BolgeXeber.Com » Ölkə » Bakıda uçurulacaq məmur villalarının şok ünvanları - "Varlılar" məhləsinin qara günləri...

Bakıda uçurulacaq məmur villalarının şok ünvanları - "Varlılar" məhləsinin qara günləri...

26-05-2015, 12:37
Oxunub: 12 852 Bakıda uçurulacaq məmur villalarının şok ünvanları - "Varlılar" məhləsinin qara günləri...Bir çox məmur və oliqarxların Bakının Səbayel rayonunda, Salyan şosesi, 37 ünvanındakı villalarının söküntüsünün miqyası genişlənir

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov bildirib ki, artıq paytaxtda 44 qanunsuz villa sökülüb.

Dünən isə”Unikal”ın etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, yaxın günlərdə Bakıda məmur villalarının sökülməsinin daha geniş dalğası start götürəcək. Bu barədə bir qədər sonra.
Öncə dediklərimizi sübut edən yeni bir gəlişmə haqqında: dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası qanun layihələri müzakirə olunub.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, bu dəyişikliklər torpaqların qeyri-qanuni zəbt olunması və təyinatına uyğun istifadə edilməməsi ilə bağlı cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə İnzibati Xətalar və Cinayət Məcəllələrinə dəyişiklik barədə məlumat verib. O bildirib ki, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla mane olmaya görə min beş yüz manatadək cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətdə azadlıqdan məhrum edilməsi təklif olunur: “Bu Məcəllənin 188.1-ci maddəsində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə üç min manatdan beş min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur. Dəyişikliklərə əsasən, bu əməllər təkrar törədildikdə, eləcə də şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə beş min manatdan yeddi min manatadək cərimə və ya bir ildən üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq”.
Yeri gəlmişkən, həmin iclasda Bakıda qanunsuz tikilən villaların sökülməsindən söz açan E.İbrahimov bu məsələdə vəzifəli şəxsləri ittiham edib: “Vəzifəli şəxs olmasa, kim qanunsuz torpaq zəbt edə bilər? Kim o torpaqda villa tikə bilər. Bu hər kəsə aydındır. Aksiomadır. Bunların qarşısı alınmalıdır. Bu gün qanunsuz zəbt edilmiş ərazilərdə villalar tikilir. Kimdən soruşsan deyir mənim deyil. Bəs, bu villa göydən düşüb? Necə torpaq veriblər ki, heç kimin xəbəri yoxdur. Bəs, necə tikiblər yenə heç kimin xəbəri yoxdur? İndi sökülür yenə sahibi yoxdur”.
Millət vəkilinin sözlərinə görə, hamı bilir ki, sökülən villalar kimindir: “Qanunsuz torpaq zəbt etmək olmaz axı. Bu torpaqları Allah, ondan sonra Ulu Öndər Heydər Əliyev bizə verdi ki, gedib kənd təsərrüfatı məhsulu istehsal edək. Villa tikmək üçün verilməyib ki?”.
E. İbrahimov bildirib ki, hasara alınan bir çox torpaqlarda heç bir iş aparılmır: “Bu gün hektarlarla torpaq sahələri hasarlanıb. Ancaq, nə tikinti işləri aparılır, nə də əkin-biçin. Biz bu hasar xəstəliyindən qurtulmalıyıq”.
İstər torpaqların qeyri-qanuni zəbt olunması və təyinatına uyğun istifadə edilməməsi ilə bağlı cəzaların sərtləşdirilməsi təklif olunması, istərsə də E. İbrahimovun məçlum villalarla bağlı açıqlaması bir daha təsdiqləyir ki, Azərbaycanda vəzifəli şəxslərin dəyəri milyonlarla manata bərabər olan və qeyri-qanuni inşa edilən dəbdəbəli mülklərinin sonunun çatdığı barədə əldə etdiyimiz informasiyalar həqiqəti əks etdirir. Eyni zamanda qanunsuz şəkildə torpaqları ələ keçirən, orada çirkli yollarla əldə edilmiş pullar hesabına təmtəraqlı villalar tikdirən məmurları qarşıda olduqca ağır günlərin gözlədiyi, onların həbs edilməsi üçün qanunverici bazanın yaradılmağa başlanıldığı da artıq şübhə doğurmur.
“Unikal”ın əldə etidiyi məlumata görə, Bakının bir neçə yerində “varlılar məhəlləsi” kimi ad çıxaran ünvanlardakı dəbdəbəli məmur mülklərinin söküntüsü uzaqda deyil. Bu sırada Nərimanov rayonu ərazisində - Teymur Əliyev küçəsində, Qaradağ rayonundak Xəzər dənizinin sahili boyunca (Şıxovdan Sahil qəsəbəsi istiqamətində), Binəqədi rayonunun Rəsulzadə (keçmiş “Varovski”) qəsəbəsində Zərifə Əliyeva adınap parkla üzbəüz yerləşən məmur villalarını göstərmək olar.
Həmin villaların sahibləri arasında hazırda kifayət qədər yüksək post tutan bəzi oliqarxlar və sabiq nazirlər, komitə sədrləri və millət vəkillərinin imarətlərinin olduğu bildirilir. Həmin imarətlərin əksəriyyəti qeyri-qanuni şəkildə, başqa şəxslərin adlarına formal şəkildə sənədləşdirilərək tikilib.
İndi isə onların uçurulması gündəmdədir. Ölkə başçısının bir neçə gün əvvəl belə villalarla bağlı sərt çıxışı da aldıqları aylıq maaşla müqayisədə yüz dəfələrlə yüksək qiymətə tikilən və məhz korrupsiya pulları bahasına, eyni zamanda ölkə qanunlarına saymazyanalıq nümayiş etdirilməklə inşa olunduğu şübhə doğurmayan həmin villaların buldozerlərin qabağına verilməsini qaçılmaz edir.
Bildirilir ki, xeyli məmur qanunsuz villalarının aqibətindən narahat olsalar da, məsələnin dövlət rəhbərinin nəzarətində olması, eyni zamanda özlərini ifşa etmək istəməmələri səbəbi ilə etiraz etməyə cəsarət göstərmək iqtidarında deyillər.
BOLGEXEBER.COM