BolgeXeber.Com » Xəbərlər » "Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər - FOTOLAR

"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər - FOTOLAR

19-08-2015, 11:28
Oxunub: 3 076 "Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər - FOTOLARBir zamanlar ucuzluq deyəndə ağıllara "Sədərək" və "Binə" ticarət mərkəzləri gəlirdi

Manatın dəyərinin aşağıya düşməsi, Rusiyadakı iqtisadi durum ölkəmizə ciddi təsir göstərdi. Bazarlarda qiymət artımı yaşanmağa başlandı. Vətəndaşların onsuz da az olan gəlirləri, daha da aşağıya düşdü. Bu, öz növbəsində zəncirvari prosesi başlatdı. Devalvasiya hər kəsə öz təsirini göstərib. Əsasən də kasıb təbəqəyə, yəni ölkənin böyük hissəsinə...

Hazırda bazarlarda alıcılıq qabiliyyəti çox aşağıdır. Bir çox iş yerləri qapanıb. Marketlər iflasa uğrayıb və uğramaqda da davam edir. İşsizliyin artması, ailəyə gələn aylıq gəlirin azalması, dolayısı yolla büdcənin mümkün qədər sıxılması deməkdir. Bunu ən çox böyük ticarət mərkəzləri hiss edir.

Çünki vətəndaşlar gəlirlərini qənaətli şəkildə xərcləməyə məcbur qalıblar. Buna görə də, ən vacib ehtiyaclara pul xərcləyirlər. Bu zaman da alınacaq məhsulun ən ucuzunu axtarırlar.

Bir zamanlar ucuzluq deyəndə ağıllara "Sədərək" və "Binə" ticarət mərkəzləri gəlirdi. İnsanlar əsasən həftəsonları bu bazarlara üz tutaraq, alış-veriş edirdilər. İndi isə vəziyyət dəyişib.

Hər iki ticarət mərkəzi "çöküb": Satıcılar, sahibkarlar "qan ağlayırlar"

"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər

İlk olaraq "Binə" Ticarət Mərkəzinə üz tutduq. Buradakı vəziyyət çox acınacaqlıdır. Bir zamanlar burada dükan götürüb, işlətmək üçün sıraya dayanardılar. İndi isə hər 4 dükandan 3-ü boşdur. Boş olan dükanların qapısında "Satılır", "İcarəyə verilir" yazılmış elanlar var.

Alıcılıq qabiliyyəti demək olar ki, yoxdur. Dükan sahibləri çöldə stul qoyub, oturublar. Bir-biriləri ilə banklara olan borcları, icarə haqları barəsində danışırlar. Onlardan birinə yaxınlaşdım.

"Camaatda pul yoxdur, ona görə də, heç kim bazara gəlmir"

"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər

Azər adlı ayaqqabı satıcısı deyir ki, bankdan pul götürüb, mövsüm üçün ayaqqabı gətirib. Amma alıcı olmadığından batmaq üzrədir: "Mən uzun zamandır ki, ayaqqabı biznesi ilə məşğulam. Hər zaman da alverim normal olub. Burada 2, "Sədərək"də də 1 dükanım var idi. İndi buradakı dükanlarımdan birini bağlamışam. İkincini də bağlayacağam. Çünki alıcı yoxdur. Ayaqqabıları kimə satım? Bu problem təkcə məndə deyil. Hamıda belədir. Camaatda pul yoxdur. Ona görə də, heç kim bazara gəlmir".

"Alver? Hansı alver..?"

"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər

Ayaqqabı sırasından keçirik, paltar şöbəsinə... Burada da vəziyyət demək olar ki, eynidir. Yaxınlaşdığım ilk tacirə "Alver varmı? Necədir, vəziyyət..." deyə sual verdim. Cavab isə belə oldu: "Alver? Hansı alver? Mən uzun zamandır ki, onun "üzünü" görmürəm. Gəlib-getmir... Vəziyyət çox pisdir. Özün də görürsən. Sağımdakı dükan da, solumdakı dükan da boşdur. Dükan sahibi oranı icarəyə verməyə adam tapmır. Əvvəllər isə bu dükanı icarəyə götürmək üçün onu bezdirənlər var idi".

"Binə" Ticarət Mərkəzindən çıxıb, gedirik "Sədərək" Ticarət Mərkəzinə... Buradakı vəziyyət nisbətən daha yaxşıdır. Dükanlar tam boşalmayıb. Alıcılar da gözə dəyir. Lakin durum satıcıların ürəyincə deyil.

"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər

Asim Dadaşov vəziyyəti belə izah edir: "Mən 3 gündür ki, siftə etməmişəm. Elə gəlirəm-gedirəm. Boş yerə təpik döyürəm. Qazanc yoxdur".

- Bəs icarə haqqını necə ödəyirsiniz?

- Dükan sahibi güzəşt edir. Amma bazar güzəşt etmir. Hara qədər belə davam edəcəyimizi bilmirik.

İcarə haqqını ödəmək üçün taksi sürücüsü kimi işləyir

"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər

Söhbət zamanı digər bir ticarətçi də öz problemlərini danışmağa başladı: "Mən gördüyün o dükanı (əli ilə paltar, xırdavat dükanını göstərir - red) işlədirəm. İcarə haqqını ödəyə bilmədiyim üçün şəxsi maşınımı taksi kimi işlədirəm ki, 3-4 manat qazanıb, icarəni ödəyə bilim. Dükanı əlimdən qaçırmaq istəmirəm. Çünki hər şeyin düzələcəyinə ümidim var".

"Əvvəllər rayonlardan gələnlər olurdu. Böhrana görə, daha onlar da gəlmirlər"

"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər

Ticarət mərkəzindən çıxıb, taksiyə əyləşirik. Heç olmasa, bir dəfə buraya gələn vətəndaşlarımız bilərlər ki, taksilər tam müştəri yığmadan, hərəkət etmirlər. Mənim əyləşdiyim taksinin sürücü isə müştəri tapmadığı üçün gedəcəyim yerə 2 manata aparmalı oldu.

Sürücü deyir ki, ticarət mərkəzlərinə alış-veriş etmək üçün gələnlərin az olması, onlara da təsir edib: "Əvvəllər gündə azı 5-6 dəfə 4 nəfər götürüb, "20 Yanvar"a, "İnşaatçılar"a aparırdım. İndi gördüyün kimi, boş gedirəm. Çünki bazara gələn yoxdur. Taksidən istifadə edənlər əsasən yükü olanlar idi. İndi alı-veriş edənlər də az olduğu üçün biz də qazana bilmirik. Əvvəllər rayonlardan gələnlər olurdu. Böhrana görə daha onlar da gəlmirlər".
"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər - FOTOLAR
"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər - FOTOLAR
"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər - FOTOLAR
"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər - FOTOLAR
"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər - FOTOLAR
"Binə" və "Sədərək" boşalır: Satıcılar dükanları tərk edirlər - FOTOLAR