BolgeXeber.Com » Şou-Biznes » Təranə Qumralın dağıtdığı ailə, Xumardan artıq qadınlar, Nazpərinin sevgilisi... - HƏFTƏBECƏR

Təranə Qumralın dağıtdığı ailə, Xumardan artıq qadınlar, Nazpərinin sevgilisi... - HƏFTƏBECƏR

4-05-2015, 10:15
Oxunub: 5 840 Təranə Qumralın dağıtdığı ailə, Xumardan artıq qadınlar, Nazpərinin sevgilisi... - HƏFTƏBECƏRNadir Qafarzadə təzə hit istehsal edənə kimi piar olunmağın yeni metodunu tapıb

BOLGEXEBER.COM jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan “Həftəbecər”i (27-ci say) təqdim edir.

Əsas məsələlərə keçməzdən öncə may ayının başlaması münasibətilə çörəyi toydan çıxan bütün şou nümayəndələrinə dərin hüznlə başsağlığı verirəm. Bizim də gözlərimiz bir az istirahət edər “filan kababxanada filankəslə “selfie” tipli paylaşımlardan. Zalım uşağı elə bil Hollivudda çəkdiriblər. Özü də əgər bu fotolar müğənniyə babat pul verən bölgədə, məsələn Şəmkirdə çəkilibsə, elə bil həmkarlarına ikiqat acıq verirlər, bir şəkli dörd dəfə paylaşırlar. Amma bu həm də sənətçinin yaxşı pul tutduğu (qazandığı) bölgəyə sevgisi kimi də qələmə verilə bilər. Yeri gəlmişkən, bəzi sənətçilər Şəmkirdən təkcə babat pul tutmurlar, hələ uşaq “tutanlar” (qazananlar) da var.

Hələ ki səhhətimdə heç bir problem yoxdur. Yəni, belə getsə, bəlkə də, yüz il yaşayardım. Amma bu Telli Borçalının duzsuz açıqlamaları məni vərəmlədəcək. Adamın yaşı əllini haqlayıb, hələ də 18 yaşlı qızlar kimi elçi gəlməkdən, toydan, nişandan danışır. Rəhmətliyin nəvəsi, kim istəyir, Allahına şükür elə, get də. Ya da Şəbnəm Tapdıq kimi birdəfəlik “zabastovka” elə. Sitat: “O qədər olub ki, qapıma elçilər gəlib. Amma hamısı da deyir ki, sənətini at. Mən də razılıq verməmişəm. Nə olar ki, saz çalıb, söz deyəndə? Həyat yoldaşım gərək məni başa düşsün, yoxsa ərə getmərəm”.

Ay Telli, 5-10 il də səbr elə, yaxşı olacaq. İraq olsun, birdən elə bilərsən Əzrayılı-filanı deyirəm. Yəni deyirəm ki, bir az da gözlə, yaxşı olmalıdır.

Nadir Qafarzadə təzə hit istehsal edənə kimi piar olunmağın yeni metodunu tapıb. Guya şəxsi həyatı barədə danışmaq özünün xoşuna gəlmir. Amma hansı sayta baxırsan, şəxsi həyatından danışıb. Daha doğrusu, guya kimsə şayiə yayıb ki, sənətçinin bacısı süpürgəçi işləyir. Sonra da yazıblar ki, “Tarqovı”da yaşayır: “Mənim bacımın ailəsi var, kənddə yaşayır. Heç bilmir ki, “Tarqovı” haradır. Heç yerdə işləmir. Bacıma özüm maddi yardım göstərirəm. Süpürgəçi işləsə belə, bu, ayıb deyil”. Təzə hitə kimi belə söhbətlər çox olacaq hələ.

İlhamə Quliyeva yenə, özü demişkən, qılıncı əlində oturub ağ atın belində. Bu dəfə Nazpəri Dostəliyevanın sevgilisinin adını açıqlayıb. Deyib ki, Sakit adlı şəxs xalq artistinə Novxanında üçmərtəbəli villa tikdirir. Məsələ villada deyil e, primadonna deyir ki, mənə olan borcunu versin, sonra lap istəyir, malikanə tiksin.

Məleykə Əsədova “Gündəlik” verilişində qonaq olub. Verilişə baxmamışam, amma sosial şəbəkələrdə oxuduğuma görə, xalq artistinin əynindəki geyimlərin ümumi parçasından 8 aylıq uşağa yaxşı bir bələk çıxarmış. May ayında da belə qalın paltar geyinərlər, adam tıncıxar e (yəni darıxmaq, boğulmaq, sıxılmaq)...

Rəqsanə İsmayılova sürprizləri sevən xanımdır. Elə uşaqlıqdan belə olub. İndi də həyat yoldaşı onu sevindirməkdə davam edir. Bu dəfə efirə ona üç dəstə çiçək göndərib. Üstünə də yazıblar ki, səni sevirəm. Ətiniz tökülsün. Bunu mən deyirəm, gülün üstündə yazılmayıb.

