BolgeXeber.Com » Xəbərlər » Mikayıl Cabbarov: Azərbaycan adamı pul vermək istəyir və verir – VİDEO

Mikayıl Cabbarov: Azərbaycan adamı pul vermək istəyir və verir – VİDEO

3-08-2015, 18:35
Oxunub: 4 082 Mikayıl Cabbarov: Azərbaycan adamı pul vermək istəyir və verir – VİDEO“Müəllimlərin maaş artımı gündəmdədir”

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ANS-ə müsahibə verib.

Bolgexeber.com xəbər verir ki, nazir müsahibə zamanı bildirib ki, müəllimlərin əmək haqqını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindədirlər.

Nazir qeyd edib ki, son 20 il ərzində Azərbaycanda ali təhsil ocaqlarına qəbul olunan tələbələrin sayı 2 dəfədən çox artıb:

“Biz ali təhsildə keyfiyyət və kəmiyyət göstəricilərinin tarazlaşmasında maraqlıyıq. Son 20 il ərzində Azərbaycanda ali təhsil ocaqlarına qəbul olunan tələbələrin sayı 2 dəfədən çox artıb. Özü də, bu o şəraitdə baş verib ki, həmin 20 illə müqayisədə bizim məzunlarımızın sayı azalıb. Buna baxmayaraq, biz ali təhsil müəssisələrimizə daha çox tələbə qəbul edirik. Sadə dillə desək, əgər biz 90-cı illərin əvvəllərində hər 100 şagirddən 15-16 faizi ali təhsilə qəbul edirdiksə, keçən 2014-cü ildə bu göstərici 37 faizə yaxın bir rəqəmə qalxıb. Yəni, biz hər 100 şagirddən 37 şagirdi ali təhsil müəssisələrinə qəbul etməyə başlamışıq və bugünkü gün ali təhsil sistemində - Azərbaycan Respublikasının universitetlərində 160 min tələbə təhsil alır”.

Mikayıl Cabbarov qeyd edib ki, müəllimlərin maaş artımı gündəmdədir:

“Mən istəyirəm ki, bizim beynimizdə nəhayət belə bir dəyişiklik baş versin ki, biz pul verək ki, bizə təhsil versinlər. Biz artıq buna görə bir sıra islahatlar həyata keçirmişik ki, onları mən xatırlatmaq istəyirəm. Birincisi, gənc istedadların müəllimlik peşəsinə gəlməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunub. Biz keçən ildən başlayaraq müəllimliyi ilk peşə kimi seçmiş və 500 baldan çox toplamış 300 tələbəyə əlavə hər ay 100 manat təqaüd ödəyirik.

İkincisi, müəllimlərin əmək haqqının qaldırılması prosesi və bunun respublikada orta aylıq əmək haqqı səviyyəsinə çatdırılması gündəmdədir. Hətta təhsilin inkişafı üzrə strategiyada konkret rəqəmlər göstərilib və biz orada qeyd etmişik ki, müəllimlərin əmək haqqını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindəyik. Bu, əlbəttə ki, peşə seçiminə böyük təsir edəcək.

Son iki il ərzində nazirliyin müvafiq strukturlarının gördüyü işlər nəticəsində onlarla məmur, məktəb direktoru, təhsil rəsmisi vəzifəsindən azad edilib. Bir çox işlər üzrə cinayət işləri açılıb və başa çatdırılıb. Bəzilərinə dair hökmlər də var ki, bu barədə aidiyyati qurumlar hər zaman ictimaiyyəti məlumatlandırır. Ən əsası bu proses davam etdiriləcək. Yəni bu kampaniya xarakterli yox, daimi olan bir prosesdir və ildən-ilə bu istiqamətdə bizim səylərimiz gücləndirilməlidir.

Amma, hər halda, Azərbaycan vətəndaşı, Azərbaycan adamı pul vermək istəyir və verir. Mən, düzü, təsəvvür edə bilmirəm ki, hansısa məktəb direktoru gəlib Mikayıl Cabbarova konvertdə nəsə versin. Mən bunu ağlıma belə gətirmirəm və yəqin ki, tamaşaçılarımız da mənim kimi bunu ağlına belə gətirmir.

Amma kimlərəsə verirlər yəqin. Bir halda ki, bu vermək istəyən insanlar var, bəlkə onların bu rüşvət vermək, pul vermək, hörmət etmək xüsusiyyətindən, qabiliyyətindən Azərbaycan təhsilinin maraqları üçün istifadə edək? Yəni bu adamlar pul vermək istəmirlər!?

Qoy versinlər qapalı məktəblərə. Necə ki, Britaniyada, İsveçrədə özünün forması, qapısı, pəncərəsi, hətta xüsusi diplom təqdim etmə mərasimləri fərqli olan məktəblər var. Bəlkə, belə məktəblərin sayını artıraq? Onda adamların müraciət etməyə ünvanları çox olacaq, bir növ inhisar yavaş-yavaş yığışdırılacaq, insanlar sərbəst şəkildə öz biliklərini, bacarıqlarını bazara çıxaracaqlar və indi kimlərinsə vaxtından gəlib bu günə çatan qeyri-qanuni məktəb “toçkaları” - piştaxtaları aradan çıxacaq. İnsanlar artıq sizin dediyiniz qaydada bilik almamağa görə yox, bilik almağa görə pul verəcəklər”.

Nazirin sözlərinə görə, Azərbaycanın elə yeri yoxdur ki, orada bu saat peşəkar kadrlara ehtiyac olsun və dərhal da onu yerinə yetirsinlər.

“Azərbaycanda peşə və vəzifə arasında həmişə mübarizə gedib. Peşə vəzifədən geri qalıb və həmişə insanlar vəzifəyə can atıblar. Məsələn, bu günləri mənə deyəndə ki, Azərbaycanda işsizlik, filan, belə söhbətlər mənə çatmır. Ona görə ki, bizdə peşəkar kadrlara ehtiyac var. Azərbaycanın elə yeri yoxdur ki, orada bu saat peşəkar kadrlara ehtiyac olsun və dərhal da onu yerinə yetirsinlər. Bax, bu saat biz sizinlə oturub dalbadal on dənə vəzifə sadalaya bilərik, iş yeri sadalaya bilərik ki, harda ki, bizim çox güclü baş direktora ehtiyacımız var, yaxşı baş mühasibə ehtiyacımız var və sair və ilaxır. İndi bir halda ki, peşəkarlara ehtiyac var, peşəkar sözünün kökü də “peşə”dir”.