BolgeXeber.Com » Analitika » Azərbaycanlı fahişənin Pakistan macəraları

Azərbaycanlı fahişənin Pakistan macəraları

4-01-2012, 11:30
Oxunub: 5 329 Azərbaycandan və keçmiş Sovet ölkələrindən (Rusiya, Özbəkistan, Tacikistan) onlarla gənc qadın, Pakistanda fahişəliyin qadağan olunmasına baxmayaraq, İslamad və Karaçinin zəngin ərazilərində fahişəlik edir, pakistanlı jurnalist belə deyir.

Jurnalist Əbid Həsən deyir ki, Klikləyin Express Tribune qəzeti üçün fahişələr haqda yazı yazarkən onun təhqiqat aparmağa ehtiyacı olmayıb. Çünki o, qədim peşə sahiblərinin, Pakistanda qanunsuz olmasına baxmayaraq, Karaçidə necə işlədiyinə dair məlumatlara çoxdan malik idi.

"Mən Karaçidə böyümüşəm və hər həftə vaxtını fahişələrlə keçirən xeyli zəngin dostlarım var" - cənab Həsən BBC Azərbaycancaya müsahibəsində fahişələr haqda yazını necə hazırladığını izah edərkən deyib.

O deyir ki, dostlarından biri onu Karaçidə bir mənzilə aparıb və orada azərbaycanlı Madame (fahişəxananın rəisi) və bəziləri azərbaycanlı olan bir neçə digər fahişə qadınla görüşüb. "Onların hamısı özünə çox inamlı görünürdü, peşələrinə görə sıxılmırdılar və bu barədə danışmaqdan məmnun idilər" , deyir Əbid Həsən.

O, polis mənbələrinə istinadla söyləyir ki, Karaçidə azı 8 fahişə zənciri var və onların hərəsində keçmiş Sovet İttifaqı ölkələrindən olan 10-12 gənc qadın çalışır."Onların hamısı Azərbaycandan deyil, bəziləri Rusiya, Özbəkistan və Tacikistandandır" - deyir pakistanlı jurnalist.

O iddia edir ki, Karaçidə polis rüşvət alır və əvəzində, hətta nikahdankənar cinsi əlaqənin
mənəvi qəbuledilməz olduğu ölkədə qanunsuz fəaliyyətə göz yumur.

Niyə Pakistan?

Əbid Həsən deyir ki, Karaçidə və Pakistan paytaxtı İslamabadda işləmək keçmiş Sovet İttifaqından olan fahişələr üçün cəlbedicidir, çünki onlar burada öz ölkələrində olduğundan daha çox pul qazanırlar. "Burada onlar bir müştəridən 150 dollar qazanır, bu isə onların Mərkəzi Asiya və Qafqazda qazanacaqları məbləğdən üç dəfə artıqdır" - deyir jurnalist.

Onun sözlərinə görə, varlı pakistanlı kişilər "çox pul xərcləməyə ürəklidir", çünki onlar ağdərili qadınları xoşlayır və "xarici qadınlar yataqda Pakistan qadınlarından daha azaddır".
Cənab Həsən deyir ki, qadınlar bəzən bir gecədə 2-3 müştəri qəbul edir.

"Müştərilər əsasən siyasətçilər, biznesmen və bankirlərdir. Onlar həftəsonları bir yerə yığışır və bu qadınlardan 2-3-nü dəvət edir" - deyir Əbid Həsən.

"Fahişə kirayələmək üçün onları tanıyan biri sənin tanışın olmalıdır, bunu telefon zəngləri vasitəsilə edirlər, onları nə cür gəldi tapmaq olmur, amma əgər zəngin ərazidə yaşayırsansa, fahişələri necə tapacağını bilirsən" - deyir jurnalist.

"Xoşbəxt" fahişələr

Pakistanlı jurnalist deyir ki, qadınlar rəsmilərə rüşvət verdikdən sonra ölkəyə öz pasportları ilə qanuni gəlirlər.
Onlar pasportlarını öz Madamelərinə verirlər və burada qalırlar, ancaq ildə bir dəfə ailələrini görməyə gedirlər, deyir Əbid Həsən.
O, hər hansı qadının fahişəliyə güclə cəlb edildiyini eşitmədiyini söyləyir. "Çünki onlar əsasən hallarından məmnundurlar və heç bir zorakılıq əlaməti görünmür".

Ancaq jurnalist inanır ki, bir çox hallarda qadının fahişə olmaq qərarının arxasında kədərli insan hekayəsi durur.
O, qadınların çoxunun alkoqol içdiyini və onların bəzilərinin narkotika, xüsusilə də Pakistanda əldə edilməsi asan olan kokain qəbul etdiyini deyir.
"Ancaq onlar kokainə pul xərcləmir, pakistanlılar ürəyi açıq insanlardır, xüsusilə də xarici fahişələrə qarşı" - deyir Əbid Həsən.

Azərbaycandan Karaçiyə - Yasəmənin hekayəsi

Azərbaycanlı fahişələrdən biri Əbid Həsənə deyib ki, o, Karaçiyə 8 il əvvəl - 18 yaşı olanda gəlib. Yasəmən və yaxud Jasmine onun öz adı deyil. O, 15 yaşı olanda valideynlərindən qaçıb, çünki onu sevdiyi gənc oğlanla görüşməyə qoymurlarmış.

Sevgilisilə birlikdə Bakıya köçəndən sonra o, uşağa qalıb. Sonra isə sevgilisi avtomobil qəzasında ölüb. 16 yaşında o - yalnız ana pulsuz-parasız qalıb və ailəsinin yanına qayıdarsa, öldürüləcəyindən qorxub.

O, Bakıda fahişə işləməyə başlayıb, biləndə ki, Karaçidə daha çox pul qazana bilər, ora köçüb.

Yasəmənin oğlunun indi 10 yaşı var və ölmüş sevgilisinin bacısının yanında qalır. Yasəmən onu görmək üçün ildə iki dəfə Azərbaycana gedir.

BBC Azərbaycan