BolgeXeber.Com » Xəbərlər » Nazir müavini gədəbəyli məmurları belə himayə edir – TƏFƏRRÜAT

Nazir müavini gədəbəyli məmurları belə himayə edir – TƏFƏRRÜAT

30-06-2015, 17:07
Oxunub: 3 738 Nazir müavini gədəbəyli məmurları belə himayə edir – TƏFƏRRÜATGədəbəy Mərkəzi Rayon Xəstəxanasında, eləcə də rayonun maliyyə, mədəniyyət və turizm, təhsil şöbələrində mövcud olan problemlər daha kəskin xarakter alıb

BOLGEXEBER.COM gundelik-baku.com-a istinadən xəbər yayır ki, rayonda Səhiyyə Nazirliyinin pulsuz tibbi xidmət haqqındakı müvafiq sərəncamını saya salan yoxdur. Bu hal əsasən doğum evində və mərkəzi rayon xəstəxanasında, eləcə də tibbi arayışların alınması zamanı özünü daha qabarıq şəkildə göstərməkdədir.
Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında çalışan tibb işçilərinin bir qisminin peşəkarlıq səviyyəsi isə ciddi şübhə doğurur. Baş həkim Ramiz Pirverdiyev elə bir sistem qurub ki, hazırda rayonda fəaliyyət göstərən heç bir dövlət tibbi müəssisəsində pulsuz tibbi xidmət almaq mümkün deyil.
O, rayonun səhiyyə sisteminin inkişafını təmin etmək əvəzinə vaxtının əksər hissəsini tamam başqa işlərə sərf edir.
Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovla birgə bir sıra əməllərə imza atan baş həkim Ramiz Pirverdiyevin düzgün qurulmayan idarəçiliyi, xoşagəlməz fəaliyyəti nəticəsində rayonda vərəm xəstəliyi geniş şəkildə yayılıb.
Gədəbəylilər də təsdiqləyə bilərlər ki, Ramiz Pirverdiyev məhz Namiq Məmmədovun himayəsinə arxalandığı üçün Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında bəzi neqativ halların mövcudluğundan narahatlıq keçirmir. Çünki o, əmindir ki, dara düşən kimi rayon maliyyə idarəsinin rəisi onun mümkün təhlükədən sığortalanması üçün əlindən gələni edəcək.
Hazırda Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının təcili yardım avtomaşınlarının bərbad vəziyyətdə olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, Ramiz Pirverdiyevin rəhbərlik etdiyi tibb müəssisəsində hamilə qadınlar üzərində cərrahi əmaliyyatlar qeyri-peşəkar ginekoloq-həkimlər tərəfindən aparılır.
Mərkəzi rayon xəstəxanasının stasionar şöbələrində də vəziyyət acınacaqlıdır. Belə ki, profilaktik-müalicə sisteminin keyfiyyəti olduqca zəifdir.

Mənbə iddia edir ki, bu gün Baxış Nağıyevin rəhbərlik etdiyi Gədəbəy Rayon Təhsil Şöbəsində də bir sıra ciddi əyintilərə yol verilir: "Çünki təhsil şöbəsinin müdiri də Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun nəzarətindədir. Yəni Baxış Nağıyev də bir sıra məsələlərlə bağlı qərarı məhz maliyyə idarəsinin rəisi ilə məsləhətləşdikdən sonra qəbul edir. Bu səbəbdən də o, rayon təhsilini ürəyi istədiyi kimi idarə edir. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Məmmədov da digər məmurlardan geri qalmır. Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsində çox ciddi neqativ hallar yaşanır. Ramiz Məmmədov əmisi oğlu, rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla əməlli-başlı iş birliyi qurub.
Belə ki, mədəniyyət şöbəsinin müdiri rəhbərlik etdiyi qurumun nəzdində fəaliyyət göstərən obyektlərdən əldə olunanların bir hissəsinin maliyyə idarəsinin rəisinə çatdığını bildirməklə "şərt"lərinə əməl olunmasını tələb edir.
Ramiz Məmmədov onun "tələb"lərini yerinə yetirməyən şəxsləri isə vəzifələrindən qovulacaqları ilə hədələyir. Bu səbəbdən də qarşı tərəf mədəniyyət və turizm şöbəsinin müdirinin "istək"lərinə boyun əymək məcburiyyətində qalır.
Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov maliyyə nazirinin müavini Azər Bayramov tərəfindən ciddi şəkildə himayə olunur. Nazir müavininin 1970-ci ildə Bakı şəhərində anadan olduğunu deyən məlumatlı şəxs Azər Bayramovun əslən Gədəbəy rayonundan olduğunu bildirir.
Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev, rayon təhsil şöbəsinin müdiri Baxış Nağıyev, mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Məmmədov və Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov bir-birinin köməkliyi ilə indiyədək vəzifədə qalmağı bacarıblar. Paytaxt Bakıda isə bu dördlüyü maliyyə nazirinin müavini Azər Bayramov müdafiə edir."