BolgeXeber.Com » Ölkə » Azay Quliyev: “Avropa Oyunları ilə bağlı 29 layihəyə 300 min manat vəsait ayrılıb” - VİDEO

Azay Quliyev: “Avropa Oyunları ilə bağlı 29 layihəyə 300 min manat vəsait ayrılıb” - VİDEO

2-06-2015, 11:16
Oxunub: 4 230 Azay Quliyev: “Avropa Oyunları ilə bağlı 29 layihəyə 300 min manat vəsait ayrılıb” - VİDEO“Bakı-2015” I Avropa Oyunları və ictimai davranış qaydalarına aid qeyri-hökumət layihələrinin icra vəziyyəti müzakirə olunub

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, ölkədə keçiriləcək Avropa Oyunları ilə bağlı 29 layihəyə 300 min manat vəsait ayrılıb. O deyib ki, məqsəd cəmiyyətin maariflənməsi və vətəndaş cəmiyyəti institutlarının bu yarışa öz töhfəsini verməsindən ibarətdir: “Biz eyni zamanda bu yarışla bağlı ictimai davranış layihələrini də dəstəkləmişik. Bu gün ilk Avropa Oyunları hamının məsuliyyətidir və biz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik”.

A. Quliyev təəssüflə qeyd edib ki, müəyyən sahələrdə, xüsusən də sürücülərin davranışı ilə bağlı problemlər mövcuddur: “Məni narahat edən məsələlərdən biri də budur ki, sürücülərimiz elementar qaydalara əməl etmir, lazımsız səs siqnallarından istifadə edərək, insanları narahat edirlər. Digər tərəfdən isə restoranlarda xidmət səviyyəsi artırılmalıdır, qiymətlər süni şəkildə qaldırılmamalıdır. Yəni, bizim məqsədimiz ondan ibarətdir ki, qeyri-etik davranışlar nəticəsində, çəkdiyimiz əziyyət hədər getməsin. Çünki Avropa Oyunları Azərbaycan xalqının uğurudur, bizim hamımızın adıdır”.

Daha sonra mövzu ətrafında müzakirə başlayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, yol hərəkəti iştirakçılarının mədəni səviyyəsinin yüksəldilməsi olduqca vacibdir: “Bununla bağlı xeyli təbliğat işləri aparılır və bunlar da işin keyfiyyətinə müsbət təsir göstərir. Təəssüflər olsun ki, təkcə səs siqnalları deyil, parklanma, avtomobili yüksək surətlə idarəetmə və digər neqativ hallar da Baş verir”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni İctimai Nəzarət Vətəndaş Cəmiyyəti Koalisiyasının yaradılmasını təklif edib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı da çıxışında Avropa Oyunlarının Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət daşıdığını söyləyib. O, sürücülük mədəniyyətinin yüksəldilməsi üçün kütləvi informasiya vasitələrində müzakirələrin təşkil edilməsini təklif edib.
BOLGEXEBER.COM