BolgeXeber.Com » BÖLGƏ TV » 21 yaşlı qadına görə törədilmiş qətlin ilginc təfərrüatları

21 yaşlı qadına görə törədilmiş qətlin ilginc təfərrüatları

9-01-2012, 23:05
Oxunub: 5 225 Yanvarın 4-də Abşeron rayonu Xırdalan şəhərində törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub.

Bolgexeber.com-un əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Rzayev Əmir Azər oğlu hadisəni yeznəsi, 1985-ci ildə anadan olmuş Pərviz Ağakişiyevlə birgə törədib. Məlumata görə, öldürülən şəxs 1990-cı il təvəllüdlü Bakı şəhər Səbail rayon sakini Hümbətov Kənan Oruc oğlu bir müddət əvvəl Ə.Rzayevin bacısı, P.Ağakişiyevin isə həyat yoldaşı olan 1991-ci il təvəllüdlü Ağakişiyeva Ülviyyə Azər qızına zəng edib.

Ü.Ağakişiyevanın Bolgexeber.com-a verdiyi məlumata görə, tanımadığı şəxs (K.Hümbətov) bir neçə dəfə onun telefonuna zəng vurub və təsadüfən düşdüyünü, daha sonra isə ailəli, 1 uşaq anası olan qadına onun səsindən xoşu gəldiyini bildirib. Məsələ ilə bağlı Ü.Ağakiyevanın həyat yoldaşı olan Pərviz xəbər tutub və o, K.Hümbətova xəbərdarlıq edib. Lakin gənc oğlan müxtəlif yollarla gizli və açıq nömrələrdən zəng vurmağa davam edib. Bunu görən P.Ağakişiyev həyat yoldaşından xəbərsiz başqa bir nömrə ilə K.Hümbətova mesaj yazıb və onunla həyat yoldaşının adından yazışmağa başlayıb.

Nəhayət, yeni ilin ilk günlərində P.Ağakişiyev həyat yoldaşının adından K.Hümbətova yenidən sms yazıb. O mesajda bildirib ki, “əri” onu döyüb, incidir və yanvarın 4-də uşağı Xırdalandakı uşaq poliklinikasında peyvənd etdirməyə aparacaq. Beləliklə də, həyat yoldaşının adından mesaj yazan Pərvizlə Kənan görüş təyin ediblər. Daha sonra isə P.Ağakişiyev 18 yaşlı qaynı Ə.Rzayevlə əlaqə saxlayıb və onu təcili olaraq yaşadığı evə çağırıb. Ü.Ağakişiyevanın bildirdiyinə görə, burada Pərviz qaynına “bacısının” yazdığı mesajı göstərib və “onların uşaq xəstəxanasının qarşısında görüşəcəklərini” bildirib. Daha sonra 26 yaşlı yeznə və 18 yaşlı qayın təyin olunmuş yerə gediblər. Burada isə Ə.Rzayev K.Hümbətovu bıçaqla vuraraq, qətlə yetirib.

Hadisə ilə bağlı Abşeron rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, yanvarın 4-də Uşaq Poliklinikasının yaxınlığında, “Günay” restoranının qarşısında 1993-cü il təvəllüdlü Rzayev Əmir Azər oğlu 1990-cı ildə anadan olmuş Hümbətov Kənan Oruc oğluna bıçaqla ağır xəsarətlər yetirib. 21 yaşlı K.Hümətovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Rzayev və P.Ağakişiyev tutulub.