BolgeXeber.Com » Xəbərlər » Heydər Əsədov pomidor satandı? - Azər Qaramanlı yazır...

Heydər Əsədov pomidor satandı? - Azər Qaramanlı yazır...

22-06-2015, 18:59
Oxunub: 4 220 Heydər Əsədov pomidor satandı? - Azər Qaramanlı yazır...Kənd təsərrüfatı naziri özünün nə işlə məşğul olduğunu belə bilmir.

Bir neçə gün əvvəl Heydər Əsədov İmişli, Xocavənd, Füzuli, Beyləqan rayonlarının sakinləri üçün «qapısını açıb». Bizdə bu son zamanlar nazirlərin adətinə çevrilib. Yəni nazirlərimiz gedirlər rayonlara və orda «qapılarını açırlar» (halbuki bu qapılar Bakıda açılmır). Deyirlər ki, buyurun millət, dərdinizi anladın. Bu gün mənim qapım açıqdır. (Hər halda bu millət buna da şükür etməlidir). Amma dərd orasındadır ki, nazirlərin bu «açıq qapısından» bir dəfə keçən, ikinci dəfə keçə bilmir. Heç bir problem də həll olunmur. Çünki problem yenə yerdə «blok»edilir və həmin adam özünü yandırsa da, bir daha nazirin «açıq qapısından» içəri girə bilmir.

Son olaraq kənd təsərrüfatı naziri Heydər Əsədov yuxarıda da qeyd etdiyim rayon sakinləri üçün «qapısını açıb». Və vətəndaşları qəbul edib, onların dərd-sərini dinləyən nazir üzünü millətə tutaraq qəribə bir sual səsləndirib. Bu sual sual olmaqdan daha çox kəndliyə tənə olub. Sual isə çox bəsit bir cümlə olub. Cəmi dörd kəlmə. Amma nə kəlmə?

Cənab nazir üzünü məhsulunu sata bilməyən şikayətçilərə tutub deyib ki, «A kişilər, mən pomidor satanam?». Doğurdan da maraqlı sualdır və mən ilk növbədə hörmətli nazirdən soruşmaq istəyirəm: Cənab nazir əgər siz pomidor satan deyilsizsə, o zaman vəzifənizin adı nədir? Bunu mənə anladın lütfən.

Siz pomidor, buğda, tərəvəz satmağı özünüzə ar etdiyinizə görə bu ölkənin kəndlisi dilənçi vəziyyətində yaşayır. Halbuki o kəndli Hollandiyanın, Litvanın, Gürcüstanın, İsrailin vəsaitili kəndlisindən daha varlı yaşamaq imkanına malikdir. Bunun üçün bu ölkədə bütün resurslar var. Amma sizin rəhbərlik etdiyiniz nazirlik bu ölkənin kəndlisini dilənçi vəziyyətə salıb. Çünki onun məhsulunu satmırsınız. Çünki məhsulun maya dəyərininin süni sürətdə artırılması üçün hər şeyi edirsiniz. Məhsulun kəndlinin əlində çürüməsi üçün də hər şeyi edirsiniz.

Hesab edirsiniz ki, kəndlinin pomidorunu satmaq sizin vəzifəniz deyil. Sizin vəzifəniz «dövlət proqramlarını uğurlu bir şəkildə həyata keçirməkdir». Amma hardadır o uğur? Görünmür. Hətta uğur olsa belə, siz hesab edirsiniz ki, sizin vəzifəniz alverçilik deyil... Amma bütün məsələ orasındadır ki, sizin əsil vəzifəniz məhz kəndlinin pomidorunu satmaqdır. Bunu belə bilmirsiniz. Sizin vəzifəniz kəndli üçün davamlı bazar yaratmaq və bu bazarı həmişə əldə saxlamaqdır. Xüsusən də tez xarab olan kənd təsərrüfatı məhsulları üçün. Ki, o mallar kəndlinin əlində qalıb xarab olmasın.

Sizsə bunun əksini edirsiniz. Söhbət pomidordan getdiyinə görə elə onu soruşuram: Bu gün bu ölkəyə niyə xaricdən pomidlar gətirilir? Bu sualın cavabını verə bilərsiz? Və niyə pomidor bazarda bu qədər bahadır? Çünki sizin rəhbərlik etdiyiniz nazirlik yerli istehsalı məhv edib. Artıq kəndli həyətyanı sahəsində belə pomidor əkə bilmir. Çünki bütün yerli sortlar məhv edilib. Xaricdən gətirilən yeni sortlar isə yerli şəraitdə xüsusi qaydalarla yetişdirilməlidir. Bunu isə sizin «Səlim Müslümovun idarəsinə» yolladığınız kasıb kəndli edə bilmir.

Biz nəinki xarici bazara çıxa bilmirik, hətta daxili bazarı qoruya bilmirik. Sizin vəzifəniz bu deyilmi? O zaman siz vəzifənizin öhdəsindən gələ bilirsiniz? Bir mənalı olaraq, yox. Sizin rəhbərlik etdiyiniz nazirliyin bu günə qədər gördüyü tək iş daxili bazarı məhv etmək və Azərbaycanın daxili bazarını xaricdən gətirilən mallardan 100 faiz asılı etmək olub. Bundan başqa digər işiniz büdcədən kənd təsərrüfatının inkişafına yönləndirilən neft pullarını «buxarlandırmaq» olub. Ki, bu günə qədər dövlətin kənd təsərrüfatının inkişafına ayırdığı pulların hesabını aparsaq, adam dəhşətə gələr. (Biz dəhşətdən gözlərimizi bərəltməsək də, xaricilərin, lap elə gürcülərin, ermənilərin gözləri bərələ qalar. Çünki bizdə dəhşətə gəlməmək immuniteti yaranıb).

Sual olunur, cənab nazir, bu qədər vəsaiti, sərmayəni kənd təsürrüfatına yönləndiribsə, o zaman inkişaf hanı? Onu göstərə bilərsinizmi? Əgər sizin sənədlərinizdəki inkişaf varsa, o zaman niyə Azərbaycan bazarı tam olaraq xarici mallardan asılıdır? Və niyə bütün Azərbaycan xalqı mənşəyi bəlli olmayan məhsullarla qidalanır?

Ona görə ki, siz pomidor satmaq istəmirsiniz, cənab nazir. Sadəcə büdcədən ayrılan pullar sizin nazirliyin bütün əməkdaşlarının ehtiyaclarını görür və sizin doğrudan pomidor satmağa ehtiyacınız qalmır.

Azər QARAMANLI
pia.az