BolgeXeber.Com » Bölgə » Bərdə rayon təhsil şöbəsi müdirinin əsl vəzifəsi nədir?

Bərdə rayon təhsil şöbəsi müdirinin əsl vəzifəsi nədir?

9-10-2010, 14:30
Oxunub: 8 821 Rəhilə İsmayılovanın Gövhər Baxşəliyevanın təbliğatı ilə məşğul olduğu bildirilir.

Seçkilər qabağı, bəzi rayonlarda təhsil işçilərinin artıq indidən seçkilərə müdaxilə etdiyini və müxtəlif namizədlərin təşviqatında iştirak etdiyi müşahidə edilir və bu barədə BolgeXeber.Com saytına da məlumatlar daxil olur. Bundan başqa, tədris ilinin başlaması ilə bəzi bölgələrimizdə korrupsiya hallarının da kəskin artması müşahidə olunur ki, sakinlərinin daha çox narahat və narazı olduğu bölgələrdən biri də Bərdə rayonudur.

Bu rayondan saytımıza müraciət edən şikayətçilər rayon təhsil şöbəsinin müdiri Rəhilə İsmayılovanın heç bir əndazəyə sığmayan korrupsiyon əməllərindən gileylənir, onun rayonda təhsilin inkişafı üçün ayrılan dövlət vəasitini mənimsəyərək əvəzini məktəb direktorlarının üzərinə “plan” qoymaqla çıxdığını bildirirlər. Belə ki, şikayətçilərin sözlərinə görə, onun son günlərdə verdiyi yeni göstərişə görə, bütün məktəblərdə müəllimlərdən tələb olunub ki, hər şagirdinin valideynindən 15-20 manat pul istənilsin: “Bu pulu şagirdbaşı yığa bilməyən müəllimlərin isə maaşından çıxılacaq. Gör, müəllimin maaşı nə qədərdir ki, hələ bir qanunsuz olaraq ondan pul da tutulmalıdır.”

Bundan başqa, Rəhilə İsmayılovanın seçkiqabağı proseslərdə də aktiv iştirak etdiyi bildirilir. Məlumatlara görə, 94 saylı Bərdə rayon seçki dairəsindən namizəd və hazırkı deputat olan Gövhər Baxşəliyevanın imzatoplama kampaniyası və eləcə də təşviqatında Rəhilə İsmayılovanın əvəzsiz rolu olmuşdur. O, bu işə bütün rayon təhsil sisteminin işçilərini səfərbər etmiş və öz əmrlərini “yuxarıdan göstəriş”lə əsaslandıraraq öz tabeliyində olan direktor və müəllimlərdən tələb etmişdir ki, hər vəchlə Gövhər Baxşəliyevanın namizədliyini dəstəkləsiunlər və bu yolda hər bir əmələ hazır olsunlar.

Məsələ ilə bağlı Bərdə rayon təhsil şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Artıq, əməkdaşımızı Bərdəyə ezam etmişik. Yaxın günlərə bu məsələyə qayıdacağıq.