BolgeXeber.Com » Xəbərlər » Xaləddin İsgəndərovun evtikmə korrupsiyası – ŞİKAYƏT

Xaləddin İsgəndərovun evtikmə korrupsiyası – ŞİKAYƏT

17-06-2015, 16:36
Oxunub: 4 123 Xaləddin İsgəndərovun evtikmə korrupsiyası – ŞİKAYƏT“Mənə bildirdilər ki, əgər ev tiksən, buldozerlə dağıdılacaq. Onu da bildirdilər ki, Xaləddin İsgəndərov heç kimə güzəşt etmir"

“Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 31.01.2015-ci tarixli 1115005208 qeydiyyat nömrəli Çıxarışla Binəqədi rayonu Goradil kəndindəki torpaq sahəsində kirayə yaşamaqdan canımı qurtarmaq üçün birmərtəbəli ev tikmək istədim. Bu məqsədlə Binəqədi İcra Hakimiyyətinə rəsmi olaraq müraciət etdim.
Evin lisenziyalı şirkət tərəfindən hazırlanmış 3 nüsxədən ibarət eskiz layihəsini RİH-nin Rayon Təsərrüfatı şöbəsinə, baş memar Şahin Musayevə təqdim etdim. 5 dəfə ayrı-ayrılıqda layihədə xırda dəyişiklik edilməsinin vacibliyini vurğulayaraq məni get-gələ saldı”.

TİA.AZ-a göndərdiyi şikayət məktubunda Həsən Babayev belə yazıb. Onun sözlərinə görə, jurnalistdir. H.Babayev bildirib ki, prezident İlham Əliyev Azərbaycanda məmur özbaşınalığı və korrupsiyaya qarşı sərt mübarizə elan edib. Buna baxmayaraq, Binəqədi RİH-də olan məmurlar öz fəaliyyətini davam etdirir.
“Hər dəfə layihəni dəyişmək mənə maddi zərər bahasına başa gəlirdi. Nəhayət 5-ci dəfə dəyişiklikdən sonra heç bir problem olmadığını deyərək layihəni və rəsmi müraciəti qəbul etdi. Bir ay keçdikdən sonra ev tikməklə bağlı müraciətimə verilən cavabda qeyd olundu ki, evin dam örtüyü müvafiq qanunvericiliyə uyğun tərtib edilməyib. Məlum oldu ki, baş memar icra başçısı Xaləddin İsgəndərovun göstərişi ilə bu addımı atıb,”-deyə H.Babayev qeyd edib.

O iddia edir ki Binəqədi rayonu ərazisində sənədinin olub-olmamasından asılı olmayaraq ev tikməyin rüşvəti 8-15 min manat arasında dəyişir: “Bunu da torpaq sahəmiz olan ərazidəki sakinlərin dilindən eşitmişik.
Hətta həmin ərazidə bizim qonşuluqda olan bir nəfərin evini rüşvət vermədiyi üçün buldozerlə dağıdıblar. Yəni bu rüşvət birbaşa Xaləddin İsgəndərovun cibinə gedir. Mətbuatda yazılanlara görə, başçı bu işlə bağlı xüsusi dəstə saxlayır”.
Şikayətçi dəfələrlə icra hakimiyyətinə müraciət edib: “Mənə bildirdilər ki, əgər ev tiksən, buldozerlə dağıdılacaq. Onu da bildirdilər ki, Xaləddin İsgəndərov heç kimə güzəşt etmir. Əlbəttə, bütün bu deyilənləri icra başçısı qəbul etməyə bilər. Guya evin dam örtüyü qanunvericiliyə uyğun tərtib edilməyib. Əgər belə bir hal var idisə, nə üçün baş memar layihəyə 5 dəfə baxan zaman iradını bildirməyib. Deməli, ortada başqa məqsədlər var.
Xaləddin İsgəndərov hələ də öz çirkin əməllərindən əl çəkmək istəmir. Özünün rüşvət piramidasını genişləndirməkdə qərarlıdır. Bütün bu çirkin əməlləri ilə cənab Prezidentin apardığı siyasətə, dövlət maraqlarımıza zərbə vurmaq icra başçısının təxribatçı niyyətlərindən xəbər verir”.
BOLGEXEBER.COM