BolgeXeber.Com » Ölkə » Sumqayıt Lift İdarəsinin absurd “kəşf”: Liftdən 23.00-a kimi istifadə edin

Sumqayıt Lift İdarəsinin absurd “kəşf”: Liftdən 23.00-a kimi istifadə edin

28-06-2015, 12:55
Oxunub: 4 026 Sumqayıt Lift İdarəsinin absurd “kəşf”: Liftdən 23.00-a kimi istifadə edinBu cür xidmət bəlkə də inkişafdan qalmış Afrika ölkələrində belə yoxdur

Bu şəkilə diqqətlə baxın ki, sonradan peşmanlıq keçirməyəsiniz. Yəni liftdə qalarsız Allah eləməmiş, imdadınıza gələn də olmaz. Əsasən də saat 23-00-dan sonra. Çünki məlum olduğu kimi, lift servis axşam 11-dək işləyir.

Elə mən də bu şəkli liftin qarşısında görəndə saat 12-ə 5 dəqiqə işləmişdi. Yaxşı ki, elanı oxudum. Yoxsa birdən liftdə qalıb eləyərdim. Gəl indi səhərə qədər gözlə ki, lift servisin işçiləri harayına yetsin. Hıqqana-hıqqana əlidolu qalxdım ta yeddinci mərtəbəyə. Və qalxdıqca şükür edirdim ki, nə yaxşı “14 mərtəbə”də qalmıram, yoxsa pilləkənlərdəcə canımı tapşırardım.

Pozitiv düşünmək lazımdır deyə bu elanın müsbət tərəflərindən yazacam. Necə deyərlər, hər bir işdə xeyirli tərəfi görmək lazımdır. Mən də hər mərtəbə qalxıb dincəldikcə lift servisin bu addımının yeddi müsbət tərəfini tapdım. Birincisi, liftə ehtiyat edib minməyərək piyada qalxmaqla idman edirik. Ayaq əzələləri açılır və möhkəmlənir. Ikincisi, yuxarı mərtəbələrdə yaşayanlar məcburən liftdə qalmamaq üçün evə tez qalxacaqlar. Bu da bir çox yeniyetmələrin və gənclərin vaxtında evə gəlməsinə və gec saatlarda narkoman, oğru kimi zərərli insanların təcavüzünə və ya təsirinə məruz qalmamasına səbəb olacaqdır.

Üçüncüsü, liftdən istifadə etməməklə elektrik enerjisinə qənaət edəcək vətəndaş.

Dördüncüsü, bu elan bizləri ötən əsrin komendant saatlarını xatırlatmaqla tarixi keçmişimizə qaytarır. Lap Sumqayıt hadisələri zamanına.

Beşincisi, məmurların bizləri nə qədər sevdiyini və dəyər verdiyini göstərir. Onlar bizlərin liftdə qalıb pərişan olmamağımızı istəyirlər.

Altıncısı, bizlərə digər bir insanlıq hissini göstərir. Demək istəyirlər ki, bəlkə evsiz-eşiksiz bir bomjun qalmağa yeri yoxdur və son ümidi sizin binanızın liftidir. Qoy onlar saat on birdən sonra liftdə gecələyə bilsinlər və onların rahatlığını pozmayaq. Insan hüquqlarının ən bariz nümunəsidir bu elan.

Yeddincisi, lift servis axşam saatlarında gərək bir növbətçi işçi tutsun ki, bu həm büdcəyə zərərdir, həm də həmin növbətçi də insandır axı, nə olar ki, ailəsini başına yığıb evində gecələsə.

İndi isə tam ciddi. Bu elan absurd bir şeydir. Necə yəni saat 23 – 00 – dan sonra liftdən istifadə etmək məsləhət görülmür və lift idarəsi ancaq bu vaxta kimi işləyir. Demək belə çıxır ki, bu saatda sonra liftdə qalanın canı cəhənnəmə? Onsuz da liftlərin əksəriyyəti sovet dövründən qalmış və istifadə müddətini başa vurmuşdur. Gündüz vaxtlarında düz-əməlli işləməyən liftlər əhali üçün təhlükə yaradır. Və əhali lift idarəsinə xidmət haqqı da ödəyir.

Yuxarı mərtəbələrdə yaşayanlar arasında qocalar, xəstələr az deyil. Lap tutaq ki, onlar liftdən istifadə etmədi. Bəs qəfil təcili yardıma ehtiyac olarsa və zəngə gələn həkim liftdə qalarsa, yaxud da sizin elanı görərək piyada qalxarsa xəstəyə vaxtında yetişə bilərmi? Bu cür xidmət bəlkə də inkişafdan qalmış Afrika ölkələrində belə yoxdur. Bir sual: hörmətli lift servis, siz bu iş qrafikini tərtib edərkən nəyə əsaslanmısız?

P.S. Sonda Prezident İlham Əliyevin 2013-cü ilin 3 aprel tarixində verdiyi sərəncamın bizi maraqlandıran bir bəndini diqqətinizə təqdim edirik:

– Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 7,0 (yeddi) milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1,0 (bir) milyon manat ayrılsın.


Reader.az