BolgeXeber.Com » Sosial » İş axtaranın səhvləri

İş axtaranın səhvləri

1-02-2012, 10:35
Oxunub: 4 337 Müasir gəncliyin ən çox çətinlik çəkdiyi sahələrdən biri də iş axtarmaqdır.

Amma onu da bilməliyik ki, iş axtararkən özümüzün də buraxdığımız səhvlər mövcuddur. Odur ki, çalışıb uğursuzluqların səbəbini kənar amillərdə deyil, özümüzdə axtarmalıyıq. Və tez bir zamanda həmin səhvləri aradan qaldıraraq, iş sahibi olmağa doğru addım atmalıyıq.

Psixoloq Dəyanət Rzayev deyir ki, əslində dünyanın ən varlı insanları heç də əlaçı olmur, 2-3 universitet oxumurlar. Sadəcə, özünə inam, özünü ifadə əsas uğur mənbəyidir: “Mütəxəsislər tərəfindən təsdiq edilib ki, boyu hündür olan insanlar alçaq boylulara nisbətən daha çox maaş alırlar. Baxmayaraq ki, onların ikisi də eyni təhsili alıblar, lakin bu belədir. Səbəbi isə xarici görkəmin karyeramızda oynadığı önəmdir. İş görüşmələrinə gedərkən bahalı geyim olmasa da, səliqəli libas vacibdir. Amma hər uğur yaxud uğursuzluğu da xarici görkəmlə əlaqələndirmək düzgün deyil. Çünki vacib şərt insanın özünü düzgün ifadə etməsi, liderlik keyfiyyətlərini biruzə verməsidir”.
Bir də, bizim camaatda belə bir fikir formalaşıb ki, işə düzəlmək üçün mütləq “dayday”ın olmalıdır. Bu, əslində insanların öz uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri variantdır. Digər məsələ odur ki, insanlarımızın əksəriyyəti dövlət işində çalışmaq istəyir. Elə bilirlər ən perespektivli, gəlirli iş dövlət işidir. Bu, belə deyil. Həm də tutaq ki, əhalinin 20%-i dövlət sektorunda işləyir, bəs qalan 80% necə olsun? Odur ki, bu düşüncədən tezliklə azad olaraq, fərqli məkanlara üz tutmaq lazımdır.
Dəyanət Rzayev iş görüşməsindən əvvəl dəf edilməli məqamları da açıqladı. Onun sözlərinə görə, çalışıb komplekslərdən azad olmaq, tənbəlliyi bir kənara atmaq gərəkdir: “Başa düşün ki, sizi işə qəbul edən kəs heç də sizdən fərqli deyil. O, da sizin kimi adi bir insandır və heç də sizdən üstün deyil. Odur ki, qəbul zamanı həyəcanlanmayın, danışığınıza, hərəkətlərinizə diqqət yetirin. Çalışın idmanla məşğul olun, sağlamlığınıza xüsusi qayğı ilə yanaşın”.

CV yazanda buraxılan səhvlər.

-Diqqətsiz, səhvlərlə dolu, qarmaqarışıq cümlələr qurmaq.
-E-mail ünvanında qeyri-ciddi, mənasız adlardan istifadə etmək (badboy@, Shirinifrite @, lovekiller@ və s.).
-İctimai paylaşma saytlarındakı profil məlumatlarının izlənə biləcəyini əvvəlcədən nəzərə almamaq.
-Cib telefonunu yazmamaq.
-Aydın olmayan qısaltmalar etmək.

-Bəzi işləri kiçik hesab edərək, yazmamaq.
-Yanlış məlumat vermək.
-İstinadlara ailə dostlarını yazmaq.
-Heç tanımadığı adları pafoslu olsun deyə istinad göstərmək.
-Musiqi dinləməyi və alver etməyi hobbi sanmaq.
-Qırx ildə bir getdiyi teatrı hobbi olaraq ifadə etmək.
-Yoldaşlarıyla əylənərkən çəkdirdiyi fotoşəkili qoymaq.
-”Birdən axtarmazlar” deyib, bütün elanlara müraciət etmək.
-Görüşməyə gələ bilməyəcəyini firmaya xəbər verməmək.
-Görüşməyə ana-atasıyla getmək.
-İlk görüşmənin iş şərtləriylə əlaqədar anlaşma olduğunu sanmaq.
-Görüşməyə qeyri-ciddi geyimlə getmək.
-İşə götürənə başqa bir firmanı pisləmək.
-Müraciət etdiyi firmanın haqqında adından başqa heç bir şey bilməmək.
-”Niyə?” sualına “təcili işə ehtiyacım var” deyərək, şirkətlə əlaqəsi olmayan cavablar vermək.
-Görüşmə əsnasında telefonu səssizə almağı unutmaq.
-İlk mərhələdə “nə vaxt müdir olaram” deyə soruşmaq.