Teleaparıcı Elgiz Əkbər toyu ilə bağlı həmkarlarına qadağa qoyub. Deyib, bunu ona görə edirəm ki, məclisdəkilər özlərini narahat hiss etməsinlər. Allah xoşbəxt eləsin.

Aktyor Elməddin Cəfərov “Tək səbir”in rəhbəri olmuş Həsən Əliyevdən gileylənib. Dediyinə görə, Həsən Əliyev ona və “Tək səbir”in digər üzvlərinə atıb, verdikləri solo-konsertdən aktyorlara cəmi 70 dollar pul verib. Həsən Əliyevin də cavabı gecikməyib. Həsən də qayıdıb deyib ki, Elməddin mənim sayəmdə tanınıb, Allahından utansın. Mən də deyirəm ki, tərəflərin hər ikisi bir balaca utansa, məsləhətdir.

Xumar Qədimova təzəlikcə yeni mahnısını təqdim edib. İndi mahnı qalıb bir qıraqda, hamı sənətçinin verdiyi açıqlamadan danışır. Deyilənə görə, Xumar Qədimova 400-500 manat qazanan kişiylə yaşaya bilməyəcəyini bildirib və əlavə edib ki, onun yaşayacağı kişinin qazancı mininim 7-8 min manat olmalıdır. Bizim də bir qonşumuz var, üç gündür məni girinc eləyib ki, bankdan faizə 6500 manat götürmüşəm, görəsən, məni sevər? Zarafat bir qırağa, amma bu açıqlama verilibsə, ayıbdır. Ən azı, 400-500 manat qazanan kişilərin xanımlarından. Onların heç biri Xumar Qədimovadan əskik qadın deyil, əksinə, bəlkə də, artıqdır. Yox, əgər belə bir açıqlama verilməyibsə, kimsə xəbəri oxutdurmaq naminə bu yola əl atıbsa, ona ayıb olsun.

Deməli, Təranə Qumral bu yaxınlarda hansısa verilişdə açıqlama verib ki, qaynanası Gülbikə xanım onu bütün gəlinlərindən çox istəyir. Elə mən bildiyimə görə, çox istədiyindən deyib ki, gedin, məndən uzaqda yaşayın, təki xoş sədanızı eşidim. Əlqərəz, indi qadın da mətbuata açıqlama verib. Deyib ki, mən Təranə Qumralı gəlin hesab etmirəm. Çünki onu gəlin gətirməmişəm. Sonra əlavə edib ki, Təranə Qumral Musa Musayevin ailəsini dağıdır. Ardını özünüz oxuyun:

“Mən digər gəlinlərimi çox istəyirəm, Təranəni yox. O, 20 ildir ki, Musa balamı mənə həsrət qoyub. Təranə ilə danışmaram. O bizim başımıza nələr gətirmədi? Musanı dəli elədi. Məni də cadugər hesab edir. Onu necə gəlin hesab edim? Məni övladıma tamarzı qoyub. Musaya zəng edirəm, imkan vermir ki, oğlumla beş kəlmə söz danışım. Necə qəbul edim o gəlini? Yalan deyir. Mən heç onu görməmişəm, heç görüşməmişəm də”.

Kimi illərlə övlad həsrəti çəkir, kimi də övladını tələf elətdirir. Mətanət Əsədova kimi. Dediyinə görə, övladını saxlaya bilməyəcəyindən qorxub, tələf elətdirib. Amma indi ana olmaq istəyir. Yəqin ki, indi uşağı saxlamağa imkanı var.

“Həftəbecər”də bir sənətçi haqda iki dəfə yazmaq çox nadir hallarda olur. Amma xüsusi hal olduğu üçün nəzərə alıram. Hörmətli sənət nümayəndələri, Rəqsanənin bu açıqlamasını məhz sizə görə təqdim edirəm. Diqqətlə oxuyun, özünüzə lazım olacaq, mənə yox: “Şou-biznesdəki əksər müğənnilər düzgün geyinməyi bacarmırlar. Elələri var ki, heç verilişə necə geyinməyin vacib olduğunu bilmirlər. Hər verilişin öz saç düzümü və geyimi var. Bir də görürsən ki, səhər verilişinə əndrabadi toy "priçoskaları" ilə qatılırlar. Bir az dəb verilişlərini izləyin”.

Düz deyir də, efirə "qraqadil" dərisi geyib çıxırsız. Əvvəlcə bir "şevedrə" mahnı yazdırın, sonra özünüzü "Merilin Monuro"ya oxşadarsınız.

P.S. Yeri gəlmişkən, “qraqadil”, “şevedrə” və “Merilin Monura” ifadələri İsmayılovanın şəxsi leksikonundandır. Yəni, yer üzündə mövcud olan beş mindən artıq irili-xırdalı heç bir dildə belə sözlər yoxdur.