BolgeXeber.Com » Sosial » “Etdiklərimizin heç biri Xocalı yaralarını sağalda bilməz”

“Etdiklərimizin heç biri Xocalı yaralarını sağalda bilməz”

25-02-2012, 16:50
Oxunub: 4 217 Fevralın 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan "Dostluq parkı"nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Bolgexeber.com xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Heykəltəraş Natiq Əliyevin müəllifi olduğu abidə iki dərdli ananın - yaşlı və cavan qadının obrazını əks etdirir. "Xocalıya ədalət" kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının maliyyə dəstəyi, Sarayevonun Novi Qrad bələdiyyəsinin və Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin dəstəyi ilə reallaşan bu layihə Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində faciənin əsl mahiyyəti ilə bağlı həqiqətlərin təbliğinə xidmət edən mühüm hadisədir. "Bu abidə Azərbaycan ilə Bosniya və Herseqovinanın ağır günlərinin rəmzidir", - deyən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada gördüyü işləri yüksək qiymətləndirdi və öz xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.

Mərasimdə çıxış edən L. Əliyeva Bosniya və Herseqovinanın rəhbərliyinə, o cümlədən Azərbaycan xalqının kədərini bölüşən bu ölkənin xalqına minnətdarlığını bildirdi. L. Əliyeva 20 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımı nəticəsində 613 dinc sakinin qətlə yetirildiyini diqqətə çatdırdı: "Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur. Əfsuslar olsun ki, bu, dünyanın digər hissələri üçün də acınacaqlı nəticələr verib. Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir və insanlığa qarşı bu cinayət XX əsrin sonlarında, düz Avropanın kandarında törədilmişdir. Bu dəhşətli qətliam zamanı Xocalının 613 dinc sakini qətlə yetirilmişdir".

"Heydər Əliyev Fondu və "Xocalıya ədalət" kampaniyası Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoymuşdur", - deyən Leyla Əliyeva bildirdi ki, hazırda bu kampaniya dünyanın 50 ölkəsində həyata keçirilir və onun fəallarının yorulmaz əməyinin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri soyqırımı kimi tanınıb. Bundan əlavə, Xocalı dəhşətləri Meksika və Pakistan parlamentləri tərəfindən də soyqırımı kimi qəbul olunub.

Leyla Əliyeva kampaniya çərçivəsində Xocalı soyqırımına dair kitab, buklet, disklərin hazırlandığını, dünyanın hər yerində müxtəlif tədbirlərin həyata keçirildiyini bildirdi: "Bu gün etdiklərimizin heç biri Xocalı soyqırımının yaralarını sağalda bilməz. Bizim edə biləcəyimiz yalnız həmin dəhşətli tarixi yad etmək və qətliam zamanı öldürülən və ya ömürlük əlil olan uşaq, qadın və kişiləri unutmamaqdır".

Sonra Srebrenitsa və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra tədbir Dobrinya Təhsil Kompleksində davam edib.