BolgeXeber.Com » Sosial » Bakı Tikiş Evində nələr baş verir?

Bakı Tikiş Evində nələr baş verir?

16-02-2012, 12:25
Oxunub: 5 277 Fədail Rəhimovu korrupsiya əməllərindən sığortalayırlar

Ötən saylarımızdan birində biz bir müddət əvvəl ölkə mətbuatına verdiyi müsahibələrində saxta məktəbli forması istehsalı ilə məşğul olan sex sahiblərinin fırıldaqlarını ifşa etmiş Bakı Tikiş Evinin rəhbəri Fədail Rəhimovun özünün də bu gün dələduzluq əməllərində ittiham olunduğu barədə yazı etmişdik. Ancaq bu vaxta qədər Fədail Rəhimovun münasibətini öyrənmək bizə nəsib olmayıb. Ümid edirdik ki, şikayətçinin irəli sürdüyü iddiaları bir daha Fədail Rəhimovun diqqətinə çatdırmaqla problemin həllinə müəyyən köməklik göstərmiş olarıq.


Lakin müəssisə rəhbərinin qəribə reaksiyası bu ümidlərimizi puç etdi. Belə ki, öz köməkçiləri vasitəsilə qəzetimizi oxumaqdan imtina etdiyini bildirən F.Rəhimov təbii ki, yaranmış problemə də heç bir münasibət bildirmədi. Bununla belə biz bir daha qeyd etmək istəyirik ki, Tikiş Evinin rəhbərindən şikayətçi düşən biz yox,müəssisənin keçmiş işçisi Nərminə Məmmədovadır. Öz ərizəsində N.Məmmədova iddia edir ki, onun hazırda yaşadığı Nəsimi rayonu, Cavadxan küçəsi ev 64-də yerləşən 29 saylı mənzil fabrik rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq kənar şəxslərə satılmışdır. Nərminə Məmmədova o vaxtlar Volodarski adına fabrik kimi tanınan Bakı Tikiş Evində 17 yaşından işləməyə başlayıb. Ali təhsil alması ilə əlaqədar işində yaranmış fasilədən sonra, 1989-cu ildə təyinatla yenidən doğma müəssisəsində təyinat üzrə əmək fəaliyyətini bərpa edib. Özünün bildirdiyinə görə elə həmin vaxt da onu yataqxanada yaşayış yeri ilə təmin edərək mənzil növbəsinə qoyublar. Lakin 2008-ci ildə yaşadığı yataqxana yaşayış binası statusu aldığından Nərminə xanıma da öz mənzilinin orderi təqdim edilib. Bu gün isə N.Məmmədova heç bir qanuni əsas olmadan öz mənzilindən çıxarılır. Nərminə xanım yazır ki, 2009-cu ildə yaşadığı iki otaqlı mənzilin bir hissəsi Şəhri və Səbinə Əsədova bacıları tərəfindən zəbt olunub. Bu xanımlar da müəyyən müddət Bakı Tikiş Evində işləsələr də, N.Məmmədova onların həmin fabrikdəki iş stajlarının ümumiyyətlə mənzil almaları üçün kifayət etmədiyini bildirir. Şikayətçinin irəli sürdüyü daha bir arqument də bundan ibarətdir ki, bacılar özləri məcburi köçkün statusuna malik olsalar da onların ailə qurduqları vətəndaşlar daimi yaşayış yerinə malik olaraq məcburi köçkün deyillər və hər iki xanım ayrı-ayrılıqda mənzillə təmin olunublar.


