BolgeXeber.Com » Analitika » Fəhlə ixtisarları: “Sən bu gün öl, mənsə sabah öləcəm...”

Fəhlə ixtisarları: “Sən bu gün öl, mənsə sabah öləcəm...”

18-04-2015, 12:14
Oxunub: 4 391 Fəhlə ixtisarları: “Sən bu gün öl, mənsə sabah öləcəm...”Kədərlə təsdiqləməliyik: işçilərin iki əsr boyunca apardıqları mübarizənin, tətil və nümayişlərin, qiyam və sosial inqilabların məntiqi nəticəsi kimi əldə olunmuş hüquqlar az vaxtın içində büsbütün itirildi

Artıq sahibkarlar və hakimiyyətlər işçi həmrəyliyi və etirazları qarşısındakı qorxu hissini büsbütün itirib. Əvəzində isə muzdluları fasiləsiz olaraq işsiz qalmaq qorxusu təqib edir.

Son illərdə bağlanmış iş yerləri, işsiz qalmış vətəndaşların statistikası yoxdur, ancaq hətta ara-sıra mətbuata sızan bilgilər də rəqəm vəhşətindən xəbər verir.

Təəccüblü nə var ki? Kapitalizmdir, bazardır, təkliflə tələbatın disbalansıdır. İşçi öz iş qüvvəsini satır - alıcılar azdır. Səbəb isə yalnız iqtisadi böhranla bağlı deyil. İndi bir şəxs aşağı maaşla on şəxsin işini görməyə razıdır. “O olmasın, bu olsun” filmindəki hambal obrazı çox aktual və müasirdir.

Fəhlələrin qanunda yazılmış hüquqları isə başqa əyyamlardan xəbər verir. O əyyamlardan ki, fəhlə işsiz qalmaqdan qorxmurdu, əksinə, sahibkarlar qorxudan titrəyirdilər. O vaxtlar sahibkarlar tətillərdən, boykotdan, yaxınlaşan sosial inqilabdan qorxurdu. Hazırda tərsinədir - qorxu obyektləri yerlərini dəyişib.



Kimsə gözləyir ki, işsizlərin sayı artdıqca sosial partlayış ehtimalı da artır və işçilər birləşib mübarizəyə qalxacaq. Heyf ki, bu cür deyil. Qorxunun aşkar qəzəbə keçməsi və əmələ yol açması üçün ekstremal şərait lazımdır, bir neçə şərt üst-üstə düşməlidir (Leninin inqilabı şəraitin yetişməsinə dair məşhur triadasını yada salın).

Belədə isə hətta işsizlik də, kütləvi ixtisarlar da kapitalizmin gəlirlərinin artmasına, işini itirənlərin qiyamının əhlilləşdirilməsinə xidmət edir.

Necə? Çox sadə. Kapitalizm elə bir şərait formalaşdırıb ki, istənilən gənc müstəqil həyata başladığı ilk gündən iş axtarmaq problemi, aşağı maaşa razılaşmaq reallığı və hər dəqiqə qovulmaq ehtimalı ilə üz-üzədir. İstənilən işçi heç olmasa bir dəfə (ən yaxşı halda) işsiz qalmağın nə olduğunu bilir.

Bu isə olduğun yerdən dördəlli yapışmaq, istənilən şərtə razılaşmaq kimi köləlik psixologiyası formalaşdırır. Nəticədə “sürünmək üçün doğulanlar uçmağı bacarmır”. İradəsiz, qorxaq, başıaşağı, ələbaxan, daima maaşını itirmək qorxusu ilə yaşayan fərdlərdən mübarizlik gözləməyin. Onlar yalnız xaos anlarının “qəhrəman”ı ola bilərlər.

***

İndi isə keçək son bilgilərə. Ölkədə istənilən bıçaqlaşma, məişət qovğası, TV-də söyüş, avtoqəzanın dərhal baş xəbərə çevrildildiyi məmləkətdə kütləvi ixtisarlar da, fəhlələrin təzminatsız, müqaviləsiz küçələrə atılması faktları da nadir halda işıqlandırılır.

Məsələn, hazırda “Bahar Energy” şirkəti 100-ə qədər fəhləni ixtisar edir. Sex rəislərindən namizədlərin siyahısını hazırlamaq tələb olunub, onların tərəddüdü (bəlkə də etirazı) isə özlərinin də işdən qovulması ilə nəticələnib.

