BolgeXeber.Com » Şou-Biznes » “Bomba kimi gəlirəm!”

“Bomba kimi gəlirəm!”

22-01-2012, 23:30
Oxunub: 5 483 Sənətçi jurnalistlərlə söhbəti zamanı göz yaşlarına sahib ola bilməyib

Ötən il silahlı hücuma məruz qalaraq başından yaralanan Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs həm səhhətilə, həm də gələcək planları ilə bağlı mətbuat nümayəndələri qarşısında açıqlama verib. Bolgexeber.com Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Fənərbaxça” ilə “Kayserispor” futbol klublarının oyununu izləyən İbrahim Tatlısəs daha sonra jurnalistlərlə söhbət edib. Oyun zamanı həyat yoldaşı Ayşegül Yıldız və yaxın dostu aktyor Aydemir Akbaş da ona yoldaşlıq edib.

Oyundan sonra mətbuat nümayəndələri ilə söhbəti zamanı səhhətinin günü-gündən yaxşılaşdığını deyən sənətçi heyranlarına bir çox sürprizlər edəcəyini söyləyib. Mikrofonlara və yanında oturan dostuna zarafatyana yumruq vuran İbrahim Tatlısəs sonradan İstanbuldakı xəstəxanaların vəziyyətilə bağlı söhbət açıb. Sənətçi tamam sağalandan sonra fiziki müalicə üzrə bir xəstəxana açmaq fikrində olduğunu bildirib. O bu fikrə İstanbulda müalicə üçün getdiyi xəstəxanalarda şəraitin yetərsiz olduğu üçün gəldiyini deyib. İstanbulda müalicə aldığı xəstəxananın rəhbərlərinin ondan istifadə etdiyini deyən İbrahim Tatlısəs həmin xəstəxanada xəyal qırıqlığına uğradığını da gizlətməyib:

“Həmin xəstəxananın rəhbəri hələ də mənim adımdan istifadə edir, internetdə məlumatlar verir. “İbrahim Tatlısəs xəstələrə örnək oldu” deyirlər. Xəstəxanaya yeni robot gətirdiklərini deyirlər, amma bu günə qədər həmin robotu nə gördüm, nə də ondan istifadə etdim. Amma hər gün kanallarda mənim adımdan istifadə edirlər. Buna inanıb gələn xəstələrin də, mənim kimi ümidləri puç olur. Bunları deməklə xəstələri başa salmaq istəyirəm ki, hər eşitdiklərinə inanmasınlar”.

İbrahim Tatlısəs pərəstişkarlarını yeni musiqi albomu çıxaracağı ilə də sevindirib: “Bomba kimi gəlirəm. 3 aya yeni kasetim çıxır. Albomda türk və kürd dillərində musiqilər olacaq. Onların içərisində insanları ağladacaq musiqilər də var. Onlardan ən gözəli “Kürd süfrəsi” adlı musiqidir. Özüm dəfələrlə dinlədim və ağladım. Mənim ifamda dinləyən hər kəs ağlayacaq. Çünki mənim üçün yazılan musiqidir”.

Bundan başqa, İbrahim Tatlısəs müalicə aldığı zamanda yanında olan hər kəsə təşəkkür edib. Onların duaları ilə ayağa qalxdığını deyən sənətçi bu zaman ərzində insanları yaxşı tanıdığını bildirib.

“Dostumu, düşmənimi yaxşı tanıdım. İnsan büdrəyəndə, yıxılanda hər şeyi yaxşı anlayır, hər şeyi yaxşı görür, nəyə qadir olduğunu, nə olduğunu dərk edir”, - söyləyən İbrahim Tatlısəs vurulduğu gün qapısına əmlakını müsadirə etmək üçün məmurlar gətirənlərin də olduğunu deyib.

Sonda İbrahim Tatlısəs əsəblərini cilivlaya bilməyib: “Allah heç kəsi bu hala salmasın, hətta məni bu hala salanları belə. Çünki bu hal dözülməzdir”, deyə İbrahim Tatlısəs göz yaşlarına sahib ola bilməyib.