BolgeXeber.Com » Sosial » Daha bir rüşvətxor məmurumuz həbs olundu

Daha bir rüşvətxor məmurumuz həbs olundu

20-02-2012, 17:35
Oxunub: 4 882 Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsi cinayət başında həbs edildi.


Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumata görə, vətəndaş Ağayev Əlifağa Dədəkişi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, Xəzər rayonunda fəaliyyət göstərən özünə məxsus “Halal ərzaq” mağazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri tərəfindən aparılmış yoxlama zamanı əmək və əməyin mühafizəsi üzrə müəyyən edilmiş pozuntularla bağlı tərtib olunmuş protokola uyğun olaraq inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması üçün, həmin müfəttişliyin rəis müavini Dəmirov Teyyub Umud oğlunun ondan 1.500 manat rüşvət tələb etdiyini bildirib.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Dəmirov 18 fevral 2012-ci il tarixdə xidməti otağında Ə.Ağayevdən 1.500 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında tutulub.

T.Dəmirov həmin pulları prokurorluq əməkdaşlarına təqdim edib və hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. Həmin fakta görə başlanmış cinayət işi üzrə Teyyub Dəmirov Cinayət Məcəlləsinin rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.