BolgeXeber.Com » Ölkə » “Gilan Seramik” MMC-də nə baş verir?

“Gilan Seramik” MMC-də nə baş verir?

4-05-2015, 15:44
Oxunub: 7 797 “Gilan Seramik” MMC-də nə baş verir?İşçilər ayağa qalxdı-Prezident İlham Əliyevə və FHN naziri Kəmaləddin Heydərova müraciət:”Zavodun direktoru Emin Mirzəyev bizi adam yerinə qoymur, bütün hüquqlarımız kobud surətdə pozulur, xahiş edirik təcili tədbir görün...”

Artıq neçənci dəfədir ki, “Gilan Seramik” MMC-dən “Təzadlar”a dəhşət saçan şikayət məktubu daxil olur... Burada çalışan və əsasən Şirvan və Hacıqabul rayonundan olan işçilər Prezident İlham Əliyevin açılışına gəldiyi, fəaliyyətinə xeyir-dua verdiyi bu zavodda insan haqlarının diləgəlməz formada təhqir olunub incidilməsini və s. artıq qəbul edə bilmədiklərini yazırdılar... Lakin dəfələrlə cəhd etsək də zavod rəhbərliyi ilə əlaqə yarada bilmirdik, direktor gözə dəymir, üzə çıxmırdı... Nəhayət, bu gün Hacıqabul rayon sakini Emil Nəzərov bir qrup işçilər adından qan donduran şikayət-müraciəti “Təzadlar”a göndərib. Prezident İlham Əliyevə, FHN naziri Kəmaləddin Heydərova ünvanlı şikayət məktubu çapa hazırlanır. Bizi izləyin... Tezliklə tam mətni təqdim olunacaq.
“Təzadlar”
P.S.Digər saytların bu məlumatı dərc edərkən “Təzadlar”a istinad etməsini xahiş edirik.
***
Saat: 17:14
Beləliklə, “Gilan Seramik” MMC-nin direktoru Emin Mirzəyevin qanunsuz hərəkətləri, işçilərlə qul kimi rəftarı etməsi, haqqını tələb edənlərə töhmət adı altında maaşlarının yüksək dərəcədə kəsilməsi kimi Azərbaycan Əmək Məcəlləsinə zidd addımlar atması və s. barədə dəhşət saçan müraciəti təqdim edirik:
-Salam çox hörmətli cənab Prezident İlham Əliyev!
Hörmətli nazir cənab K.Heydərov”
Hörmətli “Təzadlar”!
Mən ,Hacıqabul rayon sakini Emil Nəzərov, ali təhsilli iqtisadçıyam. 13 aydır Hacıqabul rayonunda yerləşən “Gilan Seramik” MMC-də işləyirəm. Zavodda soba bölməsində işləyirəm. Mart ayında zavoda nazir Kəmaləddin Heydərovun gəlməsi ilə əlaqədar tez zamanda qış uniforması gətirdilər. İşlədiyimiz bölmə çox isti olduğu üçün bölmə kollektivi adından direktorumuz Emin Mirzəyevə yazılı şəkildə ərizə ilə müraciət etdik. Hər kəsin də imzası və adı var idi (Sizə göndəririk). Mən kadrların rəsi Azər Ağazadəyə təqdim etməyə apardım. Hər şey də ondan sonra başladı. Mənə dedilər, sizə nə verilib, onu da geyinməlisiniz. Deyirəm ki, qış formasıdır, istidən pişməcə olmuşuq, dərimiz qotur tökür... Hərəkət etmək olmur, bununla çox istidir. Dedilər, xoşun gəlmir, qapı açıqdır. Dedim, bizim hüququmuz var, Prezident İlham Əliyev arxamızdadır, hüquqlarımızın müdafisi cənab prezidentin nəzarətindədir... Sonra qərara gəldik ki, direktora müraciət edək (Əmək Məcəlləsi 263. Kollektiv tələblərə baxılması). İki gün əvvəl- 30.04.2015-ci il tarixdə direktor Emin Mirzəyev gecə növbəsində zavoda gəlib əsəbi halda dedi ki, “Siz mənə ərizə yaza bilməzsiniz! Hər kəsə demişəm ki, parçanı seçmişəm, yaxın vaxtda formalar gələcək.” Amma mən istehsal üzrə rəisə yaxınlaşmışdım bu barədə, demişdi ki, “hələlik formalardan əlinizi üzün”.
May ayının 1-i məni ofisə çağırıb deyirlər ki, “Direktor Emin Mirzəyev səni işdən azad edir”. Kadrların rəisi Azər Ağazadəyə dedim ki, “Əgər elədirsə, təzminatım ödənilsin, işdən çıxım (ƏM, maddə 70,77,78,80). Həmçinin məzuniyyətə də çıxmamışam, onu da üzərinə gəlin.”
Çıxdılar, direktorla danışdılar. Geri qayıdanda heç nə demədilər. Mənə yalnız aprel ayının maaşını verdilər. Və zavodu tərk etdim. Amma çıxmaq barədə ərizəmi yazmamışam.
Onu da qeyd edim ki, Direktor yeni gələndə (yeni işə başlayarkən), “Mənim qapım hər bir işçimizin üzünə açıqdır” demişdi.
Amma keçən dəfə bir xadiməçi yaxınlaşdığı üçün , ona izahat yazdırmışdılar ki, niyə direktora yaxın getmisən???
Hörmətli cənab Prezident!
Hörmətli nazir!
Biləsiniz ki, sizlər Hacıqabul kimi bir rayonda yeni iş yeri yradıb Rusiyaya iş ardınca gedənlərimizin qarşısını almaqla tarixi iş görürsünüz. Amma direktor Emin Mirzəyev qeyd olunan və qeyd edə bilmədiyim, ayıb sayılan hərəkətlərlə bu humanist qərarınıza kölgə salır. Zavodda izahatların, xəbərdarlıqların, töhmətlərin sayı hesabı yoxdur. Nazir K.Heydərov zavoda gələndə təlimat lövhəsindən bütün töhmətləri yığışdırmışdılar. İndi isə işçilərə özlərinin tərtib etdikləri izahatı yazdırırlar. Yazmayanı isə deyiblər ki, “işdən azadsan”. Bir töhmətin və ya xəbərdarlığın cəzası isə az qala maaşın yarısının kəsilməsi deməkdir. Ona görə də zavodda heç kim səsini çıxara bilmir. Ağzını açan ya işdən gedir, ya da maaşdan məhrum olur.
Xahiş edirik, zavodda qayda yaradılsın. Yoxsa işçilər kütləvi tətilə hazırlaşır. Direktorun qanunsuz hərəkətlərinə son qoyulmalıdır!
Redaksiyadan: istirahət günü olduğundan cənab nazir K.Heydərovun məsələyə dair mövqeyini öyrənə bilmədik... Lakin şikayət aidiyyəti üzrə dövlət orqanlarına göndərildi.
Məsələyə dair əlavə məlumatı bizdən izləyin.
“Təzadlar”ın Araşdırma Qrupu