BolgeXeber.Com » Dünya » Avropada ölənlərin sayı 500-ü keçdi

Avropada ölənlərin sayı 500-ü keçdi

13-02-2012, 11:25
Oxunub: 6 334 Ötən gün Kosovanın Restelika kəndində qar uçqunu baş verib

Avropada soyuq hava şəraiti davam edir. Ötən gün Kosovanın Restelika kəndində qar uçqunu baş verib. Uçqun nəticəsində 7 evin dağıldığı və azı 9 nəfərin öldüyü bildirilir. Xilasedicilər valideynləri həlak olan 5 yaşlı qızı çöküntülərin altından sağ çıxara biliblər. Kosova Təhlükəsizlik Qüvvələrindən verilən məlumata görə, uçqun nəticəsində evlərin üzərində 10 metr qalınlığında qar qatı yaranıb.

İtaliyanın Apennin dağı ətrafında isə sosial həyatdan təcrid olunmuş bəzi kəndlərdə xilasetmə işləri aparılıb. Rəsmilər burada da qar uçqunu təhlükəsinin olduğunu bildiriblər. Ən çox qar isə Adriatik dənizi sahillərinə yağıb. Urbino şəhərində qarın hündürlüyü 2 metrə çatıb. İtaliya mediasından verilən verilən məlumata görə, son iki həftədə donvurma nəticəsində azı 40 nəfər ölüb.

Bosniyada da analoji vəziyyət hökm sürür. Artıq bir həftədir ki, ölkədə həyat iflic vəziyyətə düşüb. Temperaturun mənfi 22 dərəcəyə qədər düşdüyü bildirilir. Təhsil ocaqları və bəzi sosial dairələr hələ ki, öz fəaliyyətlərini bərpa edə bilməyiblər. Tibbi yardıma ehtiyac duyan əhali yolların buzlu olması səbəbi ilə xəstəxanalara gedə bilmir. Paytaxt Sarayevoda isə 1984-ci il Qış Olimpiya Oyunlarının keçirildiyi futbol meydanının tavanı qarın ağırlığına tab gətirməyərək çöküb. Xoşbəxtlikdən hadisə zamanı meydanda heç kim olmayıb.

Ümumiyyətlə isə, soyuq havalar nəticəsində 500-dən çox insanın öldüyü bildirilir.