BolgeXeber.Com » Xəbərlər » Xidmət sektorlarında çalışanların kobud rəftarı müştəriləri bezdirib…

Xidmət sektorlarında çalışanların kobud rəftarı müştəriləri bezdirib…

15-08-2015, 10:19
Oxunub: 2 753 Xidmət sektorlarında çalışanların kobud rəftarı müştəriləri bezdirib…Eyyub Hüseynov: “Onlar ən azından kurs, treninq keçməlidirlər”; Çingiz İsmayılov: “Bu sahədə bərbad vəziyyət təhsillə yox, ümumi mədəniyyət və tərbiyə ilə bağlıdır”

Hansısa ölkəyə səfər edərkən o ölkənin füsunkarlığı ilə yanaşı, insanların gülər üzlülüyü, mehribanlığı da insanları cəlb edir və bizi həmin yerlərə bir daha üz tutmağa vadar edir. Buradakı ofisiantların, satıcıların, mühafizəçilərin bir sözlə, xidmət sektorunda çalışan hər kəsin mehribanlığı, nəzakəti insanda xoş təəssürat yaradır.

Ancaq təəssüflər olsun ki, bu sözləri Azərbaycan haqda demək çətindir. Müştəri hansısa ərzaq mağazasında hansısa qidanın yerini və qiymətini soruşduqda satıcı həmin müştəriyə elə cavab verir ki, insan mağazaya girdiyinə və nəsə aldığına peşman olur. Restoran və kafelərə gəlincə isə, əksər vaxtda ofisiantların əlcəksiz, çirkli əllərlə müştərilərə qulluq etdiyinin şahidi oluruq. Müştəri ofisianta bunu irad tutduqda yenə kobud söz və ya davranışla qarşılaşır.
Ümumiyyətlə, Azərbaycanda istər ticarət, istərsə də xidmət obyektlərində müştəri məmnuniyyəti hər şeydən – obyekt sahibinin istəyindən, satıcıların davranışından sonra gəlir. Nəticə də göz qabağındadır. Müştərilər çox hallarda xidmətin, adi insani rəftarın onlara xoş gəlmədiyini bildirib bir dəfə getdikləri obyektlərə artıq ikinci dəfə getmirlər. Lakin görünür, bu cür vəziyyət obyekt sahiblərinin və həmin obyektlərin əməkdaşlarını elə də maraqlandırmır. Belə olmasaydı, obyekt açmazdan və ya əməkdaş işə götürməzdən əvvəl müştəri ilə davranış qaydaları haqqında heç olmasa, adi məlumatları öyrənərdilər.
Dünyanın əksər ölkələrində müştərilərlə davranış qaydaları barədə dövlət və qeyri-hökumət təşkilatları tərəfindən seminarlar təşkil edilir. Türkiyənin böyük şəhərlərində isə hətta bələdiyyələr bazar satıcılarını pulsuz seminarlara cəlb edərək onlara müştəri ilə necə davranmağı, həm də daha çox müştəri cəlb edib daha çox pul qazanmağın yollarını öyrədirlər. Ölkəmizdə isə, nəinki bazarlarda, hətta reklamları televiziya ekranlarından düşməyən brend ticarət mərkəzlərində, mağazalarda bundan xəbərsizdirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xidmət sektorunda çalışanların ən azından kurs keçmələrinin vacib olduğunu bildirdi: “Xidmət sektorunda çalışan insanlar ən azından kurs, treninq keçməlidir. Əlbəttə, bunun özəl səbəbləri də var. Azərbaycanda restoran, kafe biznesi çox təəssüf ki, ailə biznesi səviyyəsində deyil. Başqa ölkələrdə çox varlı insanların kafe işlətdiklərini və həmin sahibkarın özünün xəmir yoğurduğunu görmüşəm. Çünki onların biznesi ailə, dədə babadan gəlmə bir biznesdir. Ona görə də onlar öz brendlərini ayaq alta atmaq istəmirlər. Azərbaycanda isə bu sahədə böyük problemlər var. Keçən il mən Azərbaycanın bütün regionlarında, bu il isə Yardımlıda, Lerikdə monitorinqlər apardım. Keçən il siz deyən problemlərlə bağlı Hacıkənd istiqamətində demək olar, 50-ə yaxın restorana getdim. Göygöl başlayan yerdə məşhur bir restoran var. Hansı ki, insanlar o restoranda otura bilmək üçün növbəyə durur. Həmin restoranın birinci qab yuyulan yerinə getdim və gördüm ki, üst-başı çirkli qadınlar oturub, qablar isə üst-üstə yığılıb qalmışdı. 50-60 restoranın hamısında antisanitariya vəziyyəti hökm sürürdü. Bu kimi halların digər bir səbəbi budur ki, orada insanlar gündəlik pula işləyir. Ona görə də onlar çox şeyə diqqət etmirlər. Bu qayda dəyişilməli, antisanitariya yığışdırılmalıdır. Nisbətən yaxşı vəziyyəti Zaqatala istiqamətində gördüm. Lerik və Yardımlı istiqaməti də pis deyildi. Ümumilikdə isə Azərbaycanda restoran, çayxana biznesi qənaətbəxş deyil. Antisanitariya, işçilərin vətəndaşlarla kobud davranması haqqında hər gün bizə şikayətlər daxil olur. Xidmət sektorunda çalışan insanlar mütləq treninq keçməli və insanlarla davranış qaydalarını öyrənməlidir. Ancaq çox təəssüf ki, bunların heç birinə diqqət edən yoxdur”.
Qurum sədri xidmət sektorunda çalışanların vətəndaşlarla kobud rəftar etməsində onların aldıqları məvacibin azlığının da təsir etdiyini dedi. Onun sözlərinə görə, bəzən xidmət sektorlarında gündəlik pula işləyən məktəblilərə də rast gəlmək olur: “Mən şadlıq evlərinin çoxunda görmüşəm ki, orta məktəb şagirdləri ofisiant işləyir və necə hərəkət edir. İstehlakçı gərək ilk olaraq qab yuyulan yerə baxmalıdır ki, həmin yerdə antisanitariya olmasın. Həmçinin çox restoranda təhlükəli yeməklər təklif olunur. Bu yeməklər insanları zəhərləyə də bilər, Ümumiyyətlə Azərbaycanın kafe və restoranlarında yemək yemək artıq təhlükəlidir”.
Xidmət sektorundakı bərbad vəziyyətin turizmə də təsir etdiyini deyən turizm üzrə mütəxəssis Çingiz İsmayılov bu sahədəki vəziyyətin təhsillə yox, ümumi mədəniyyətlə əlaqəli olduğunu dedi: “Bu sektordakı bərbad vəziyyətin kökü təhsil deyil, bunun kökü ümumi mədəniyyətdir. Xidmət sektorunda çalışanların insanlarla gülərüz, mehriban rəftar etməsi üçün diplomun, təhsilin bir faydası yoxdur. Mən bu yaxınlarda Sosial Müdafiə Şöbəsinə getmişdim. Orada mənə kobud cavab verdilər. Düzdür, sonradan rəhbərlik çağırıb işçini tənbeh etdi. Bəzən rəhbər mədəni olsa da, adi işçilər mədəniyyətsiz olur. Onlarla danışmağın mənası yoxdur. Çünki mədəniyyət bu adamın içindən gəlməlidir. Servis xidməti təbii turizmə də çox böyük təsir edir.
Turist gəlib görür ki, gözəl binalar, ofislər, bir sözlə, hər şey infrastruktur baxımdan yüksək səviyyədədir. Ancaq həmin ofisdən içəri girəndə işçi elə danışır ki, o ofisdən içəri girmək istəmirsən. İşçilər 70-ci illərdə qalıb. Bu da hamıya təsir edir. Turistlər də gəlib bunu görür. Bizim psixologiyamız, mentalitetimiz mədəni baxımdan dəyişilməsə, yəni o ofislərə uyğun və tələblərə cavab verən işçilər olmasa, çox əcaib bir vəziyyət yaranar. Bu çox sistemli qüsurdur. Bu qüsurun qarşısını almaq üçün televiziyalarda kütləvi təbliğat aparmaq lazımdır. Televiziyalarda lazımsız əyləncələrin yerinə mənəvi dəyərləri əks etdirən vacib şeyləri təbliğ etmək lazımdır. Xidmət sektorunda çalışanların qüsurları ümumi mədəniyyət, tərbiyə ilə bağlıdır. Burada təhsilin, diplomun və ya məvacibin heç bir əhəmiyyəti yoxdur”.
musavat.com