Təbii ki, bu olayı araşdırarkən biz Bakı Tikiş Evinin rəhbəri kimi F.Rəhimovun fəaliyyəti barədə də bəzi araşdırmalar aparmalı olduq. Nəticə etibarı ilə əldə etdiyimiz məlumatlar isə bu fəaliyyətin özündə də kifayət qədər qaranlıq məqamların olduğunu göstərdi. Belə ki, hələ ötən il Milli Məclisin bir neçə deputatı tərəfindən Bakı Tikiş Evinin fəaliyyəti kəskin tənqid atəşinə tutulmuşdu. Xüsusilə məktəbli formalarının keyfiyyətindən narazılıqlar olduğunu bildirən YAP-ın Nəsimi təşkilatının sədri, deputat Məlahət İbrahimqızı qeyd etmişdi ki, satışda olan məktəbli formalarının tikildiyi parçanın tərkibi əsasən sintetik materiallardan ibarətdir: "Hazırkı məktəbli forması revmatizm mənbəyidir. Qışda balaca, məktəb yaşlı uşaqlar soyuqdan, yayda isə istidən əziyyət çəkəcəklər. Ona görə məsələyə diqqət etmək lazımdır". Bunun ardınca isə millət vəkili Elmira Axundova da bu məsələyə toxunaraq məktəbli formalarının baha olması və uşaqlardan pul yığılması kimi məsələləri diqqət mərkəzinə çəkmişdi. Lakin tənqidə qarşı dözümsüzlüyü ilə seçilən F.Rəhimov o zaman da deputatların iradlarını rədd edərək bildirmişdi ki, belə ittihamların müəllifləri Bakı Tikiş Evinin işinə kölgə salmaq istəyirlər və özlərinin maraqlarından çıxış edirlər: "Biz bizneslə yox, keyfiyyətli istehsalla məşğul oluruq. Bu malın istehsalında bizim cəmi 5 faiz gəlirimiz olur. Heç bir bahalıqdan söhbət gedə bilməz. Biz xammalı Çindən deyil, Türkiyədən alıb gətiririk. Əgər bizim geyimlər keyfiyyətsizdirsə, onda niyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mallarımıza sertifikat verirdi? Bu sertifikatı bizim mallara elə-belə verməyiblər, dəfələrlə yoxlamalardan keçiblər. Hesab edirəm ki, Bakı Tikiş Evinin məhsullarının keyfiyyətsizliyi barədə deyilənlər boş-boş sözlərdir". Beləliklə də millət vəkillərinin iradlarını cəfəngiyyat adlandıran F.Rəhimov hər ehtimala qarşı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini də ona dəstək olmağa dəvət etmişdi.


Bir müddət sonra isə elə Bakı Tikiş Evinin təşəbüsü ilə də bir-iki "saxta" məktəbli forması istehsal edən sex aşkarlanmışdı. Lakin yayılan məlumatlarda Bakı Tikiş Evinin rəhbərliyini məhz həmin "aşkarlanmış" sexlərlə işbirliyində olması iddia olunur. Bəzi qaynaqlar belə bir fikir irəli sürdülər ki, bir müddət davam edən əməkdaşlığın sonunda Fədail Rəhimovla sex rəhbərliyi arasında maraq ziddiyyətlərinin yaranması bir tərəfdən və keyfiyyətsiz formalara görə məsuliyyətdən yaxa qurtarmaq zərurəti də digər tərəfdən F.Rəhimovu öz tərəfdaşlarını ələ vermək məcburiyyəti qarşısında qoymuşdu. Məhz bu səbəbdən də Tikiş Evinin öz tərəfdaşlarını cəzalandırdığı iddia olunur. Məhz bütün bu məlumatların analizi nəticəsində biz belə bir qənaətə gəlmişdik ki, Fədail Rəhimovun fabrikin keçmiş işçilərinə məxsus mənzillər ətrafında müxtəlif maxinasiyalara yol verməsi faktı artıq onun peşə fəaliyyətində də qüsursuz olmadığını düşünməyə ciddi əsaslar verir. Ola bilsin ki, məhz elə bu fikir də Fədail müəllimin qəzetimizə qarşı qərəzli mövqe nümayiş etdirməsinə səbəb olmuşdur. Biz etiraz etmirik. Hətta Fədail Rəhimovun bizi ciddi mətbuat orqanı kimi tanımamasına da razıyıq. Amma Nərminə Məmmədovanın ittihamları konkret faktlara əsaslanmışdır və bu problem hələ də öz həllini gözləyir.