BolgeXeber.Com » Dünya » Misir mətbuatı erməni təcavüzündən yazdı

Misir mətbuatı erməni təcavüzündən yazdı

14-02-2012, 11:20
Oxunub: 4 223 Misirin “Əl-Mudun Əl-Cəmilə” qəzetində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi... Təcavüz və işğal” sərlövhəli məqalə dərc edilib.

Bolgexeber.com-un “AzərTAc”-a istinadən verdiyi məlumata görə, jurnalist Məhəmməd Sələmənin müəllifi olduğu məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Ermənistanın ölkəmizə qarşı məkrli planlarından, erməni millətçiləri tərəfindən həyata keçirilən Sumqayıt hadisələrindən bəhs olunub.

Müəllif bu hadisələrin əsas fiqurlarının erməni əsilli Sumqayıt sakini Edvard Qriqoryan olduğunu xatırladır, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi elan edilməmiş müharibə zamanı törədilən qətllərdən və Xocalı soyqırımından yazır. Məqalədə ermənilərin Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri barədə dəqiq faktlar və rəqəmlər əsasında ətraflı məlumat verilib, ölkəmizin münaqişə ilə bağlı ədalətli mövqeyi əks olunub.

Məqalədə o da vurğulanıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələr qəbul olunub, Ermənistan bu qətnamələrin icrasından imtina edib və bununla da qeyri-konstruktiv mövqe nümayiş etdirib. Müəllif münaqişəyə “dini don” geyindirməyə çalışan Ermənistana İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qərarların beynəlxalq hüququn prinsiplərinə və normalarına, BMT-nin Nizamnaməsinə, eləcə də BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin münaqişəyə dair məlum qərarlarına söykəndiyini xatırladıb.