətdir. Təsərrüfat-məişət kanalizasiya xətlərinin ümumi uzunluğu 1300 kilometrdir. Həyət və məhəllədaxili kanalizasiya xətlərinin diametri 150- 200 mm, küçə xətləri və kollektorlarının diametrləri 400 mm-dən 4000 mm-ə qədər dəyişir. Bundan başqa, hazırda Bakı şəhərində ümumi uzunluğu 130 kilometr olan yağış kanalizasiya xətləri mövcuddur. Magistral yağış kanalizasiya xətlərinin diametri 400 millimetrdən 1200 millimetrə qədər dəyişir. Ümumilikdə gün ərzində kanalizasiya xətlərindən axıdılan tullantı suların həcmi 1 mln. kubmetrdən çoxdur. Bakı şəhərində mövcud olan 25 kanalizasiya nasos stansiyasının sutkalıq məhsuldarlığı 2 mln. kubmetrə yaxındır. Lakin qış aylarında yağan qar Sabunçu rayonunun kanalizasiya sisteminin normal işləmədiyini, ümumiyyətlə, bu ərazidə kanalizasiya xəttinin olmadığını üzə çıxardı. Sosial şəbəkələrdə paylaşılan şəkillərdən açıq-aşkar görürük ki, qarın əriməsi Sabunçu vağzalının qarşısısında böyük göl əmələ gətirib. Hansı ki, hər dəfə güclü yağış və qar yağanda vağzalın qarşısında eyni mənzərə yaranır. Nəticədə, ərazidən keçən nəqliyyat vasitələri, eləcə də piyadalar çətinliklə üzləşməli olurlar. Çox maraqlıdır ki, bir müddət əvvəl də Sabunçu vağzalının qarşısında bu cür vəziyyət yaranmış və aidiyyəti qurumlar, daha dəqiq desək, Rayon İcra Hakimiyyətinin və “Azərsu” ASC-nin rəhbərliyi problemin tezliklə həllini tapacağını açıqlamışdılar. Aradan bir neçə ay keçsə də, rəsmi qurumların nümayəndələri hələ də sözlərini tutmayıblar. Yəni hər dəfə yağış yağanda Sabunçu vağzalının qarşısında xoşagəlməyən vəziyyət yaranır. Rayonun bərbad durumda olan kanalizasiya sistemi isə hələ ki, icra hakimiyyətini diqqətini çəkə bilməyib. Çünki, qeyd etdiyimiz üçün onlar “daha vacib” işlərlə məşğuldurlar.Sabunçu rayonunda fəaliyyəti dövründə çox ciddi problemlər yaradan Adil Vəliyev karyera yüksəlişinin növbəti mərhələsi barədə düşünür. Bu xüsusda yayımlanan yeni məlumatlarda bildirilir ki, bu gün Adil Vəliyev artıq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi uğrunda mübarizəyə də qoşulub. Paytaxt meriyasına yiyələnmək üçün o bütün vasitələrini işə salıb. Lakin verilən xəbərlərə görə, onun keçmiş fəaliyyəti haqqında kifayət qədər məlumatlı olan yuxarılar bu istəyi heç də sıcaq qarşılamayıblar. Hətta, rayondan artan narazılıqlar Adil Vəliyevin vəzifəsi ilə vidalaşmasına da səbəb ola bilər.(Gündəmxəbər.az)