BolgeXeber.Com » Sosial » Rüşvət alan yol polislərinin adları açıqlandı

Rüşvət alan yol polislərinin adları açıqlandı

17-01-2012, 23:40
Oxunub: 4 899 Rüşvət alan yol polislərin adları açıqlanıb

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Bolgexeber.com-a açıqlamasında bu məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırmaların aparıldığını bildirib: “Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə Daxili İşlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa daxil olub. Hazırda həmin materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.
Qeyd edək ki, Dövlət Yol Polisi əməkdaşlarının sürücülərdən rüşvət alması ilə bağlı “Azadlıq” radiosunun saytında yayılan videogörüntülərə dair aparılan araşdırma başa çatandan sonra həmin yol polisləri daxili işlər orqanlarından xaric ediliblər. Həmin üç nəfər daxili işlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edildikdən sonra toplanmış materiallara hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdi.