BolgeXeber.Com » Sosial » Hotellərin parkinqində avtomobilə dəyən zərəri kim ödəməlidir? - ARAŞDIRMA

Hotellərin parkinqində avtomobilə dəyən zərəri kim ödəməlidir? - ARAŞDIRMA

31-07-2015, 19:33
Oxunub: 3 199 Hotellərin parkinqində avtomobilə dəyən zərəri kim ödəməlidir? - ARAŞDIRMAEkspert: "Məhkəmə avtomobil sahibinin iddiasını problemsiz təmin edəcək"

Azərbaycanda 535 hotel fəaliyyət göstərir, bunlardan 165-i Bakıda yerləşir. Bəs, həmin hotellərdə qonaqların əmlaklarının təhlükəsizliyi hansı səviyyədə təmin olunur?
Bakıdakı 4 və 5 ulduzlu hotellərin əksəriyyətində avtomobil üçün park yeri, bəzilərində isə avtomobili sürücüdən təhvil alan və təhvil verən parkinq xidməti var. Bir sıra hotellərin parkinq xidməti ödənişli və ya ödənişsiz şərtlərlə qonaqdan avtomobili təhvil alır və ona lazım olan vaxtı təhvil verir. Amma "Report"un araşdırmasına görə, məlum olub ki, avtomobilin parkinqdə hərəkətsiz vəziyyətdə dayandığı müddətdə başına gələ biləcək hər hansı hadisəyə görə, hotel heç bir məsuliyyəti üzərinə götürmür.
“Fairmont” hotelinin parkinq xidmətindən istifadə edən Bakı sakininə hotel tərəfindən qaydalara uyğun olaraq qəbz verilib. Qəbzdə açıq şəkildə qeyd olunub ki, “hotelin və ya onun əməkdaşlarının diqqətsizliyi və ya su, yanğın, oğurluq və ya hər hansı digər səbəbdən sözügedən əmlakın itməsinə və ya ona zərər dəyməsinə görə, hotel məsuliyyət daşımır”. Bununla yanaşı, qəbzdə əmlak sahibinin öz avtomobilini 3 ay ərzində götürməyəcəyi təqdirdə, avtomobil içindəki əşyalarla birlikdə gizli və ya açıq şəkildə hotel tərəfindən satıla biləcəyi qeyd olunur.
Sözügedən qayda yalnız həmin hoteldə yox, ölkədə fəaliyyət göstərən “Excelsior Baku”, “Hilton Baku”, “Royal Hotel” kimi məşhur hotellər də daxil olmaqla, bir çox hotellərdə var.
Məsələ ilə bağlı açıqlama verən “Fairmont” hotelinin əməkdaşları onlarda parkinq xidmətinin olduğunu təsdiq etdi, lakin onlardakı qaydaya görə, hotelə məxsus parkinq ərazisində avtomobilin üzləşəcəyi bədbəxt hadisələrdə avtomobil sahibinin özünün günahı yoxdursa, onda hotel buna görə məsuliyyəti üzərinə götürür. Onların sözlərinə görə, təcrübədə yalnız qəbzdə qeyd olunan mətnin ikinci hissəsi həyata keçirilə bilər, yəni avtomobili uzun müddət saxlamaq üçün yerləri olmadığına görə, 3 ay müddətində avtomobil sahibi qəbzi təqdim edib avtomobili almadığı müddətdə əmlakı satıla bilər.
“Hilton Baku”dan "Report"a bildiriblər ki, hotelin parkinqində kiminsə günahına görə baş verən hadisəni mühafizəçinin gördüyü təqdirdə araşdırma aparılır və hotel tərəfindən qonağa yardımçı olmağa çalışılır, amma ümumilikdə hotelin belə bir öhdəliyi yoxdur.
“Excelsior Baku”da parkinq xidməti var, amma yenə də məsuliyyəti hotel daşımır.
“Royal Hotel”də parkinq yeri var, amma sürücü özü avtomobilini yerləşdirməlidir, hotel isə baş verə biləcək hadisəyə görə cavabdehlik daşımır.
Məsələyə aydınlıq gətirən yol hərəkəti üzrə tanınmış ekspert Ərşad Hüseynov “Report”a bildirib ki, Nazirlər Kabinetinin parkinq yerləri barədə əsasnaməsi var: "Əsasnamədə göstərilir ki, parkinq xidməti göstərən təşkilat, fiziki və ya hüquqi şəxs avtomobili qəbul edibsə və ya buna görə müəyyən haqq alırsa, həmin hotel, qurum və s. avtomobilin təhlükəsizliyinə görə məsuliyyət daşımalıdır. Bu birmənalıdır. Parkinqə görə haqq almaq da müxtəlif cür ola bilər - hotelə edilən ümumi ödənişə daxil edilə bilər, və ya əlavə ödənilə bilər".
Ə.Hüseynov deyib ki, Əsasnaməyə görə avtomobili qəbul edən zaman hotel tərəfindən ona yüngül, vizual baxış keçirilməli, zədələnən yerləri qeydə alınmalı, avtomobildə qiymətli bir əşyanın olub olmaması da qeyd olunmalıdır. Sonra sahibin hər hansı iddiası olarsa, ona həmin sənəd göstərilməlidir ki, buna baxış keçirilib və hotelə daxil olan zaman avtomobilin vəziyyəti belə idi, zədəli idisə, avtomobil sahibi özü, deyildisə və parkinq ərazisində zədələnibsə, hotel buna görə məsuliyyəti öz üzərinə götürməlidir.
Ə.Hüseynov qeyd edib ki, Nazirlər Kabinetinin Əsasnaməsində bununla bağlı hər şey qaydasındadır: "Hotel nizamnaməsində bunun əksinə bir müddəa yazılsa belə, onun heç bir əhəmiyyəti yoxdur. Əgər bu xidmət göstərilirsə, hotelin parkinq üçün xüsusi ərazisi varsa, məsuliyyəti öz üzərinə götürməlidir. Əks halda avtomobil sahibi məhkəməyə müraciət edə bilər və məhkəmə avtomobil sahibinin iddiasını problemsiz təmin edəcək".
Bolgexeber.com