BolgeXeber.Com » Gündəm » Həddən artıq yüklənən avtomobillərə qarşı reydlərə başlanıb

Həddən artıq yüklənən avtomobillərə qarşı reydlərə başlanıb

17-02-2012, 14:40
Oxunub: 4 118 Nəqliyyat Nazirliyi respublikanın yollarında yük avtomobillərinin həddən artıq yüklənməsinə qarşı ciddi tədbirlərə başlayıb.

Nazirliyini katibliyinin rəhbəri Namiq Həsənov Bolgexeber.com-a bildirib ki, artıq dünəndən nazirliyin əməkdaşları ölkənin bütün iri magistral yollarında ağırlıq həddini keçən avtomobillərin tapılmasına və sahiblərinin cəzalandırılmasına başlayıblar: “İri qabaritli nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalar var. Bu qaydaları pozanlar saxlanacaq və cərimə olunacaq. Bu zaman heç kimə və heç bir quruma güzəşt olmayacaq”.

N.Həsənov bildirib ki, nazirliyi belə radikal tədbirlər görməyə son vaxtlar həddən artıq yüklənmiş avtomobillərin yolları dağıtması vadar edib: «Böyük məbləğdə vəsaitlər sərf edilərək çəkilən və təmir edilən yollar dağıdılır. Yollarda tərəzilərin qoyulmasına baxmayaraq belə maşınlar hələ də hərəkət edir, qəzalar yaradır və yollara böyük zərər vururlar».

Katibliyin rəhbəri bildirib ki, budəfəki tədbirlər bütün hərəkət istiqamətlərini əhatə edəcək. Artıq Bakı-Qazax, Bakı-Quba, Bakı-Ələt-Astara və digər istiqamətlərdə tərəzilərin sayı artırılıb. Hazırda müxtəlif ərazilərdə 9 tərəzi quraşdırılıb və nəzarətin gücləndirilməsi üçün tərəzilərin sayı bundan sonra da artacaq. Nazirlik bir daha bütün nəqliyyat vasitələri sahiblərinə müraciət edərək, nəqliyyat vasitələrinin həddən artıq yüklənməsinə yol verməməyə çağırıb: “Bu tədbirlər bütün daşıyıcılara aiddir - həm daxili, həm də beynəlxalq avtomobillər yoxlanacaq və pozuntu baş versə, onlara qarşı tədbirlər görüləcək”.

Qeyd edək ki, bir qədər əvvəl İnzibati Xətalar Məcəlləsində təsdiqlənən dəyişikliklərə əsasən bundan sonra iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən normadan artıq yüklənməsinə görə günahkar olanlar əvvəlkindən 8-20 dəfə çox cərimə ödəməli olacaqlar. Dəyişikliklərdən sonra hüquqi şəxslərə məxsus olan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə - vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək miqdarda cərimə edilir. Fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə cərimənin məbləği isə 600-700 manat təşkil edir. Bu hərəkətə il ərzində təkrar yol verən fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla onlar 1000-1200 manat, vəzifəli şəxslər 1800-2000 manat, hüquqi şəxslər isə 5500 manatdan 6000 manatadək miqdarda cərimə ediləcək.