BolgeXeber.Com » Xəbərlər » Fərhad və Rafiq Əliyev qardaşları Türkiyədə bizneslə məşğuldurlar

Fərhad və Rafiq Əliyev qardaşları Türkiyədə bizneslə məşğuldurlar

26-08-2015, 14:27
Oxunub: 3 062 Fərhad və Rafiq Əliyev qardaşları Türkiyədə bizneslə məşğuldurlar2013-cü ilin oktyabr ayında əfv edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev Türkiyədə böyük biznes layihələrinin gerçəkləşdirilməsinə başlayıblar

Modern.az etibarlı mənbəyə istinadən bildirir ki, Əliyev qardaşları Almaniyadan sığınacaq alsalar da, biznes layihələrini qardaş ölkədə həyata keçirməklə bağlı qərar veriblər.

Mənbə onu da bildirir ki, Fərhad Əliyev hətta Türkiyənin baş naziri Əhməd Davudoğlunun iqtisadi məsələlər üzrə qeyri-rəsmi məsləhətçisi kimi də fəaliyyət göstərir.

Bundan əlavə, Əliyev qardaşlarının prezident Rəcəb Tayyib Ərdoğana yaxın iş adamları ilə Türkiyədə iri biznes layihələrinin həyata keçirilməsində fəal iştirak etdiyi vurğulanır.

Sığınacaq alan qardaşlarına Türkiyədə belə isti münasibətə gəldikdə, mənbə qeyd edib ki, Rafiq Əliyev həbs edilməzdən əvvəl Azərbaycanda məşğul olduğu biznes ortaqlarının bir çoxu qardaş ölkə vətəndaşları olublar. Almaniyada sığınacaq aldıqdan sonra Türkiyədə biznes layihələrinə Əliyev qardaşlarının belə asanlıqla girişə bilmələrində məhz bu amilin başlıca rolu olduğu bildirilir.

Fərhad Əliyev 2001-ci ildə iqtisadi inkişaf naziri təyin olunub. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Rafiq Əliyev də 2005-ci ildə həbs olunub və məhkəmə onu 9 il azadlıqdan məhrum etmişdi.

Hər iki qardaş 2013-cü ilin oktyabr ayında prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar.