BolgeXeber.Com » Xəbərlər » Bakının mərkəzində vətəndaşlara real təhlükə... - Cavabdehlər susur...

Bakının mərkəzində vətəndaşlara real təhlükə... - Cavabdehlər susur...

25-06-2015, 16:23
Oxunub: 3 170 Bakının mərkəzində vətəndaşlara real təhlükə... - Cavabdehlər susur...Vətəndaşlar "zapravka"lardan gələn təhlükədən qorxurlar

Paytaxtın bir çox yerlərində yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Lakin əksəriyyətinin fəaliyyəti sürücüləri qane etmir. Demək olar ki, az sayda sürücü yanacaqdoldurma məntəqələrinin fəaliyyətindən razıdır. Belə zapravkalardan biri də "İST Petrol"dur. Sözügedən yanacaqdoldurma məntəqəsinin fəaliyyəti qənaətbəxş hesab olunmur. Vətəndaşları narahat edən məsələ sözügedən "zapravka"nın müvafiq yerdə yerləşməməsidir.
Paytaxtda fəaliyyət göstərən "İST Petrol" yaşayış sahəsinə çox yaxın yerdə yerləşir. Bu da vətəndaşların sağlamlığını təhlükə altına atmış olur. Ona görə də "zapravka" yaxınlığındakı yaşayış sahələrində insanlar daim təşviş içində olurlar. Dünya praktikasına nəzər saldıqda isə görürük ki, bir sıra ölkələrdə yanacaqdoldurma məntəqələri yaşayış sahələrindən uzaqda yerləşir. Ona görə də belə ölkələrdə vətəndaşlar rahat şəkildə yaşayırlar. Bu cür təhlükə qarşısında qalmırlar. "Zapravka"larda baş verən bədbəxt hadisə zamanı isə yaşayış sahələrinə heç bir ziyan dəymir.
Qeyd edək ki, yanacaqdoldurma məntəqələrinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən verilmiş lisenziya ilə tənzimlənir. Lisenziyanın tələbinə görə isə, yanacaqdoldurma məntəqələrini və avtomobillərə yol xidməti stansiyalarını tikib istifadəyə vermək istəyənlər onun yerini seçərkən mütləq müvafiq araşdırma aparmalıdırlar. Lakin təəssüflər olsun ki, bəzi sahibkarlar yalnız öz mənfəətləri naminə, qanunları da pozurlar. Əgər, həmin yanacaqdoldurma məntəqələrində yanğın hadisəsi olsa, o zaman orada baş verə biləcəkləri təsəvvür etmək çətin deyil. Təbii ki, o zaman yaxınlıqdakı yaşayış binaları da həmin yanğından paylarını alacaqlar.
Qeyd edək ki, Tiflis prospektində yerləşən "İST Petrol"da isə müştərilər aldadılır, onların istehlakçı hüquqları kobud şəkildə pozulur. Əldə etdiyimiz məlumata görə, sözügedən yanacaqdoldurma məntəqəsində müştərilərə təklif edilən yanacaq həddindən artıq keyfiyyətsizdir. Yanacağın tərkibinə əlavə qatqılar qatılır. Belə olan halda isə avtomobilin mühərriki sıradan çıxır. Nəticədə isə sürücüyə həm maddi, həm də mənəvi ziyan dəyir.
Bununla yanaşı, burda çalışan operatorlar avtomobil sahiblərinə qarşı haqsızlıq edirlər. Belə ki, "İST Petrol"un əməkdaşları benzini avtomobillərin yanacaq çəninə yüksək sürətlə vurmaqla hər əməliyyat zamanı 2-3 litr yanacaq kəsirlər. Bəzi hallarda isə köhnədən qalan rəqəmlər ekrandan silinmir və operatorlar həmin məbləğin üzərinə əlavə edib müştəriyə benzin vururlar. Məsələn, sürücü 20 manatlıq benzin vurmaq istəyirsə, operator ekranda göstərilən 10 manatın üzərinə əlavə 10 manatlıq benzin vuraraq yerdə qalan pulu öz cibinə qoyur. Təəssüf ki, sürücülər çox vaxt buna diqqət yetirmirlər.
Amma təəssüflər olsun ki, sadalanan qaydalara demək olar ki, heç bir yanacaqdoldurma məntəqəsində əməl edilmir. Həmin sahibkarlar yalnız şəxsi mənfəətləri üçün xidmət göstərirlər.
Qeyd edək ki, hazırda paytaxt ərazisində üç yerdə - Tbilisi prospektində, Zooparkın yaxınlığında və Əhmədli qəsəbəsində "İST Petrol" yanacaqdoldurma stansiyaları fəaliyyətdədir.