BolgeXeber.Com » Analitika » Tıxacda dünyaya övlad gətirən qadının macəraları

Tıxacda dünyaya övlad gətirən qadının macəraları

3-02-2012, 06:35
Oxunub: 5 648 Gözəl paytaxtımız Bakı şəhərini nəqliyyatsız, nəqliyyatı isə bəzən tıxacsız təsəvvür etmək mümkün deyil.

Artıq qidalanma saatları kimi şəhərimizin xüsusi tıxaclanma saatları da var. Səhər işə getmə vaxtı, günorta şagirdlərin dərsdən çıxıb evə qayıtdığı saatlar və nəhayət, əksəriyyətin gün ərzində böyük səbirsizliklə gözlədiyi işdən evə aparan yollarda yaranan, el dili ilə desək, “ças pik” tıxacları. Səhər tıxacları ən azından hər kəs işə gecikməkdən çəkindiyindən, bacardıqca tez açılmağa çalışılır. Günortanı da yola vermək olar, çoxlarımız işdə oluruq, amma dad axşam tıxaclarının əlindən! "Məmə yeyəndən, pəpə deyənə kimi" maşın alıb yollara tökülən sürücülər, "Mehriban olaq" mahnısını ürəklə oxuyub, camaata konsert verən avtobus sürücüləri, qırmızı cəlbedici maşınları ilə astaca hərəkət edib tıxaclara gül səpən qadın sürücülərimiz, dünya şöhrətli Pitpula bozbaş yedizdirib, rakkıdılı-çıkkıdılı "İ know you want me" mahnısına sona kimi səs verib, tıxac vaxtı bütün millətə məcburi dinlədib, psixoloqlara çörək verən "risovka qaqaş"lar və s. bu kimi şəhərimizin gündəlik, dəyişilməz və unudulmaz bir çox "qəhrəman"larına hər gün axşam saat 17:00-dan 19:00-a kimi tıxaclarda rast gəlmək mümkündür.

Bəzən, xüsusilə də axşamlar yolda tıxacla rastlaşıram və həmin tıxaclarda baş verənləri yazsam, nəinki məqalə, böyük həcimli kitab yazmaq olar. Amma bu dəfə "qızıl fond"dan seçmələri dəyərli oxuculara təqdim etmək qərarına gəldim...

Günlərin bir günü işdən evə qayıdırdım. Tıxac idi. Mənzil başına aparan avtobusa minib ən ön cərgədəki yerlərdən birində əyləşdim. "Pərdələr açıldı və tamaşa başladı". Siqnallar, yol istəmələr, mədəni qırğınlar və s. Havanın qaralmış olması bu "tamaşa"nı daha da maraqlı edirdi.

Bir qadın kimi, həmişə qadın piyadaların və sürücülərin tərəfində olmuşam, amma bu, əksər hallarda tıxacların qadınlara görə yaranması həqiqətini dəyişmir. Necə deyərlər, qadın böyük qüvvədir. Mini yubkalı sarışın gözəlçəyə yolu keçməsi üçün maşını saxlayıb icazə vermək o qədər savab işdir ki, bir çox cavan oğlanlar bu savaba batmaq naminə yol verib, tıxac yaradaraq, bütün yoldakıların günahını çəkməyə belə razı olurlar.

Mən hələ sizə ən ehtiyatlı sürücü olan xanımlardan demirəm. Dahi Nizami demişkən, suyu belə, çox icdikdə dərd yaradar. İgidin yaraşığı olan ehtiyat bəzən sürücü xanımlarımızı əməlli-başlı yaraşıqdan salır. Çünki bir çoxları o qədər asta hərəkət edir və o qədər çox düşünürlər ki, arxadan gələn də onların düşüncə tərzinin əsirinə çevrilir. Vay o gündən ki, nədənsə qorxub düşələr, kişilər demiş “mandraj”a. Ondan sonra oğul istəyirəm, gəlib onları mandraj quyusundan çıxara. Düzü, arzulanan oğullar o quyuya ip atır və bacardıqca məsələni tez həll etməyə çalışır. Amma o an elə maraqlı olur ki…

Tıxacda astaca səyahətimizi davam etdirdiyimiz an bir tappıltı eşitdik. Səs sol tərəfdən gəlmişdi. Bir VAZ-2106 ilə "Mersedes" astaca toqquşmuşdu. VAZ-2106-da sürücüdən başqa heç kəs yox idi, ancaq "Mersedes"-in içi qadın sərnişinlərlə dolu idi. Hadisə kiçik olduğundan, başqa bir insident baş vermədi. Lakin olan, VAZ-2106-nın sürücüsünə oldu. Çünki "Mersedes"-in sürücüsünün arxasında qadın "ordu"su dayanmışdı. Və məsələyə lazımi müdaxiləni edərək sürücülərinə dəstək verib, VAZ-2106-nın sürücüsünü, sözün əsl mənasında, ruslar demiş, “neprav” çıxarda bildilər. Məsələ təzəcə qızışırdı ki, yolumuz yavaş-yavaş açıldı və bir az irəli gedərək hadisə yerindən nisbətən uzaqlaşdıq deyə, sonra baş verənlərdən xəbərim olmadı.

Bir neçə metr irəliləmişdik ki, yenidən tıxac intensivləşdi. Bu dəfə daha çətin idi. Demək olar ki, hərəkət tam dayanmışdı. Və sərnişini olduğum avtobus bir necə gedişli yolun sol tərəfi ilə hərəkət etdiyindən, üzbəüz gələn təciliyardım maşını ilə yan-yana idi. Bu an avtobusun sürücüsü dözməyib, təciliyardım maşınının sürücüsünə söz atıb “Xəstə yazıq öldü ki, maşında” dedi. Təciliyardımın sürücüsü isə gülərək “Rəhmətliyin oğlu ölən olsa, nə dərdim. Yazıq doğur maşında, heç dadına çatan da yoxdur” deyərək bütün avtobus əhalisini gülüş krizisinə saldı. Düzü, reallıq olaraq acınacaqlı bir fakt olsa da, ömrü boyu xatırlanıb, gülünəcək hadisədir. "Tamaşanın ikinci hissəsi" də bitdikdən sonra tıxac tamamilə açıldı və yolumuzu davam edərək mənzil başına yönəldik.

Yollarda hər gün tıxaclara rast gəlsək də, əsası odur ki, ömür yolumuz açıq olsun. Hər birinizə tıxacsız həyat arzusu ilə…