BolgeXeber.Com » Xəbərlər » Bakıda iş adamının özünü öldürməsinin təfərrüatları

Bakıda iş adamının özünü öldürməsinin təfərrüatları

23-06-2015, 10:37
Oxunub: 3 906 Bakıda iş adamının özünü öldürməsinin təfərrüatlarıMəzahir Cəfərovun intiharının səbəbləri haqda müxtəlif versiyalar dolaşır; Hacı İbrahim Nehrəmli deyib ki, qohumu özünü sarsıldığı üçün asıb


İyunun 20-də Nəsimi rayonu, Həsən Əliyev ünvanındakı mənzilində iş adamı Məzahir Cəfərov asılmış vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq araşdırmalardan sonra ilkin olaraq belə qənaətə gəliblər ki, M.Cəfərov özünü asıb. Məzahir Cəfərov niyə intihar edib sualı hələlik cavabsızdır. Amma ortada M.Cəfərovun intiharı ilə bağlı bir çox fərziyyələr var. Tikinti sektorunda kifayət qədər tanınan M.Cəfərovun adı gündəmə “STS” və “Sahil D Compani” MMC-də baş verən fırıldaqlarla gəlmişdi.

Bu ilin martında Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət olunan M.Cəfərova külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə saxtakarlığı və digər maddələrlə ittiham elan olunmuşdu. M.Cəfərov Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və pulu ödənmiş mənzilləri saxta sənədlərlə təkrar müxtəlif şəxslərə satmaqda ittiham olunurdu. Etibardan sui-istifadə etmə və aldatma yolu ilə 4 milyon 458 min manat ələ keçirməkdə təqsirləndirilirdi. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunurdu ki, istintaq müddətində vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatı ödənib. Başlanmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Lakin M.Cəfərov həbs olunmamışdı.

Cinayət işi materiallarında Sahib İbrahimov, İlham Qasımov və Taleh Abdullayev adlı iş adamlarının adları vardı. “BizimYol” qəzeti baş verənlərlə bağlı Sahib İbrahimov və İlham Qasımovdan müsahibə almışdı. Həmin müsahibədən məlum olur ki, əslində bu şirkətlərin sahibləri Sahib İbrahimov, İlham Qasımov və Taleh Abdullayev olublar. Məzahir Cəfərovun adı isə yalnız icraçı direktor kimi keçib.

İşdə 48 mənzilin 96 nəfərə satılması ilə adi vətəndaşlara dəyən ziyandan söhbət gedirdi. Nə mənzilini, nə də verdiyi pulu geri ala bilməyənlərdən biri - Yeganə Ağayeva virtual.az saytında müsahibəsində deyib ki, pulunu geri istəyəndə Sahib onu İlqarın yanına, İlqar da Sahibin yanında göndərib. M.Cəfərovun ittiham olunması onun imzasının 1 mənzilin 2 və daha çox şəxsə satılmasını təsdiqləyən sənədlərdə olması ilə əlaqəli idi. Müvafiq ekspertizalar da imzaların məhz M.Cəfərova məxsus olmasını təsdiqləyirdi.

“Sahil D” MTK-nın direktoru vəzifəsində çalışmış M.Cəfərov Hacı İbrahim Nehrəmlinin yaxın biznes ortağı olub, eyni zamanda İbrahimov qardaşlarından Sahib İbrahimovun tikinti işlərinə nəzarət edib. Hacı İbrahim Nehrəmli ANS-ə deyib ki. M.Cəfərov istintaqa cəlb olunandan sonra özünü yaxşı hiss etməyib: “Məzahir Cəfərov baş verənlərlə bağlı çox fikir edirdi. Həssas insan idi və bu səbəbdən baş verənləri ürəyinə salırdı. Buna görə də sağalmaz xəstəliyə tutulmuşdu”. Biznesmenin sözlərinə görə, qohumu xəstəliyə düçar olduğu üçün çox sarsılmışdı.

“Beynində bəd xassəli şiş vardı. Bilirdi ki, xəstəliyi müalicəsizdir. Öləcəyini bilirdi və ona görə də tez bir zamanda problemlərini həll etmişdi. Onun şəriki ilə tikdirdiyi binalardakı mənzilləri bir neçə nəfərə satmışdılar. Artıq onlar problemi həll etmişdilər. Onun borcu yox idi”, - deyə Hacı İbrahim Nehrəmli bildirib.

Onun sözlərinə görə, Məzahir Cəfərov beyin xərçəngi olduğunu biləndən sonra çox sarsılıbmış və özünə gələ bilmirmiş.

“Məzahir Cəfərov evli idi, 2 qızı yetim qaldı”, - deyə Hacı İbrahim Nehrəmli vurğulayıb.
Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.

Məlumat üçün bildirək ki, bu binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı. Özünü asan Məzahir Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı, Hacı İbrahim Nehrəmlinin yaxın qohumudur.

APA-nın məlumatına görə, 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun özünü asması faktı üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Yaxınları ilkin olaraq 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun intiharına ağır xəstəlikdən irəli gələn psixoloji durumun səbəb olduğunu göstəriblər. (musavat.com)