Bu şirkət “Bahar” və “Qum adası” neft yataqlarının kəşfiyyat, hasilat və işlənməsi üzrə operatordur. 16 il əvvəl ARDNŞ-lə 25 illik müvafiq müqavilə imzalayıb. Şirkətdə ixtisarlar isə indi başlamayıb - hələ 2013-cü ilin sonunda ARDNŞ-in 20 min nəfərdən çox fəhlənin ixtisarına hazırlaşdığı məlum olandan, “Bahar Energy”də də fəhlələri dəstə-dəstə qovurlar.



Hazırda söhbət 100-ə yaxın yerli işçinin ixtisarından gedir (əcnəbi işçilərə dəyib dolaşmırlar). Ötən il isə ixtisara düşən işçilərdən biri - 40 yaşlı Etibar Kövsərov özünü asaraq intihar etmişdi (o, şirkətdə elektrik işləyiirdi).

Elə buradaca əlavə edək ki, 2014-cü ilin yanvarından geologiya və geofizika idarələrində, “Azəriqaz” İB-də də 1100 işçinin ixtisarı nəzərdə tutulurdu.

İndiki ixtisarların bir özəlliyi də var. Orada əcnəbi işçilər 25-30 min manat maaş alır, yerli fəhlələrin qazancı isə ayda 800-1000 manatdır.

Bu absurd çoxdan adiləşib, onunla işimiz yox. Ancaq daha effektiv idarəçiliyə nail olmağa çalışdığını iddia edən şirkətin əcnəbiləri nəinki ixtisar etməməsi, onların heç məvaciblərini də azaltmaması artıq təkcə təəccüb yox, həm də hiddət doğurur. Xüsusən də nəzərə alsaq ki, “Bahar Energy” şirkəti Azərbaycan hökuməti qarşısında hesabat verən strukturlardan biridir...

Əlbəttə, bu məsələnin bir-iki mətbu orqanda qabardılması ilə vəziyyətin az da olsa dəyişəcəyinə ümid yoxdur. Hər şey olduğu kimi də qalacaq və başqa yerlərdə yenidən təkrarlanacaq.

Səbəbi də yuxarıda söylədiyimiz kimidir: sahibkarların işçilər qarşısında heç bir qorxusu və həyəcanı yoxdur. Fəhlələr təkcə monolitliyini, dirəniş imkanlarını itirməyib və həmkarlar təşkilatlarından məhrum olmayıb, onlar həm də işsiz qalmaq qorxusu ilə iflic olublar.

Bu isə ştreykbrexerliyi adiləşdirir, üstəlik, qalanlar qovulanlara biganədir, özlərinin hələ qovulmadıqlarına görə isə sahibkara dualar etməyə də hazırdırlar.



Bunun nəticəsidir ki, 8 saatlıq iş günü artıq qanun və hüquqlar sahəsindən yox, ədəbiyyat sahəsindən xəbər verir. Yüksək təqaüd, tibbi sığorta, uzunmüddətli iş müqaviləsi, ödənişli məzuniyyət kimi anlayışlar isə keçmiş nağılları xatırladır. Halbuki bunların hamısı fəhlələrdə vardı və onların nə olduğunu bilən nəsillər hələ qırılıb qurtarmayıb.

Aprelin 13-də vəfat etmiş məşhur yazıçı və sol intellektual Eduardo Qaleano reallığı çox lakonik ifadə etmişdi: “İşçinin iş yerini itirmək qorxusu sahibkara onun hüquqlarını ələ salmağa imkan yaradır”.

İstənilən dirənişi tormozlamaq gücündə olan bu qorxu haqqında Qaleano özünün “Dünya ağlını itirib” essesində bu cür yazır: “Mövcud olmaq - satış üçün yararlı olmaq zərurətidir. Pul gətirməyən vaxt dəhşət hissi doğurur. Burada yeni heç nə yoxdur. Tamahkarlıqla bərabər qorxu adətən kapitalizm adlandırılan sistemin əsas mühərrikidir”.

İşsizlik qarşısında panik qorxu fəhləni fəhləyə qarşı qoyur, onları bölür, ələbaxan və uyğunlaşan edir.

Halbuki reallıq Varlam Şalamovun hekayələrində tez-tez təkrarlanan düşərgə zərb-məsəlində olduğu kimi: “Sən bu gün öl, mən isə sabah öləcəm...”

Məmməd Süleymanov