BolgeXeber.Com » Bölgə » Cavanşir Paşazadə görüşlərini davam etdirir

Cavanşir Paşazadə görüşlərini davam etdirir

19-10-2010, 17:25
Oxunub: 6 280
Bu gün 6 kənddə keçirilmiş görüşlərdə mindən artıq insan iştirak edib

75 saylı Lənkəran-Masallı seçki dairəsindən hakim YAP tərəfindən namizədliyi irəli sürülmüş deputatlığa namizəd Cavanşir Paşazadənin seçiciləri ilə görüşləri davam edir. Bolgexeber.com-a Cavanşir Paşazadənin Seçki Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, deputatlığa namizəd bu gün Lənkəranın Şağlaser və Zövlə, Masallının Mahmudavar, Türkoba, Qəzvinoba, Xıl kəndlərində izdihamlı görüşlər keçiriblər.

Məlumatda deyilir ki, Şağlaser kəndində 300 nəfərə yaxın insan Cavanşir Paşazadədə ilə görüş zamanı bəzi məsələlərin həllində yardım istəyiblər. Lənkəranlılar deputatlığa namizəddən əsasən sosial təminatla bağlı məsələdə onlara köməklik göstərilməsini çatdırıblar. Zövlə kəndində isə 250 nəfərlik görüş zamanı qaldırılan əsas məsələ kəndarası yolların təmir və bərpası olub ki, Paşazadə də bununla bağlı lazımi qurumların qarşısında məsələ qaldıracağını bildirib.

Masallının Türkoba və Mahmudavar kəndlərində keçirilmiş görüşlərdə isə üst-üstə 600 nəfərə yaxın insan iştirak edib. Hər iki kənddə keçirilən görüşlərdə qaldırılan əsas məsələ isə məktəblə bağlı olub. Kəndlərin əhli deputatlığa namizəddən xahiş ediblər ki, yeni məktəblərin tikilməsini layihəyə salınmasını təmin etsin. Cavanşir Paşazadə də bununla bağlı seçicilərinə söz verib ki, qısa müddət ərzində bu məsələni aidiyyatı qurumlar qarşısında qaldıraraq, həllinə çalışacaq.

Bu gün keçirilmiş son görüş isə Masallının Xıl kəndində baş verib. 200 nəfər kənd sakinlərinin iştirakıyla keçirilmiş görüşdə bir sıra məsələlərdən danışılıb. Kənd sakinləri deputatlığa namizədə Xılın hələ də qazlaşdırılmamasını və bu məsələdə onlara yardımçı olmasını çatdırıblar. Bununla bağlı danışan Paşazadə də onlara söz verib ki, qısa müddət ərzində problemin həlli məqsədi ilə aidiyyatı qurumlar qarşısında məsələ qaldırıb, həllinə nail olmağa çalışacaq.

Bu əsnada onu da bildirək ki, Cavanşir Paşazadənin ən möhtəşəm görüşü sabah baş tutacaq. Seçki Qərargahından bolgexeber.com-a verilən məlumatda deyilir ki, Lənkəranın Separadi kəndində keçiriləcək görüşdə 1000 nəfərə yaxın şəxs iştirak etməlidir.